107 DÜŞMƏNİ öldürüb, iki polkovnikini ƏSİR götürən XÜSUSİ TƏYİNATLI ŞƏHİDİMİZ

107 DÜŞMƏNİ öldürüb, iki polkovnikini ƏSİR götürən XÜSUSİ TƏYİNATLI ŞƏHİDİMİZ

2014-cü ilin avqust ayının əvvəlində düz 1 həftə evə gəlmədi. Evə gələndə isə baxdım ki, paltarları cırıq-cırıq, üst-başı qanlı, tozun içərisində. Onu heç vaxt belə görməmişdim. Yenə bizə heç nə demədi. Ona bir neçə gün tətil vermişdilər. Sonra dostları ilə telefon danışıqlarından anladım ki, Ağdam istiqamətində ön cəbhədə olub. Ermənilərin böyük bir blindajlarını partladıb, onları itkilərə məruz qoyub. Bir şəhidi belinə bağlayıb, sürüyə-sürüyə atəş bölgəsindən çıxarıb. Özünün döyüşçülərinin isə burnu belə qanamayıb. Çox uğurlu əməliyyat keçirib. Hətta bir neçə postu dağıdıblar. Və ön cəbhədə qalaraq 3 nəfər yaralını səngərdən gətirib keçirib. Bir neçə gün sonra isə Ai Baş Komandan İlham Əliyev özü onu təltif etdi.

Kəşfiyyatın tabor komandiri. Xidmət etdiyi dövrdə 107 erməni öldürüb, iki erməni polkovnikini isə əsir götürüb.

Uşaqların bu il 6 yaşları olacaq. Hər gün israrla atalarını soruşurdular. Pəncərədən boylanıb həyətə qara rəngli maşın gəldiyini görəndə sevincək deyirdilər ki, "Gəldi-gəldi... ata gəldi, lakin bir başqasının düşdüyünü görəndə, sualı sual dalınca yağdırırdılar ki, "bəs ata haradadır, niyə gəlmir? Niyə onun maşınından başqası düşür?”.

Suallarına cavab tapmaq üçün getdim psixoloqla məsləhətləşdim, dedilər ki, Allahdan, Tanrıdan danış, cənnətə getdiyini, atalarının bir qəhrəman olduğunu söylə, inandır. Bundan sonra xəyallar qurub, nağıllar danışdım, ən azı uşaqların ümidlərini qırdım... Ən azı bilirəm ki, elə ümidlə yaşamaq ağrısından qurtardım onları. İndi pəncərədən boylananda deyirlər ki, ata cənnətdədir. Sonra da sual edirlər ki,”ana bizi apar cənnətə atanın yanına”. Deyirəm ki, ora çox uzaqdır. Onda deyirlər ki, "ana bizi təyyarəyə mindir gedək cənnətə atanın yanına. O bura gəlmir, biz gedək də, axı darıxırıq ata üçün...

Cənnətin yolunun harada olduğunu soruşurlar məndən... dəfələrlə söhbətlərinə qulaq kəsilmişəm, öz aralarında cənnətə atalarının yanına getmək üçün plan cızırlar. Atasının 40-nı verib gələndən sonra, gecənin bir aləmində Vüqar ağlaya-ağlaya yuxudan durdu. Ağlamağını, qışqırmağını kəsə bilmirdik. Güclə sakitləşdirib soruşdum ki, nə olub? Yuxuda nəsə görmüsənmi?! Dedi ki, yuxusunda atasını görüb, atası yanından çıxıb gedib və deyib ki, mən daha qayıtmayacağam. Uşaq göz yaşları içərisində, hirslə, titrəyə-titrəyə soruşurdu ki, atam niyə bizdən küsüb gedib ki, niyə qayıtmır?! Bir dəfə də həyətdə qara rəngli bir maşın görüb gedib hərəsi bir təkərindən yapışıblar ki, atam bizi aparmağa gəlib. Bunları maşından aralayıb apardım. Yolda yenə yanlarından atasının maşınına oxşayan maşın keçdi. Anar dönüb Vüqara dedi ki, "ay qaqa, görürsənmi ata bizdən küsüb, keçib getdi, maşını saxlamadı ki, bizi də aparsın...”. Bax belə əzablar içərisindəyəm.

Həəəə... Qorxuram həyatdan. Bir il keçib, mən isə hələ də onu axtarıram... Evdə hər yerdə onun izləri var axı. Hara getsəm yanımdadır. Yemək yeyəndə də, iş görəndə də özümlə elə xəyal qururam ki, sanki Mühüd də yanımdadır.

Aprel Şəhidimiz Kapitan Mühüd Orucovun Xanımının xatirələrindən.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az