Polkovnikdən bəzi nazirlərə MESAJ: "TƏCİLİ və TƏSİRLİ tədbirlər həyata keçirilsin"

Polkovnikdən bəzi nazirlərə MESAJ:

Əziz dostlar! Hörmətli həmkarlar!

Diqqətinizə çatdırmaq istədiyim məsələ ilə bağlı, ümid edirəm ki, müvafiq dövlət və hökumət qurumları, ələlxüsus da Ombudsman (İnsan Haqları üzrə Müvəkkil) aparatı da nəhayət ki, hərəkətə keçəcəklər. Bəzi vəzifəli şəxslərin qanunsuzluqlarının həm qarşısını alacaq, həm də vətəndaşların haqlı narazılıqlarına son qoyacaqlar. 

Azərbaycanda heç kim özünü Qanundan üstün saya bilməz və saymamalıdır. Hər şey Konstitusiya ilə tənzimlənir. Bunu mən Azərbaycanda qanunların keşiyində durmalı olan, lakin 11 il bundan öncə qanunlara saymazyana münasibət göstərən Baş prokuror Zakir Qaralova, həmçinin daxili işlər naziri general-polkovnik Ramil Usubova ölkədaxili bütün məhkəmə instansiyalarında sübut edə bilməsəm də, savadlı, zəhmətkeş, əziyyətlərindən hələ də tam çıxa bilmədiyim hüquqşünaslar vasitəsiylə Avropa İnsan Hüquqları Məhkəməsi vasitəsiylə 3 il bundan öncə nəhayət ki, sübut etməyə nail oldum. 

 
Baxıram, yenə bizim bəzi nazir və komitə sədrləri QANUNSUZLUQ etməkdə davam edirlər. Nə olsun ki, sən nazirsən və ya digər vəzifəli şəxssən.Sizin birbaşa borcunuz Azərbaycan dövlətinin və hökumətinin təmsilçiləri kimi ölkə vətəndaşlarının qanunla, Konstitusiya ilə təsbit olunan hüquq və azadlıqlarını həm təmin edəsiniz, həm də qoruyasınız. 

Yazdıqlarım birinci növbədə bəzi təcrübəsiz nazirlərə və komitə sədrlərinə aiddir. Ölkə başçısı Sizə etimad göstərib yüksək vəzifələrə təyin edib, amma siz ya bilərəkdən, ya da təyin olunduğunuz sahə üzrə bir çox məsələlərdə savadınızın, təcrübənizin yetərincə olmaması səbəbindən QEYRİ-QANUNİ göstərişlər və əmrlər verirsiniz. 
Faktlarla danışacağam.
 
1. Bərdənin A.Məmmədov küçəsi 1 ünvanında yaşayan Əliyev Mütəllim Fərman oğlunun bir ayağı amputasiya olunub. O, 2-ci qrup əlildir və 136 manat pensiya alırmış. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) əlillik dərəcəsinin 1-ci qrupa keçilməsi üçün müraciət edib. Lakin nazirlik nəinki onun işinə baxıb, aldığı pensiyanı da kəsib. Detallara varmayacağam. Ayağı amputasiya olan adamın, yəqin təzədən ayağının bərpa olunacağını düşünüb belə əcaib qərar qəbul edən vəzifəli şəxsə "eşq" olsun.

2. Müdafiə Nazirliyinin Beyləqan Hərbi Birləşməsində (döyüş şəraitində yerləşən hərbi hissədə) 1996-cı ildə xidməti vəzifələrinin icrası zamanı vəfat edən əsgər Ramin Əmrulla oğlu Ömərova hal-hazırda general-leytenant rütbəsində olan, o vaxt hərbi hissə komandiri olmuş hörmətli Nizam Osmanovun imzaladığı rəsmi məktuba-arayışa əsasən Şəhidlik adı verilmiş və adı çəkilən mərhum əsgərimiz Zaqatala rayonundakı Şəhidlər Xiyabanında yüksək səviyyədə dövlət hesabına dəfn edilmişdir. Şəhid atası kimi Zaqatala rayonu Yuxarı Tala kənd sakini Əmrulla Əhməd oğlu Ömərova 10 yanvar 2007-ci il tarixində ƏƏSMN-nin Zaqatala Rayon Şöbəsi tərəfindən 14 aprel 1997-ci il tarixində Şəhid Ailəsi kimi Vəsiqə №14278 verilmişdir. Üstündən 11 (on bir) il keçəndən sonra, heç bir MƏHKƏMƏ Qərarı və ya Qətnaməsi olmadan ƏƏSMN-nin keçmiş rəhbərliyinin ŞİFAHİ göstərişinə əsasən Şəhidlik üçün ailəyə verilən müavinatlar qeyri-qanuni dayandırılmışdır. Vaxtınızı çox almamaq üçün yenə detallara varmayacağam. 

 Şəhid ANASI

Qanun nə deyir? "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.12-ci maddəsinə əsasən Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.

Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin I hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

 ŞƏHİD ÖVLADLARI

İndi mən sadəcə nümünə kimi 2 konkret misalı göstərdim. Bəri başdan bəyan edirəm ki, yazdıqlarıma da başımla cavabdehlik daşıyıram. Əlaqədar dövlət və hökumət qurumlarından təkidlə xahiş edirəm ki, yuxarıda sadaladığım və buna bənzər YÜZLƏRLƏ qanunsuzluğun aradan qaldırılması üçün TƏCİLİ və TƏSİRLİ tədbirlər həyata keçirilsin. Əks təqdirdə, yenə Vətəndaşlarımız bəzi savadsız və özündənrazı, təkəbbürlü məmurlara, nazir və ya komitə sədrlərinə görə davamlı şəkildə Prezident Adminstrasiyasına, Nazirlər Kabinetinə, digər qurumlara müraciət etmək, qəbullara gedib-gəlmək, bəzi hallarda ədalətli, bəzən ədalətsiz qərarlar eşitməkdən azad olarlar. 

Bir qədər geniş yazdım, amma hesab edirəm ki, ətraflı izah üçün bu çox vacib idi.
Allah Şəhidlərimizə rəhmət eləsin!

Məmurlarımıza da Azərbaycan Konstitusiyasına, Qanunlarına tam şəkildə əməl etməyi arzulayıram!

Üzeyir Cəfərov 
hərbi ekspert, ehtiyatda olan olan polkovnik-leytenant 




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az