4 noyabr 1972-ci il! Maraqlıdır, eləmi, bu nə tarixdir belə?

4 noyabr 1972-ci il! Maraqlıdır, eləmi, bu nə tarixdir belə?

  Aydın Canıyev
 

Narahat olmayın: nə təyyarə qaçırılmasıdı, nə pambıq tarlalarında zəhmətkeşlərin kütləvi zəhərlənməsi baş verib, nə neft buruqlarında qəza olub, adam ölüb, nə Azərbaycan keçici qırmızı baydaq alıb, nə Qəbələ RLS-də faciə baş verib, nə Lənkəranı sel aparıb, nə Daşkəsəndə uçqun olub, nə Kəlbəcərdə, nə Laçında mal-qara sürüsü oğurlanıb, nə Ağdaşda, Ağsuda, İmişlidə quraqlıqdan məhsul tələf olub, nə Sumqayıtda kimya zavodlarından toksik maddələr atmosferə sızıb, nə SDK-da, nə Astarada, nə Biləsuvarda, nə Yardımlıda sərhəd pozulub, nə Xankəndində, nə Şuşada, nə Ağdamda ermənilər qətliam törədib, nə kiminsə arvadı qaçırılıb, nə kiminsə qızı zorlanıb, nə kimsə arvadını döyüb, nə kimsə Məmməd Əmini təhqir edib, nə dövlət əmlakının külli miqdarda hansısa nazir tərəfindən yağmalanması üzə çıxıb, nə qanunsuz silahlı birləşmə hansısa əməliyyatla zərərsizləşdirilib, nə gömrükdə 3 ton narkotik maddə ələ keçirilib, nə kimsə vəzifəyə təyin olunub, nə pambıq, nə üzüm istehsalı bir milyon tona çatıb, nə hansısa bir dahi dünyaya gəlib!

Yox amma... Azərbaycan olmasa da, Gəncə oxucusu və Allah bilib ki, bu dünyaya bu gündən etibarən bir 13 yaşında oğlan jurnalist kimi dünyaya gəldi, jurnalistlliyə başladı və mütləq də jurnalist olacaq!
Həmin o 4 noyabr 1972-ci ildə yazısı çıxan oğlan İlqar Musa oğlu Həsənovdur! Məktəbdəki tədbirdən yazdığı yazını veriblər "Kirovabad kommunisti" qəzetində!
Mən öz payıma deyirəm: yerli "Leninçi" qəzetinə bəlkə də 100 yazı göndərmişdim: məktəbdəki tədbirdən, disputlardan, kitabxanada keçirilən müzakirələrdən, rayondakı qiraət müsabiqələrindən, nə bilim, sovxozdakı məhsul bayramından... "na tebe"... Şəkər Aslan dərc edəcək. Hələ Şəkər Aslan yetimçiliklə böyüyən uşaq olmuşdu, böyür-başına yığdıqları da, oturub-durduqları da həmçinin. Bir-iki ləyaqətli imza olmasaydı, o 10 ədəd xəbərim də dərc olunmazdı. Hətta oracan ki, ay Şəkər müəllim, bu yazılar bu qəzetdə dərc olunub, arayış verin ki, mənə məxsusdu, qayıdasan ki, oğul, mən arayış verə bilmərəm, bir də ki, heç mən də jurnalistikanı qurtarmamışam, sən get APİ-yə gir, sonra istəsən gedib jurnalist olarsan, - deməyinə heyrət etməyə bilmədim. Yaxşı ki, Xudaverdi Cavadovla rastlaşdım, yaxşı ki, Etibar Əhədov radionun redaktoruydu, qəzetdə dərc olunmuş yazılarımı radioda getmiş kimi təsdiqlədi, arayışı verdi!
Düzdür, indi şəkərpərəstlər dillənib deyəcək ki, rəhmətə gedib, yazmaq düz deyil, amma Şəkər rəhmətə gedib, Hacı Etibar Əhədov ki Xudaverdi Cavadovla durur, sağdırlar və onlar da bilir ki, bunu qəbul olunan kimi gəlib redaksiyada özünə də demişəm!

Bu məqamı niyə vurğuladım?
Bax, həmin o 13 yaşlı oğlan var e, indi hörmətlə İlqar Musayeviç çağırırıq, o məktəbdəki tədbirdən yazdığı yazı çıxandan sonra gəlir redaksiyaya. Rəfiqə Sadıqovanın yanına:
- Rəfiqə xanım, məni fabriklərə, zavodlara göndərin, yazı hazırlayım!
Sizcə, Rəfiqə xanım ona nə deyib?

Götürüb birbaşa göndərib süd kombinatına: bir az əvvəl qəzetin müxbiri Şanxay Verdiyevi qapıdan qaytaran Natiq Quliyevin qəbuluna!
Şəkər Aslan olsaydı, deyərdi, get burnunun fırtığını sil, amma Rəfiqə xanım deməyib və "buyur, cəngavər, bu söz meydanı, bu da sənin qələmin", - deyərək yola salıb!
Nəticəni bilməyə tələsməyin, qoy burasını deyim, sonra.
Qəzetin redaktoru kim olsa, yaxşıdır?

