İlham Əliyev 5 sərəncam, 3 fərman imzaladı

İlham Əliyev 5 sərəncam, 3 fərman imzaladı
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İqor Ponomaryovun "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Miq.Az sərəncamın mətnini təqdim edir:

"Azərbaycan Respublikasında idmanın inkişafında xidmətlərinə görə İqor Anatolyeviç Ponomaryov "Şöhrət” ordeni ilə təltif edilsin”.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan idmançılarının XXXII Yay Olimpiya Oyunlarına və XVI Yay Paralimpiya Oyunlarına hazırlığının və Oyunlarda iştirakının təmin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Milli Paralimpiya Komitəsinin təqdim edəcəkləri xüsusi proqramlara əsasən milli yığma komandaların XXXII Yay Olimpiya Oyunlarına və XVI Yay Paralimpiya Oyunlarına hazırlığı mərhələsində təlim-məşq toplanışlarının keçirilməsini, idmançıların rəsmi beynəlxalq yarışlarda iştirakını, ölkədə lisenziya yarışlarının təşkilini, Azərbaycan nümayəndə heyətinin Olimpiya Oyunlarında və Paralimpiya Oyunlarında iştirakını, eləcə də digər tədbirlərin həyata keçirilməsini təmin etsin;

1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:

Komissiyanın sədri

Əli Əsədov – Azərbaycan Respublikasının Baş Naziri

Komissiyanın üzvləri

Əli Əhmədov – Azərbaycan Respublikası Baş Nazirinin müavini

Ramiz Mehdiyev – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Əbülfəs Qarayev – Azərbaycan Respublikasının Mədəniyyət naziri

Oqtay Şirəliyev – Azərbaycan Respublikasının Səhiyyə naziri

Ceyhun Bayramov – Azərbaycan Respublikasının Təhsil naziri

Anar Quliyev – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

İbrahim Quliyev – Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti

İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti

İsmayıl Hacıyev – Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri

Fərhad Bədəlbəyli – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru

Ömər Eldarov – Azərbaycan Rəssamlıq Akademiyasının rektoru

Siyavuş Kərimi – Azərbaycan Milli Konservatoriyasının rektoru

Əhliman Əmiraslanov – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü

Abel Məhərrəmov – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü

Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri

Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri

Məhərrəm Qasımlı – Azərbaycan Aşıqlar Birliyinin sədri

Çingiz Abdullayev – Azərbaycan Yazıçılar Birliyinin katibi

Cəlal Abbasov – Azərbaycan Bəstəkarlar İttifaqının katibi

Natiq Əliyev – Xalq rəssamı

Mövlud Süleymanlı – Xalq yazıçısı.

2. "Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 aprel tarixli 26 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 4, maddə 703) 1-ci hissəsi ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İsrafil Qurbanovun 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə İsrafil Mirzəhməd oğlu Qurbanov 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Tahir Rzayevin "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Tahir Musa oğlu Rzayev "Şöhrət” ordeni ilə təltif edilsin”.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sabir İlyasovun 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikasında mülki aviasiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Sabir Gülmirzə oğlu İlyasov 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin”.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 540; 2013, № 12, maddə 1552; 2014, № 1, maddə 14; 2015, № 6, maddə 699; 2016, № 9, maddə 1487, № 10, maddə 1626; 2017, № 12 (I kitab), maddə 2333; 2018, № 7 (I kitab), maddə 1487; 2019, № 6, maddə 1031) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.1.43-3-cü yarımbənd əlavə edilsin:

"3.1.43-3. gömrük sərhədini keçən fiziki şəxslər barədə gömrük qanunvericiliyinin pozulmasına dair əməliyyat məlumatı olduqda həmin məlumatları, habelə gömrük qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə son bir il ərzində barəsində inzibati tənbeh tətbiq edilən və ibtidai istintaqı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən aparılan cinayətlərə görə məhkumluğu olan şəxslər barədə məlumatları "Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil etmək və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunu dəyişdirmək;”.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında” 2018-ci il 25 may tarixli 95 nömrəli Fərmanında və "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2019-cu il 30 may tarixli 1212 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. "Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 may tarixli 95 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 963; 2019, № 3, maddə 415) 4-cü hissəsi aşağıdakı redaksiyada verilsin:

"4. Xidmətdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

4.1. Azərbaycan Respublikasının Prezidentinə:

4.1.1. bu Fərmanın 4.2-ci və 4.3-cü bəndlərində qeyd edilənlər istisna olunmaqla, "Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli;

4.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə:

4.2.1. Xidmətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Xidmətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi;

4.3. Xidmətə:

4.3.1. inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;

4.3.2. işçilərin əməkhaqlarının (o cümlədən əməkhaqqına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi.”.

2. "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 may tarixli 1212 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 932) 1-ci hissəsində "Vergilər Nazirliyi” sözləri "İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az