ALÇAq ALÇA, DEPUTAT Siyavuş Novruzov, SÜRÜCÜ Namiq və... gözəlim AZƏRBAYCAN

ALÇAq ALÇA, DEPUTAT Siyavuş Novruzov, SÜRÜCÜ Namiq və... gözəlim AZƏRBAYCAN
Aydın Caniyev 

Tarixilik, türklük tiranlıq və təcavüz təpkisində

Həftə Stalinin ölüm günüylə - 5 martla bitib Məmməd Əmin Rəsulzadənin anım günüylə yeni mərhələyə başladı: simvolik və mistik alt və üstyapılarla başın-ayağın qaydaya, üzün-gözün sahmana salıb 8 marta da bir qəşəng don biçməklə üzü yaza hıqqanmaq olardı. Çünki biz əslində də yaşam üçün hıqqanmaqdayıq. Buna da şükür, - deməklə və baxmayaraq ki, "ömür deyir qocalmışam, ürək deyir yaşa hələ" inadındayıq. Hər şey inada - artıq üzə dururuq. Pensiya yaşımızı da gətirib 65-ə çatdırdılar. Sağ olsunlar - ironiyasız deyirəm. Çünki mən hay-həşir salanlardan fərqli olaraq, hesab edirəm ki, biz 65 yaşımıza çatanda bu ölkə o qədər gözəl olacaq ki, o qədər gözəl işlərdə işləyəcəyik ki, indi işsiz qaldığımız illərin də əvəzinə işləməkdə davam etmək istəyəcəyik və... təəssüflər olsun ki, biz istəmədən pensiyaya getməli olacağıq. Çünki o Azərbaycanda - bizim 65 yaşa çatdığımız Azərbaycanda qanun hamı üçün olacaq, day indiki kimi 65 yaşlı müəllimi işdən çıxarıb, 65 yaşlı pensyaçı generalı yenidən nazir müşaviri təyin etməyə bir kimsədə cəsarət olmayacaq! Amma və lakin... mən həm də bu günün acısını yaşayan adamam və 62 yaşlı müəllimini (Sahib Rüstəmli, Sabirabad ) çölə atan, dilinə və milliliyinə çoxdan nifrət etdiyini dilə gətirən, tər xiyar əvəzinə ona duzlu xiyar yedizdirən, üstəlik də "yesən də mənəm, yeməsən də mənəm" iddiası sərgiləyən  82 yaşlı baş naziri (Artur Rasizadə, - ?) hər gün həzm etmək zorundayam.

BİRDƏN-BİRƏ İKİ HAŞİYƏ:

"Kommunist" qəzetinin redaktoru Ramiz Əhmədov (onda baş redaktor statusu yox idi - A.C.) işə başlayan kimi üstünlüyü gənc kadrlara verir və hər yerdən yığıb formalaşdırdığı o komandanın üzvləri indi Azərbaycan mətbuatının önəmli simalarıdır - Məzahir Süleymanzadə, Şakir Yaqubov, Bəxtiyar Sadıqov, (çoxdular - A.C.), Zülfüqar Əhmədzadə, Vahid Əzizov... Arada kimsə Ramiz müəllimin bu mərhəmətindən və "zəif damarı"ndan sui-istifadə üçün deyir ki, bu qocaları neynirsiniz saxlayıb, onları da gənclərlə əvəz edin - yəni birbaşa olmasa da, dolayısıyla "burcudurlar". Ramiz müəllim kəskin şəkildə acılayır və deyir: "Özünüz gəlib Hacı Həsənovun, Kazım Ələkbərovun (və başqalarının) yaşına çatarsınız, onda deyərsiniz. Onların getməyə qəzetdən başqa yerləri yoxdur".
Mən heç vaxt yaşlı adamların işsiz saxlanmasını qəbul etməmişəm! 20 yaşında güclü, 30 yaşında cavan, 40 yaşında pullu, 50 yaşında ahıl omaq asan məsələdi, əsas odu ki, qocalanda at belində olasan! Mental dəyərləri nəzərə almaq lazımdı və millətin totemlərini, tabularını qırmaq düz deyil - ingilisin, fransızın dalına düşüb onun bu gün yaşadığı kimi yaşamaq istəyi doğru deyil, özgürlük deyil və həm də mümkün deyil - çünki ingilis, alman, fransız kimi yaşamaq istəyən adam sonda onsuz da ən azından arvadına, qızına "ingilis, alman, fransız" gözüylə baxmaz, baxa bilməz, baxmamağa məhkum olacaq, hələ mən iqtisadi-siyasi təfəkkür tərzini demirəm! Mübahisə olmasın deyə, keçirəm ikinci haşiyəyə.

