Allahşükür Paşazadə: “Mən Prezidentə inanıram, hansısa yalan tirajlayan “media” orqanlarına yox”

Allahşükür Paşazadə: “Mən Prezidentə inanıram, hansısa yalan tirajlayan “media” orqanlarına yox”
"Ölkələr Vətən sevgisi ilə abad olur” 

Son günlər Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin bir çıxışı ictimaiyyətdə geniş müzakirəyə səbəb olub. 

İkinci Qarabağ müharibəsindən danışan Şeyxülislam çıxışında müzəffər Ali Baş Komandan İlham Əliyevin bu qələbədəki əvəzsiz xidmətlərini xüsusi vurğulayıb, onun siyasi iradəsi və qətiyyətinin 30 illik Qarabağ işğalına necə son qoyduğunu qürur hissi ilə ifadə edib. 

O, eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müharibə zamanı Azərbaycan dövlətinə və xalqına dəstəyinə görə təşəkkür edib, həmçinin İranın Ali dini rəhbəri Xameneinin illər öncə Qarabağla bağlı ("Qarabağ İslam torpağıdır") fətvasına da toxunub.

Şeyxin çıxışındakı məhz fətva ilə bağlı sonuncu məqam təhrif edilərək şişirdilib müzakirə olunur, hətta sosial şəbəkələrdə və bəzi "killer media" qurumlarında ona qarşı "qara piar" kampaniyası həyata keçirilir. Həmin media qurumlarının kimlərə məxsus olduğu və milli dəyərlərə qarşı olduğu hər kəsə bəllidir. 

Hər zaman Ali Baş Komandana sədaqətini ifadə edən Şeyxi indi, sanki, məhz Ali Baş Komandanın uğurlu siyasətinə qarşı olan hansısa qruplar "başqa ad"la vurmağa fürsət tapıblar. 

Miq.az olaraq bu saytların kimlər və hansı qruplar tərəfindən idarə olunduğu bizə də sirr deyil, yaxın günlərdə bu qərəzli saytların adlarını və sahiblərinin kimliyini, hansı vəsaitlərlə idarə olunduqları barədə məlumatları da təqdim edəcəyik. 

Bütün bunların sifariş olduğuna gəlincə, elə həmin saytlarda dərc olunan və ehkam oxuyan yazılar təsdiq edir ki, artıq həmin saytlar az qala yeni Şeyx axtarışına da çıxıblar. 

"Şeyxin bu cür biabır olmağındansa, getməsi yaxşıdır" və ya "Ya Şeyx, getmək vaxtıdır!" tipli başlığı olan yazılardan da aydın görünür ki, Cənab Prezidentin dediyi kimi "əlavə xərclər"lə işləyən saytlarda qələbəyə və milli birliyə kölgə salan sifarişli yazılar dərc edilir. 

Bəs Şeyxülislam Hacı Allahşükür Paşazadə özü bu barədə nə düşünür?
 
Ötən müsahibəsində fikirlərinin təhrif olunduğunu deyib. 

Doğrudanmı Şeyxin fikirləri təhrif olunub? 

Bütün bu suallara aydınlıq gətirmək üçün Miq.az Hacı Allahşükür Paşazadə ilə əlaqə saxlayıb.

O, Miq.az-a bildirib ki, çıxışı sosial şəbəkələrdə və mediada təhrif olunmuş şəkildə yayılıb: "Ötən müsahibəmdə dediyim kimi, çıxışım tam dinlənilməyib və ya kimlərsə, bundan siyasi şou düzəltmək üçün fikirlərimi konteksdən çıxarıblar. Əvvəla, mən siyasətçi deyiləm, din xadimiyəm. İkincisi də, mən çıxışımda Ali Baş Komandanın siyasi iradəsi, uzaqgörən və qətiyyətli siyasəti nəticəsində 30 ilə yaxın işğalda olan torpaqlarımızın azad edilməsini xüsusi olaraq vurğulamışam və bu, həqiqətdir. Bütün bunların üstündən keçib, çıxışımdakı bir məqamı təhrif edərək ictimaiyyətə təqdim edirlər. Hansısa qeyri-peşəkarların əlində alət olan bəzi media orqanlarında haqqımda iftira və böhtanlar, təhqirlər səsləndirilir. Müsahibəmdə də dediyim kimi, mən heç bir kənar şəxs və xarici dövlətə bağlı adam olmamışam. Yalnız dinimə, dövlətimə, xalqıma, Vətənimə bağlıyam. Həzrəti Peyğəmbərimiz deyirdi: "Hubbul-vətəni minəl-iman", yəni "vətəni sevmək imandandır".  

