Mikayıl Cabbarovun ən asan xidməti və yaxud it insanın dostudur...

Mikayıl Cabbarovun ən asan xidməti və yaxud it insanın dostudur...

Əri döymüş gəlini it də tutdu bir yandan... Yazıq müəllim, cəmiyyət bir tərəfdən döyür, cəmiyyətin övladları bir tərəfdən, rəhbərlik,  dövlət, valideyn bir tərəfdən. Yəni, az idi arıq-uruq, biri də çıxdı dabanı cırıq.

Söhbət Təhsil Nazirliyiylə "ASAN" xidmətin birgə layihəsi olan "Məktəblinin dostu" layihəsindən gedir. Rəhbərinin təhsillə heç bir əlaqəsi olmayan bu layihəyə əsasən heç bir pedaqoji təhsili olmayan, yalnız bir aylıq treninq keçmiş bir qrup adam məktəblərə nəzarətçi təyin olunub. Səhərlər hamıdan tez məktəbə gəlib, müəllimləri gülərüzlə, "sabahınız xeyir”lə, hətta öz doğma iş yerlərində "xoş gəlmisiniz”lə qarşılayan bu müşavirlərin kulisdəki, yəni pərdə arxasındakı fəaliyyətinin "işıqlı” tərəfləri  yavaş-yavaş üzə çıxır.

Onların fəaliyyəti yalnız şagirdləri qarabaqara təqib edib, gizlinə düşən kimi "hansı müəllimdən narazısız?”- deyə soruşmaqdı, əcəba bəs niyə?
Suala özümüz də cavab verək: Bütün bəzək-düzəyi kənara qoyub, sizə məntiqi tam çılpaqlığıyla, loru və sadə dillə çatdırsaq, bunları asanlıqla  "muzdlu casus" adlandıra bilərik. Bu adamların vəzifəsi yaxşı oxumayan, sinfin ən "bərkgedən" şagirdləriylə "dost" olmaq, onlardan müəllimlər haqqında "donos" toplamaqdır. Bəs məqsəd nədir? Yəni, doğrudanmı, dövlət öz büdcəsini şərləyib işdən uzaqlaşdırmaq istədiyi müəllimlərdən qoparılacaq beş-üç manatın hesabına doldurmaq istəyir və əgər belədirsə, bu qədər dolayı, bu qədər alçaldıcı və vicdansız yolu niyə seçib? Onsuz da müəllimlər şagird kimi parta arxasında oturub imtahan verməyə məcbur edilib, topladıqları bala əsasən onları işindən uzaqlaşdırmaq daha düzgün və ədalətli qərar olmazdımı?..

Və əgər təhsil nazirliyinin, dövlətin  belə pulu varsa, müəllimlərin fakültətiv məşğələlərinə, fərdi dərslərinə niyə göz dikir, yox əgər yoxdursa, "ASAN" xidmətin qoçularına bu maaşı niyə verir?!

Üstəgəl də bu adamlar artıq bir neçə məktəbdə narazılıq yaratmağa başlayıblar. Deyəsən, onlar öz vəzifəsini dəqiq başa düşməyib, elə bilirlər ki, Haqverdiyevin "Bomba" hekayəsindəki  "qorodovoy" kimi irəli getmək üçün mütləq bomba tapmalıdılar. 

Elə ona görə də şagirdlərdən toplanan donosa görə artıq "daxili nəzarət”ə  (?) xeyli müəllimin adı gedib, "şagirdlərə mənəvi və fiziki zorakılıq göstərmə "maddə"si ilə. Bu "maddə”yə əsasən müəllimi töhmət verilməkdən tutmuş işdən çıxarılmağa qədər cəza gözləyir. Əcəba, hansı fakta əsasən, hansı qanunla, hansı məcburiyyətdən?

Belə çıxır ki, üstündə "Asan” xidmətin etiketi olan  o uniformanı daşıyacaq hər kəs istədiyi, gözünə xoş görünməyən hər hansı bir müəllimə türkün sözü sudan səbəblərlə ölüm hokmü çıxara bilər? Və bu "məktəblinin dostu”nun nail olmaq istədiyi nədir, öyrədənlə öyrənən arasına niyə girir, şagirdlərin şəxsiyyətini qorumaq adıyla müəllimin şəxsiyyətini niyə alçaldır, xalqın balalarını satqınlığa niyə alışdırır? 

Belə çıxır ki, dərs oxumayıb yaxşı qiymət almaq istəyən, müəllimin köçürməsinə mane olduğu, danladığı hər bir şagird hissə qapılıb istədiyi müəllimi qurban seçə bilər. Heç bir fakta əsaslanmayan bu ittihama  görə müəllimi "mənəvi və fiziki zorakılıq" adıyla ləkələmək bu uniformalı qəhrəmanların yaşına, boyuna və ən əsası, səlahiyyətinə sığırmı?!

Və başqa tərəfdən Mikayıl Cabbarovun "ASAN" xidmətin köməyinə niyə ehtiyacı yaranıb? O, kimə inanmır, müəlliminəmi, direktorunamı, sisteminəmi?! Müəllimlərin fəaliyyətini nəzarətdə saxlamaq üçün dərs hissə müdirləri, direktor bəs eləmirmi, yoxsa sinif rəhbəri, psixoloq, uşaq təşkilatı, valideyn şurası və nəhayət, valideynin özü şagirdin dostu olmaq gücündə deyilmi?

Mikayıl müəllim, əgər cəmiyyətin güzgüsü olan məktəblərdə "daxili nəzarətə" ehtiyac duyursuzsa, deyək ki, vəziyyət heç də yaxşı deyil! Batan gəmidə heç kapitanın da taleyi ürəkaçan olmur...

Bizdən demək, onsuz da diaqnostik yoxlamalardan, kurikulum oyunlarından bezmiş müəllimlər işdən çıxıb evdə oturmağa hazırdırlar, qoy məsuliyyəti başqaları daşısın! Dərsləri də müəllimlərə ağıl öyrədən "məktəbli dost”ları keçsin. Əgər sizə, "suç keçiləri" lazımdırsa, müəllimlər buna da hazırdır!

O ki qaldı ədalətin divanına, öz müəlliminə güdükçü qoymuş cəmiyyətin sonu heç də yaxşı görünmür.
Hə bir də... məktəb millətin təhsil doktrinası olmalıdı, eksperiment yeri deyil.
Və ən nəhayət, bu cəmiyyətdə müəllimin də bir dostu olacaqmı?!

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az