İKİNCİ HAŞİYƏ: 8 martda və ondan bir gün öncə sosial şəbəkələrdəki təbəddülatlara şahidlik edəndə, qəribə şəkildə eyməndim, üşəndim, ətraf mənə çöçün gəldi! Xanımına - qızına, anasına, bacısına, sevgilisinə bir dəstə gülmü, bir ətirmi, bir dəst paltarmı, hər nəsə də, hədiyyə almaqdan vaz keçən, səbəbini Klarada, Rozada, nə bilim daha kimdə axtarmaqla imtina edən əməlli-başlı mütəşəkkil dəstə vardı! Bu təbəqə millilik aşiqləriymiş - 23 fevrala bir quş, 8 marta da iki quş.
Və bu adamlar, bayram narazıları Qarabağ almaqdan danışır, demokratik ölkə qurmaqdan danışır, dünyəvi dəyərlərdən danışır, dini inancları lağa qoyur, burda özlərini, BMT-də siyasi dədələrini favorit bilirlər.
Sual vermək olardı - siz hansı milli günü yaratdınız? Gül dükanlarından bir dəstə gül almağı bacarmayanlar, düşmənin yeddi nəhənglə birləşib işğal etdiyi torpağı hansı təfəkkürlə, idimlə alacaqsınız? Sizmisiz torpağı işğaldan, hakimiyyəti YAP-dan ala biləcəklər?
Siz bir dəstə güldən keçə bilmirsiniz... bunu başa düşdük, ikicə sözü deməyi və yazmağı artıq bilirsiniz - özü də kimə kimə, doğmalarınıza, yaxınlarınıza, sizi sevənlərə. İnsaın içində-düşüncəsində hədiyyə etməklik olmalıdı, bayram bəhnəsi olmalıdı! Səbəb yoxdusada, bəhanə tapmalıdı!
Bu, təfəkkürdür! Hər şey isə təfəkkürdən başlayır.

İZAH EDİRƏM: 1998-ci ildə Moskva məhkəmələrinin birində hakim vardı: Qaydamaka. Sözarası deyim ki, "ğaydə məkə" talışca "qanuna əməl eləmə" deməkdi. Bir azərbaycanlını-yerlimi saxta qeydiyyat üstündə ittiham edirdi. Jurnalist kimi onunla danışdım və görüşə razılıq aldım. Bir dəstə gül ilə getdim. Girən kimi acıqla soruşdu ki, niyə mənə gül gətiribsən? "Gül yeganə təmənnasız hədiyyədir, çünki o sabah solacaq və siz onu atacaqsınız, mənim sizdən heç bir təmənnam yoxdur. Bura isə onun üçün gül ilə gəlmişəm ki, biləsiniz, sizin soyadınız ittiham etdiyiniz şəxsin ana dilində "qanuna əməl etmə" deməkdir... çalışın soyadınızın mənasını bilən birinə bunu tətbiq edin..."
Qaydamaka - əməl... elədi! 

SÖZARASI: Həllac Mənsurun şəyirdlərindən biri əlinə su tökərkən, xahiş edir ki, onu ölkə şahı eləsin. Həllac Mənsur bir müddət keçəndən sonra şəyirdinin israrlı yalvarışlarına xatir razılıq verir və şərt kəsir: mənim səndən cəmi bir istəyim olacaq, nə qazansan, şərikik. Şəyird razılaşır. Və günlərin bir günü...
Şəyird-şah ölkələrdən qənimətlər əldə edir, torpaqlar zəbt edir, mülklər tikdirir, hər dəfə də şərik etmək istəyəndə, Həllac Mənsur imtina edir. Bir gün də şəyird-şahın oğlu olur. Həllac Mənsur gəlir şəyird-şahın hüzuruna və uşağın yarısını istəyir. Əvvəlcə çox mədəni şəkildə "axı, o mənim oğlumdur", - deyə etiraz edir, sonra bir az sərt şəkildə "yox" deyir, sonda hirslənəndə, Həllac Mənsur çiynindən vurur şəyirdinin və deyir: "Sən hətta xəyalında belə şah ola, dediyin sözü tuta bilmədin!"