Şəkər Aslandan fərqli olaraq, arxalı-ətraflı, Aşıq Şəmşirin kürəkəni, Ədürrəhman Vəzirovla həm komsomolda, həm də Kirovabad Şəhər Partiya Komitəsində işlədyi vaxtdan dost olan Zahid İsmayılov. 
O dövrü xatırlayanların yadına gələr, Zahid müəllim sonralar Əli Bayramlıda (indiki Şirvan) "İşıq" qəzetinin redaktoru olub, Əbdürrəhman Vəzirov ölkəyə rəhbər gələndə isə Kəlbəcərə birinci katib göndərilib. İlqar Musayeviçin diliylə bu gözəl insana həm də ona görə rəhmət diləyək ki, universitetə qəbula gələndə zəmanət-xasiyyətnaməni də İlqar Musayeviçə Zahid müəllim verib. İndi bir də qayıdaq redaksiyaya. 

Həə, həmin o məktəbdəki tədbirdən sonra iddia ortaya qoyub o 13 yaşında oğlan! Sübut edib ki, a kişilər, a möhtərəmlər, a mənsəb yiyələri, mən qəzetdə imza üçün yazmamışam e, sinif yoldaşlarımın qabağında şellənim. Mən jurnalist olmaq üçün yazmışam. İndikilər bilməz, amma axı ondakılar bilirdi ki, məktəbdəki tədbirdən olan yazıda nə istedad fısqıracaqsan ki, həmən də sənin istedadını, jurnalist olma ehtimalını etiraf eləsinlər?

Amma İlqar Musayeviç bunu həmən də nümayiş etdirib!

İlqar Musayeviç həmin gün böyük qardaşı İlhamın dərsdən çıxmağını gözləyir və onunla gedir süd kombinatına. Ələm-yesir edir kombinatın gözətçisindən növbətçisinə, məsul şəxsindən ta direktoruna qədər, axır ki, düşür qəbula.

Natiq Quliyev də baxır ki, boynunda pioner qalstuku olan bu oğlan dirəşib ki, mən "Kirovabad kommunisti" üçün yazı yazmağa gəlmişəm. Allah rəhmət eləsin, adamdı da, fikirləşib ki, uşaqdı, qoy gəzsin kombinatı, komsomol katibi Aybəniz xanımı çağırır, deyir ki, apar bunu gəzdir kombinata, kömək elə, gör nə istəyir!
Aybəniz xanımın "suallarını ver" deməsinə nə sual verəcək ki, İlqar Musayeviç? Aybəniz xanım sexləri gəzdirə-gəzdirə başlayır danışmağa və yola salanda da 20 ədəd dondurma verir.
İlqar Musayeviç o dondurmaların yarısını həyətdə dostlarına, qalanını da sinif yoldaşlarına paylayır - bu adətini bu gün də tərgitməyib: son tikəsinəcən dostlarla, doğmalarla bölüşür!
Səhər isə Aybəniz xanımın danışdıqlarını səliqə ilə yazıb aparır redaksiyaya. Rəfiqə xanım inanmaq istəmir. Amma sonda məlum olur ki, İlqar Musayeviçi direktor şəxsən qəbul edib!
O bu... İlqar Musayeviç 46 ildir yazır!

46 il qabaq yazılmış sıravi bir yazı dəyərli bir imzanı və insanı bizə gətirən nöqtədi! Mənbəyidi yaşantılarımızın İlqar Musayeviç adında şərəfinin!
Əziz baş redaktorlar, media yetkililəri, bacarırsınızsa, Zahid İsmayılov olun, Rəfiqə Sadıqova olun!
Əziz idarə, müəssisə, təşkilat rəhbərləri, bacarırsınızsa, Natiq Quliyev olun!
Sizi mənsəbinizlə, sərvətinizlə heç kim xatırlamayacaq, sizi İlqar Musayeviç kimi naturaca gözəl insanlar yaşadacaq - məclislərində, yazılarında, kitablarında, dostlara danışdığı xeyirxahlıqlarınızda... insanlıq yaşadıqca, yaşayacaqsınız!

Bugün jurnalistikada kifayət qədər imzalar var: hallı-mallı, vəzifəli, sərvətli, ancaq... üç-beş nəfərdən başqa, heç kimin ilk yazısının tarixindən yazmaram - boynuma ilan da salsanız!
Bəli, əziz həmkarlar, həyatda təxminən 50 il İlqar Musayeviç kimi olmağı bacarmaq da bir kişilikdi, sənətkarlıqdı, bunu da sizlər bacarın - hər zaman Zahid müəllimlər, Natiq məllimlər, Rəfiqə xanımlar olub, var, olacaq - Lənkəranda olmasa da, Astarada olacaq Əhəd Muxtar kimi, Tovuzda olacaq Musa Musayev kimi, nə bilim, Şuşada olacaq, Zaqatalada olacaq! Axır ki, olacaq!
Siz də vicdanlı olun, həm ilk yazılarınıza, həm də o yazıya həyat vermiş insanlara dəyər verin!
İlqar Musayeviç olmağı da bacarmaq şərtiylə!

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az