"20 Yanvarda xalqının səsinə hər kəsdən əvvəl səs verən də Heydər Əliyev oldu"


YAP Səbail rayon təşkilatının sədr müavini, politoloq Arzuman Muradlı Miq.Az-a açıqlamasında 20 Yanvar hadisələri haqqında danışaraq təəssüratlarını bölüşüb.

20 Yanvar hadisələri haqqında danışaraq milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirildiyini və ölkəmizin müstəqilliyi, suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu bildirdi:

"1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə o vaxtkı sovet rəhbərliyinin adi insanlıq xislətinə zidd olaraq, bütün qoşun növlərini səfərbər etməklə, güc nazirlərinin bilavasitə iştirakı ilə ittifaq dövlətinin müttəfiq bir subyekti olan Azərbaycan SSR-in paytaxtına irimiqyaslı hücum təşkil etməsi, nəticədə çox sayda dinc insanın qətlə yetirilməsi və yaralanması uşaqdan-böyüyə, qadından-qocaya hamını ayağa qaldırdı, nifrət və qəzəb adlı nəhəng bir tonqalı alovlandırdı.

20 Yanvar hadisələri zamanı Vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciə yalnız Azərbaycan xalqına deyil, insanlığa, humanizmə qarşı törədilən cinayət idi. Bu hadisələr Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda, xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, Vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut etdi."

Politoloq qeyd etdi ki, xalq o günlərdə böyük bir həqiqəti-həqiqi liderin meydanda olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə Heydər Əliyevin-- qüdrətli liderin yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. 20 Yanvar günündə xalqının səsinə hər kəsdən əvvəl səs verən də Heydər Əliyev oldu. Ümummilli lider 1990-cı il yanvarın 21-də oğlu, silahdaşı, o çətin günlərdə atasını bir an belə tək qoymayan İlham Əliyevlə birlikdə ölkəmizin Moskvadakı Daimi Nümayəndəliyinə gəldi, təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi:

"SSRİ-nin hələ hökm sürdüyü bir vaxtda belə bir addım, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi. Ulu öndər Heydər Əliyev və oğlu İlham Əliyev bununla, hər şeydən əvvəl, Vətən, xalq qarşısında vətəndaşlıq borclarını və milli mövqelərini nümayiş etdirdilər. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi – özü də imperiyanın mərkəzində, Moskvada.

Böyük siyasət və dövlət xadimi Heydər Əliyev az sonra Mixail Qorbaçovun 20 Yanvarla bağlı cinayətinə belə qiymət vermişdi: "Azərbaycan Respublikasının ali hakimiyyət orqanından tələb etməliyik ki, qısa müddətdə, yaxud heç olmasa növbəti sessiyada bu məsələ müzakirə olunsun. Yanvar hadisələrinə siyasi qiymət verilsin və bu hadisənin günahkarları - kim olursa-olsun, Qorbaçovdan tutmuş aşağı respublika rəhbərlərinə kimi, keçmiş, ya indiki - fərqi yoxdur, bu, xalqa qarşı cinayətdir, - cəzalandırılsın. Bir nəfəri öldürənə qanunlara görə ən yüksək cəza verirlər. Ancaq burada gör nə qədər adam həlak olubdur - bir nəfər günahkar meydana çıxmayıbdır. Bu qədər qanunsuzluğa, demokratiyanın bu qədər pozulmasına dözmək olmaz. Ona görə bu məsələyə biz özümüz siyasi qiymət verməliyik, respublikanın Ali hakimiyyət orqanından tələb etməliyik ki, buna baxsın və günahkarlar cəzalandırılsın”.

1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verildi. Heydər Əliyev hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə heç nədən çəkinmədən öz millətinin hüquqlarının müdafiəsinə qalxdığını sübut etdi. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi Azərbaycan rəhbərliyindən tələb edilirdi.

Ölkəmiz müstəqillik qazandıqdan sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı. 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi ilə bağlı kifayət qədər vaxtları və imkanları olsa da, istər Ayaz Mütəllibov iqtidarı, istərsə də AXC--Müsavat qaragüruhu bunu etmədi. Baxmayaraq ki, hadisəyə siyasi-hüquqi qiymətin verilməsi istiqamətində çox iş gömək olardı. Əksinə, onlar müxtəlif səthi qərarlar qəbul edə-edə və ya etdirə-etdirə həmin günün müsibətlərini xalqımıza unutdurmağa çalışdılar.

Yalnız ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 1994-cü ilin 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə ulu öndər Heydər Əliyev bu barədə deyirdi: "Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”.

Ulu öndərin 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı fərmanda həm də Milli Məclisə hadisəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunurdu. Bu qiymət xalqımızın müstəqillik yolunda çarpışmasının dolğun mənzərəsini əks etdirməli idi.

1994-cü il mart ayının 29-da ölkə parlamenti "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Beləliklə də 20 Yanvar faciəsi məhz Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini aldı.

20 Yanvar hadisələri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə yüksəldilər. Vətənin azadlığı, suverenliyi uğrunda özlərini qurban verən şəhidlərin xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır.
 
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az