Təfəkkür və yaşam tərzi fəlsəfədi - bu fəlsəfəyə hətta düşüncələrində belə hazır olmayanların narazılıqları ilə bağlı nəsə edə biləcəyi mümkünsüzdür!
Digər tərəfdən, xalqın narazı təbəqəsi ilə həmişə hesablaşmaq düz deyil - tarix sübut edib, edir və edəcək də ki, hakimiyyətə asilər əksər hallarda kütlə təfəkkürüylə qiyama qalxır. Yəni... ingilisin, amerikalının, rusun barmağının onun harasında olmasının fərqində olmur və bir də ayılır ki, vətən əldən gedib, amma bu... maaş, güzəran, sosial rifah davası döydüyü zənnindəymiş. Təəssüflər olsun ki, Azərbaycanda bu barmaqların olmasını zəruri edən həm də və doğrudan da sosial problemlər, iqtisadi çətinlik, insan haqları və hüquqi nihilizmdir. Düşünməyə yer də saxlamırlar ki, ölkədə gərginlik səngiməsin deyə, bir xaos var siyasi elitada. Səlahiyyət sahibləri ağlına və ağzına gələni danışmaqla XARİCİ QÜVVƏLƏRİN TƏHLÜKƏDƏ VƏ TƏHDİDDƏ SAXLADIĞI HAKİMİYYƏTin özünə qarşı rəğbət və mərhəmət oyatmaq, strategiya və taktikasına haqq qazandırmaq ÜÇÜN APARDIĞI TƏBLİĞAT cəhdlərini iflasa uğradırlar. Həzrəti-Əli deyirdi ki, istədiyini söyləyən adam istəmədiyini eşidər! Danışanların və danışdıranların çıxışlarından sonra hakimiyyətə münasibəti bir kənara qoyaq və bəşəri dəyərlər prizmasından baxaq!
Arif Rəhimzadə danışdı!
Nizaməddin Şəmsizadə danışdı!

Çingiz Qacar danışdı!
Hadı Rəcəbli danışdı!
Zeynəb Xanlarova danışdı!

O danışdı, bu danışdı, ... danışdılar!
Nə dəyişdi, nə formalaşdı, nəyə nail olduq, daha doğrusu, oldunuz?
Axı bu cür idarəetmə və təfəkkürlə formalaşdırılan gündəm ikrah yaradır - nədən diqqət yayındırılır? Hər cür elmi-texniki tərəqqi vasitələriylə informasiya bolluğundan yararlanan kontingent o qədərmi kasaddı, işləklərinizdən baş çıxarmasın?
Hardadı o fövqəlgücünüz? Baş aldatmaqda? Süni şəkildə gündəm formalaşdırmaqda? Keçək birbaşa mətləbə: neftin qiymətini OPEK müəyyənləşdirir, düşmənlərimiz bizi istəmir, müharibəni udmağa gücümüz, qadir Ali Baş Komandanımız var, amma Qərb, Amerika, fövqəlgüclər qoymur v ə s. və s. bunu başa düşdük, elektrik enerjisinin, qazın, suyun qiymətinin qaldırılmasını, cərimələrin artıtılmasını, əlavə rüsum mənbələrinin axtarışını başa düşdük, bəs alçanın qiymətinin analoqsuz ölkəmizdə 720 manata satışa çıxarılmasını necə başa düşək?
Sərbəstlikdi?
Yox, axı! Bax, alçanın 720 manata satılmasına meydan verildiyi an aparılan bütün təbliğat, gömrükdə, vergi sistemində, insan haqları və digər hüquqlar üzrə sadalanan demokratik nəsnələr lütlənir!
Elementar bir misal.
Deməli, belə çıxır ki, mən bir gün ərzində 10 milyonluq Azərbaycan xalqına cəmi-cümlətanı 1 kq alça sata bilsəm, çox rahat kirayə qaldığım evin üç aylığını verə bilərəm!
Mümkündümü bu? Mümkün deyil!
Çünki mən... 100-cə kitabımı - 500 səhifə, 10 janr üzrə 10 super yazı - 10 manatdan sata bilmədim ki, nəşriyyatın xərcinin dörddə birini verim!
Bu analoqsuz ölkənin adamlarını analoqsuz qiymətlə və həm də alça ilə loxlamaqdı!
Belə məqamda adamın içindən acı bir inilti qopur və kinayəylə deyirsən:
Yaşasın iqtidar!
Yaşasın Siyavuş Novruzov!
Yaşasın Arif Rəhimzadə!

