Ali Baş Komandanın işğalçıya SƏRT MESAJI: “Müharibə hələ bitməyib”

Ali Baş Komandanın işğalçıya SƏRT MESAJI: “Müharibə hələ bitməyib”

Prezident İlham Əliyev fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında mühüm mesajlar verdi. Ali Baş Komandanın gənclərin önündə "aprel müharibəsi”ndə Ordumuzun qələbəsini xatırlaması və torpaqlarımızı işğalçılardan azad etmək üçün hər an hazır olmaqla bağlı verdiyi mesajı isə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar fonunda xüsusi diqqət çəkdi.

"Müharibə hələ bitməyib”, Ali Baş Komandan bəyan etdi.

"Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir və bu əməliyyatlarda iştirak edənlərin mütləq əksəriyyəti gənclərdir. Biz bu əməliyyat nəticəsində uzun illər ərzində işğal altında qalan torpaqları işğalçılardan azad etdik. O torpaqlarda - Lələtəpədə, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının dağlarında Azərbaycan bayrağını ucaltdıq. Bu, böyük tarixi qələbədir... Bu gün ordu quruculuğu istiqamətində atılan addımlar təbiidir, zəruridir. Çünki biz müharibə şəraitində yaşayırıq, müharibə hələ bitməyib. Biz hər an hazır olmalıyıq ki, torpaqlarımızı işğalçılardan azad edək”, - deyə dövlət başçısı vurğuladı.

Prezident İlham Əliyevin bu sözləri Azərbaycan gəncliyinə ünvanlansa da, bu, həm də işğalçı ölkəyə mesaj idi.

Xarici işlər nazirlərinin Paris görüşündə "xalqların sülhə hazırlanması” ilə bağlı razılaşması Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılmış böyük addım olaraq qiymətləndirilir. Ardınca Azərbaycan lideri ilə erməni baş nazir Davosda 1,5 saat ərzində münaqişə ətrafında müzakirə apardı. Görüşün detalları açıqlanmasa da, Azərbaycanın ərazilərin azad edilməsi üçün Ermənistana son sülh şansı verdiyi şübhəsizdir.

"Ərazilərin əvəzinə iqtisadi qazanc”, danışıqlar əsasən bu düstur üzərində aparılır. Ermənistan hərbi birləşmələrini Azərbaycan torpaqlarından çıxarır, Azərbaycan da öz növbəsində blokadanı qaldırır, İrəvanın regionda Bakının müəllifi və təşəbbüskarı olduğu qlobal layihələrə qoşulmasına şərait yaradır. Bu, illərdir işğal siyasətinə görə aclıq çəkən ermənilər üçün ən unikal variantdır. Ermənistanın yeni hakimiyyətinin bu variantı yaxına buraxdığı təəssüratı yaranıb, lakin Paşinyanın masada bir İrəvanda başqa açıqlama verməsi şübhələr yaradır.

"Birinci, Azərbaycan tərəfi güzəştlərdən danışmalı, həll variantı Ermənistan və Dağlıq Qarabağ xalqları üçün məqbul olmalıdır”, Paşinyanın İrəvanda səsləndirdiyi bu sözlər danışıqlar prosesini yenidən çətin yollara salır. Hesab etmək olar ki, erməni baş nazir bu açıqlaması ilə daxili auditoriya önündə "güc nümayişi” sərgiləyir, lakin Bakı ona seçkini keçirmək üçün kifayət qədər vaxt və popilist bəyanatlar vermək imkanı tanımışdı. Seçki başa çatıb, Paşinyan siyasi Olimpdə yerini möhkəmləndirib, indi masada konstruktiv mövqe nümayiş etdirməyin vaxtıdır. Əks təqdirdə, diplomatlar deyil, hərbiçilər danışacaq. Ali Baş Komandanın "Müharibə hələ bitməyib” mesajı da əslində işğalçı ölkənin yeni rəhbərliyinin son açıqlamalarına tutarlı cavab idi.

Müharibə hələ başa çatmayıb, işğala son qoyulmasa, Ermənistanın yeganə qazancı nə sülh, nə də iqtisadi divident yox, məğlubiyyət olacaq.

Asif Nərimanlı




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az