İlham Əliyev 2 sərəncam imzaladı

İlham Əliyev 2 sərəncam imzaladı

Prezident İlham Əliyev "Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 iyun tarixli 2861 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Miq.Az xəbər verir ki, sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 iyun tarixli 2861 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 6, maddə 530; 2010, № 2, maddə 80; 2012, № 2, maddə 132, № 12, maddə 1295; 2014, № 2, maddə 112, № 5, maddə 477, № 11, maddə 1414; 2016, № 8, maddə 1384, № 9, maddə 1518) 1-ci hissəsi ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

"Komissiyanın həmsədri

Azərbaycan Respublikasının maliyyə naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri.”.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Səudiyyə Ərəbistanı Krallığı tərəfinə bildiriş göndərsin.

***

İlham Əliyev Astara rayonunun Ojakəran–Tüləküvan–Təngərüd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncamim imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Doqquz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Ojakəran–Tüləküvan–Təngərüd avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,4 milyon (üç milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az