Yaşasın Hadi Rəcəbli!
Yaşasın Çingiz Qacar!

Yaşasın Araz Əlizadə ayrıca və yaşasın... Zərdüşt Əlizadə... ayrıca!

Alçanın da 720 manata yox, öz qiymətinə satılmasına AŞ PA, ABŞ, RF, AB, BMT əncam çəkməlidi? Alça da Dağlıq Qarabağdı ki, onu Rusiyanın əliylə mataha mindiriblər? Alça da neftdi ki, BP, Statoyl, Şevron TALEYİNİ MÜƏYYƏN EDİR?
Və... o inilti bir az da tükürpədici olur: ay daaad, bir alçanın qiymətinə yerini və qədərini göstərə bilməyən ölkə... öz vətəndaşının başını piyləyir ki, sən ABŞ-la, Rusiya ilə, Qərblə, Avropa ilə tay-tuşluq, hampalıq elə!
Doğrudan da, analoqumuz yoxdur!
İçinə hayqırırsan: yoxdur da, a kişi, yoxdur!
Və tam səmimyyətlə deyirsən: iqtidarın təbliğat imicmeykerləri elə-belə dövriyyəyə buraxmayıblar ki, analoqsuz təşbehini!
Niyə ironiya hədəfinə çeviririk ki, bu təşbehi?
Analoqumuz var? 9 iqlim qurşağı olan ölkədə 1 kq alçanı 1 barrel neftdən azından 8 dəfə baha satan xalqla necə rəftar etsin ki, bu iqtidar?
Alçanın da qiymətinin 720 manata olması iqtidarın oliqarxlarının, monopolistlərinin, Tarif Şurasının əməli deyil ki! Əgər elədirsə, onda yenə də, analoqumuz yoxdur!
Alçası 720 manata satılan ölkədə elektrik enerjisi, qaz, su indiki qiymətləriylə demək olar ki, "huvayidü"!
Bax, bu inilti sonda dedizdirir: alçanızı yeyəsiz...
Bu elə həm o üzünə deməkdi, həm də bu üzünə!
Həftənin sürprizi alça odu.

Həftənin ironiyası

Yaşasın Siyavuş Novruzov!

Allah onun xəstəliyini müxalifətin geydirmə və satqın başbilənlərinin canına salsın, onun ömrünü uzatsın - sapsağlam, özü də, lap mənim ömrümdən kəssin versin ona! Çünki... 
Bizim müxalifətə haramdı - elə kişilər var ki, arvad onlara haramdı, - deyən nənəm demiş, dədə-nənələrinin qoyduğu ad da, siyasətdə olduqlarına görə verilən ad da. xalqın sevgisi də, xalqın dəstəyi də.
... 2002-ci ildə Moskvada yazdığım bir yazıda Etibar Məmmədovun adını çəkmişdim Rəhim Qazıyevlə bağlı (o yazını tapıb verəcəm miq.az-da), Kİ... sizlər torpaq gedəndə MN-in dəhlizlərində Rəhim Qazıyevdən bunlarımı istəyirdiniz? O da götürüb məhkəməyə vermək istəmişdi. Elə oldu ki, mən də Bakıya gəldim o ərəfələrdə, görüşəsi olduq. Masallıya da bir yerdə getdik. Söhbət açıldı və mən bu görüşün təfsilatını bəzi dostlara danışdım - dezoçu və fürsətcil həmkarlarımla dırnaqiçi dostlarım iqtidaryönlü qəzetlərdə hətta informasiya da yaydılar ki, ay aman, qərbiazərbaycanlılar harda yatmısınız, bəs deməzsinizmi, Vaqif Musayev talış Aydın Canıyevi "Millət" qəzetinə baş redaktor gətirir... halbuki orada qəzetə cavabdehlik o vaxt Rauf Mirqədirovda idi və söhbət tamam ayrı cür olmuşdu. İndi yazıram.
Deməli, Etibar bəy məni çox təmkinlə dinləyərək, iradlarını bildirərək, cavab istəyəndə, informasiyanı Azərbaycanda müxalifət sayılan qəzetlərdən birindən götürdüyümü sübut etdim və həmin o informasiyanın üstündən bir səhifəlik publisistik yazını yazdığımı isbatladım. Çox səmimi qəbul etdi və qəzetində əməkdaşlıq etməyi təklif etdi. Beləcə də qaldı söhbət. Ofis onda "Tarqovı" tərəflərdə idi. Və seçki ərəfəsi olduğu üçün söhbət əsnasında ittihamdan qalmadım: niyə seçkidə qalib gələ bilmirsiniz, halbuki sizə səs verirlər. Qayıtdı ki, guya bilmirsən k, saxtakarlıq edirlər? Dedim ki, bir halda ki, qəzetlə əməkdaşlığa dəvət edirsiniz, seçki ərəfəsi sizə bir ideya verim, həm qəzet satılsın, həm də tirajı milyonu keçsin. Özünəməxsus ironiya ilə güldü, mən də zarafata "elə ona görə Prezident ola bilmirsiniz də", - dedim. Nəydi mənim təklifim?

