“Allahşükür Paşazadə kimi ağsaqqala cəmiyyətin ehtiyacı var”-Səfir

 “Allahşükür Paşazadə kimi ağsaqqala cəmiyyətin ehtiyacı var”-Səfir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün  Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimovu qəbul edib.

Bu barədə Miq.Az-a QMİ-nin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, səfiri səmimi salamlayan QMİ sədri dost, qardaş ölkə olan Qazaxıstanla Azərbaycan arasında bütün sahələrdə olduğu kimi, dini-mənəvi sahədə əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirdi. Bu əsnada, QMİ sədri Qazaxıstan Senatının sədri Maulen Aşimbayevin dəvəti əsasında Qazaxıstan Respublikasına oktyabrın 5-7-də baş tutmuş səfəri barədə xoş təəssüratlarını bölüşdü. Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin təşəbbüskarı olduğu, 18 illik tarixə malik Dünya və ənənəvi din liderlərinin Qurultayının Katibliyinin üzvü olduğunu xatırladan Şeyxülislam A. Paşazadə bu qlobal forumda ardıcıl iştirakını qeyd etdi. Nur-Sultan şəhərində Dünya və ənənəvi din liderlərinin Qurultaylarının Katibliyinin XIX sessiyası çərçivəsində dünyanın tanınmış dini və ictimai xadimləri ilə görüşlərinin əhəmiyyətli olduğunu qeyd edən A. Paşazadə Qazaxıstan paytaxtına səfər çərçivəsində qardaş ölkənin yüksək məqam sahibləri və ölkənin dini lideri ilə görüşlərini məhsuldar və yaddaqalan kimi dəyərləndirdi. QMİ sədri Qazaxıstan Senatının sədri Maulen Aşimbayev, Dövlət Katibi Krımbek Kuşerbayev, İnformasiya və ictimai inkişaf naziri Aida Balayeva, Nur-Sultan şəhərinin hakimi Altay Kulqinov və digər dövlət rəsmiləri ilə görüşlərinin qardaş xalqlarımız və dövlətlərimizin mənafelərinə xidmət baxımından, ortaq dini-mədəni dəyərlərin qorunub saxlanılması istiqamətində olduqca əhəmiyyətli olduğunu qeyd etdi.  

Görüşdə dinlərarası əməkdaşlıq, dinlər və mədəniyyətlər arası dialoq ilə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Şeyxülislam A. Paşazadə Azərbaycan və Qazaxıstanda bu sahədə dövlət səviyyəsində irəli sürülən qlobal təşəbbüslərin böyük əhəmiyyətindən danışdı. QMİ sədri müasir dövrdə türkdilli dövlətlər arasında siyasi, iqtisadi, mədəni sahədə getdikcə daha da dərinləşən qarşılıqlı münasibətlər fonunda müstəqil türkdilli dövlətlərin dini liderlərinin koordinasiyalı əməkdaşlığının da zamanın tələbi olduğu fikrini xüsusi vurğuladı. Bildirdi ki, qardaş türkdilli dövlətlərin ortaq dini-mənəvi dəyərlər müstəvisində birgə səy göstərməsi dövlət rəhbərlərimizin ümumi maraq və mənafelərimizə xidmət edən səy və əməllərinin təşviqinə böyük töhfə verə bilər.  

Qazaxıstanlı səfir S.Abdıkarimov öz növbəsində, müasir dünyada dini liderlərin rolunu xüsusi vurğulayaraq bildirdi ki, Şeyxülislam Allahşükür Paşazadə kimi nüfuzlu, ağsaqqal dini liderlərə cəmiyyətin böyük ehtiyacı var. Səfir belə bir mötəbər, dünya miqyaslı fəaliyyətə malik dini liderin Dünya və ənənəvi din liderlərinin Qurultayının XIX sessiyası kimi mötəbər beynəlxalq tədbirdə iştirakını, qiymətli ideyalarla çıxış etməsini yüksək dəyərləndirdi. Səfir Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam A. Paşazadəni Azərbaycan xalqının Vətən müharibəsində qazandığı Zəfərin ilk ildönümü  münasibətilə təbrik etdi, ən xoş arzularını bildirdi.   

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az