A kəndim, sən məni şəhərdən qoru

  A kəndim, sən məni şəhərdən qoru
 
                                     (Sabir Rüstəmxanlının "Ələk” şeirinə)
Bu şəhər içində çiçəyə həsrət
yarpağı pörşəlmiş nar ağacıyam.
Bu şəhər içində gözləri dolmuş
uşağam nəvaziş,sevinc acıyam.
 
Bu şəhər içində tək-tənha olmaq.
evsiz olmaqdan da betərmiş demə;
Taleyin ahımı, bəxt qarğışımı?
Ehtiyac yol üstə bitərmiş demə.
 
Sözün bərəkəti çəkilib gedir,
Duzun bərəkəti çəkilib gedir,
Ağaclar həsrətli yaşıl yağmura,
Yazın bərəkəti çəkilib gedir.
 
Bu şəhər içində torpaqdan uzaq,
Ağaclardan uzaq, yarpaqdan uzaq,
Yarğan-küçələrin gur yığnağında,
Dərə-idarələr boğanağında,
Yaxşıyla yamanın dar sınağında.
Adını qorumaq al-ver odundan.
Böhtandan, yad ruhdan yaşınmaq çətin.
Şəst ilə əlini vurub döşünə.
Kişilər adından danışmaq çətin.
 
Bu şəhər bir qəfəs, hər ev bir qutu,
Çiynində gəzdirir öz tabutunu.
Bu şəhər and yeri, etibar yeri.
Desəm də yalandır, ələyə möhtac.
...A kəndim, sən məni şəhərdən qoru!
 
Elşən DAĞLAR

 




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az