Deməli, seçki bülletenləri saxtalaşdırılırdı deyə, təklif buydu: hər kəs şəxsiyyət vəsiqəsi ilə səs vermirmi? Verir. Hökümətin bu saxtakarlığının qarşısını almaq üçün Etibar Məmmədova, yaxud da o vaxt favorit olan İsa Qəmbərə səs verənlər öz şəxsiyyət vəsiqələrinin seriyasını və nömrələrini redaksiyaya göndərir, qəzet də dərc edir. Onda internet yox idi, fb də yox idi, sadəcə, e-mail adreslər vardı. Mən qəzetdə səs vermiş seçicilərin şəxsiyyət vəsiqələrinin seriya və nömrələrinin dərcini təklif edib, həmin sayda qəzetin çap olunmasını təklif etmişdim. Heç bir mitinqə-filana ehtiyac da qalmır - yığılan qəzetlər BMT-yə, AŞ PA-ya, nə bilim day hara göndərilir və s. və s. - incəlikləri açmıram day. Bir gün də olsa, "Millət" qəzetində işə getmədim - bunu da deyim. O görüşlə və o səfərlə hər şey bitdi. Mən başa düşdüm ki, Ramiz Rövşənin Aqil Abbasa dediyi kimi, Etibar Məmmədov, o cümlədən müxalifət, hakimiyyətə gəlmək istəmir, hətta müxalifətdən getmək istəyirlər. 
İNDİ... SİYAVUŞ NOVRUZOV DEYİR Kİ, ŞƏRH YAZANLAR ŞƏXSİYYƏT VƏSİQƏLƏRİNİ TƏQDİM ETSİNLƏR.
Bax, bundan sui-istifadə etmək olar!!!
MÜXALİFƏTİN YERİNƏ OLSAM, iqtidarı dirəyərəm divara və tələb edərəm bu təklifi qanuniləşdirsin. Kİ... həqiqətən də narazı olanlar, müxalifətə səs verənlər üzə çıxsın və HƏM DƏ ÜZƏ ÇIXSIN - xalq doğrudanmı, iqtidarın tərəfindədi, yoxsa, müxalifətin, xalq, doğrudanmı, razıdırmı, ya narazıdırmı? Ondan sonra, yəni "erkək-dişi bilinəndən sonra", hərə getsin işinin dalıyca.
Müxalifət bu şansdan yararlanmır! - yararlana da bilməz - müxalifət deyil axı!
İqtidardakı ideoloqun da insafına bərəkallah, doğrudan, demokrat adamdı - nöşün ki, Siyavuş Novruzovun bu fikrinin iqtidara nə boyda xəyanət olduğunu və necə baha başa gələ biləcəyini düşünüb anlasa da, dəymir: çünki bilir ki, müxalifətdə Aydın Canıyev ağlında adam yoxdu. Çünki bilir ki, mən İlham Əliyevi Azərbaycan xalqına Allahın hədiyyəsi bilirəm. 

Həftənin bu il üçün aforizmi

1. ALÇA BİRİLƏRİNİN "azərbaycanlı" adlandırdıqlarını AlçaLTMAĞIN rəmzidir!
2. "Alça" sənə "Yumurta" deyil e, 10 qəpiyə salasan qiymətin, ALÇAdıye bu! baxma ki, bircə Q-sı çatmır!
3. Alçanın dayısı ABŞ, anası AŞ PA, atası Aİ, əmisi Qərb, babası Avropa, özü isə Ruisyadır! - CIR ALÇA BELƏ BAHA OLA BİLMƏZDİ, PEYVƏNDDİ Kİ, MATAHDI!

 
Həftənin faciəsi:

"Aydın bəy, qəzada ölən sizin qohumunuz deyil?" - Caniyev Rəşad Füzuli oğlunu qəsd edərək bir neçə dost inbox-a yazdı, bir neçəsi zəng etdi... 
İndi özümə gəlib cavab verirəm: qəzada ölənlərin hamısı mənim qohumumdu, qatili də Dövlət Yol Polisi, Nəqliyyat Departamenti...

Mən sosial şəbəkələri və saytarı izlədim. Təəssüf etdim. Birdən-birə beş gəncin həlak olması ilə bağlı rəsmi səviyyədə heç bir hüzn görmədim!
Cavabdeh və səlahiyyətli yetkililərə ünvanlanan suallara cavablar ikrah doğurdu! Özlərini elə apardılar ki, sanki xəbərləri yoxdu. Və yadıma 1992-ci ildə Az.TV-də canlı yayımda dövlət görəvlisi Pənah bəy Hüseynə verdiyim sual yadıma düşdü:
- Pənah bəy, siz ölkədə baş verən hadisələrdən neçə saata xəbər tutursunuz?
- On dəqiqəyə.
- Xəbəriniz varmı, bu gün nazir jurnalisti döyüb redaksiyada.
- Mən nazirlə danışmışam, o xəstədi, heç hara çıxmayıb.
Orada iştirak edən bütün jurnalistlər bilirdi ki, bu gün günorta "Ayna-Zerkalo"nun atası DİN mətbuat xidmətinin əməkdaşı olan Əsildar Hüseynovun müxbir oğlu redaksiyada döyülüb və Pənah bəy malalayır!
İndi də eynən və eyzən elədi. Pənah bəyin baş nazirliyiylə indikinin fərq ondadı ki, indi həm döyürlər və həm də  buraxırlar camaatın qabağına... Ki, get deynən səni döydük, şalvarını çıxartdıq, "ayaqlarından salladıq, sən də arxadan təzyiq hiss elədin" və ... ondan sonra... lal qal!
Bir xeyli də qabaq getmişik. Analoqsuz inkişafdan sonra day Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən imtina etmişik. O da bu həftənin bəxtinə düşdü!
Çünki bu... xalqımıza lazım deyil.
Bizə İslam Oyunları lazımdı!
Həçənd Çempionlar Liqasında İspaniyanın Barselona klubu... lazım olan qədər qol vurur!
Bizimkilər də... türk hakimini ittiham edir ədalətsizlikdə!
Futbol azarkeşlərimiz siyasətçilərmizdən, tarixçilərimizdən, filoloqlarımızdan geri qalmır!
Türklüyün, tarixiliyin təcavüzə, təpkiyə məruz qaldığı dönəmdir!
Bu həftənin üzqarası da bu!
Dedim ya, təfəkkür və yaşam tərzi fəlsəfədi.
Bir həftə üçün Azərbaycan kimi həssas ölkədə bu qədər hadisənin baş verməsi həddən artıq çoxdur!
Ancaq Azərbaycanın taleyi ifadə olunan bu yazını oxumağa vur-öldür min nəfərin hövsələsi çatar.
Çünki burada... lağlağı və seks yoxdur!
Kimə nə lazımdır, onu tapır.
Faciə həm də budur: lağlağı və seks ehtiyacı vətənin halını və xalqın ehtiyaclarını üstələyib.
Bu qədər bəsit...

Miq.Az

   



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az