"Möhtərəm Prezident dəfələrlə bəyan edib ki, Azərbaycan regionda normal qonşuluq siyasəti yürüdən və hətta bu baxımdan nümunə sayılacaq ölkədir. Amma kimlərsə çıxışlarımızı təhrif edib bizi qonşu dövlətlərlə üz-üzə qoymağa çalışırlar. Bütün bunlar əbəs və mənasız cəhdlərdir. Çünki bu ölkənin rəhbəri Qarabağ savaşı zamanı hansı iradə və qətiyyətə sahib olduğunu bütün dünyaya sübut etdi. Ona görə də mən Prezdentimizə inanıram, hansısa qərəzli və yalan tirajlayan, təhqir yazan "media” orqanlarına deyil”, - QMİ sədri belə deyir. 

Ərdoğanın müşavirinin sosial şəbəkədə yazdığı fikrə gəlincə, A. Paşazadə hesab edir ki, böyük ehtimalla çıxışındakı məqamlar ona da təhrif olunmuş formada təqdim edilib: "Əslində bu məsələyə münasibətim də yanlış təqdim edildi, hətta bəzi media orqanları müsahibəmi "Ərdoğanın müşavirinə cavab” kimi tirajladılar və təhrif etdilər. "O, din xadimi deyil, siyasətçidir” fikrim də məqsədli şəkildə "Onun dindən xəbəri yoxdur” kimi qələmə verildi. Bütün bunlar yanlış və qərəzli təqdimatlardır. Türkiyənin və xüsusən də Sayın Rəcəb Tayyib Ərdoğanın İkinci Qarabağ müharibəsindəki dəstəyi danılmazdır, çünki Türkiyə bizimlə dost və qardaş ölkədir. Münasibətlərimizə xələl gətirənlər isə məhz düşmənlərimizi sevindirə bilərlər. Ona görə də hər kəsi ədalətli olmağa, yalan və böhtanlardan uzaq olmağa çağırıram”.

Şeyxülislam deyir ki, fətva siyasi deyil, mənəvi, dini anlayışdır və kimlərsə bu anlayışları qarışdırırlar: "Söhbət dini yanaşmadan, dini həmrəylikdən, müsəlman amilindən gedir. Yadınızdadırsa, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan dövləti və xaricdəki erməni lobbisi bunu "erməni-müsəlman davası” təqdim edib dünyanın bəzi ölkələrindən dəstək qazanmağa çalışırdılar. Amma faktiki Azərbaycanın BMT tərəfindən tanınan suveren ərazisini işğal etmişdilər. Onda ermənilərin bu saxta və yalan kampaniyasının qarşısını Ümummilli lider Heydər Əliyev aldı. Dünyanın ən ali kürsülərində çıxış edərək ermənilərin bu saxta informasiyalarını ifşa etdi. Azərbaycan öz haqq davasını aparır və bu torpaqları bütün dünya Azərbaycanın suveren ərazisi kimi tanıyır. Azərbaycan müsəlman ölkəsidir, burada yaşayan insanların əksəriyyəti İslam dininə etiqad edir, amma həm də multikultural bir ölkəyik, digər dinlərdən olan vətəndaşlarımıza da sayğı və hörmətlə yanaşırıq. İndi diqqət edək, əgər bayrağımızdakı yaşıl rəng həm də İslamın simvoludursa, "Qarabağ İslam torpağıdır” fikri də elə birmənalı "Qarabağ Azərbaycan torpağıdır” deməkdir. Əgər qonşu ölkənin Ali dini rəhbəri belə bir çıxış və etiraf edirsə, biz bunu niyə təqdir etməyək? Bəs yanlış və qərəzli fikirlərin məqsədli tirajlanmasında məqsəd nədir?”  

Qafqazin Şeyxi hesab edir ki, Prezident İlham Əliyev ölkə daxilində milli birliyə nail olub və heç kəs bu birliyə kölgə sala bilməz: "Azərbaycanın həm daxildəki milli birliyə, həm də qonşu ölkələrlə münasibətinə kölgə salmağa çalışanlar yalnız bizi sevməyən hansısa xarici qüvvələrə xidmət edən şəxslər ola bilər. Amma yenə də deyirəm, Allahın izni, həmçinin Cənab Prezidentin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində buna nail ola bilməzlər. Çünki həm Prezidentin Qarabağ mövzusundakı mövqeyi, həm Birinci Vitse-Prezident Mehriban xanımın təşəbbüsü ilə Şuşada təşkil edilən "Xarıbülbül” festivalı Azərbaycanı istəməyən qüvvələrin arzusunu ürəyində qoydu”.  

"Özümə gəlincə, mən həm Qafqazin Şeyxülislamı kimi, həm də Allahşükür Paşazadə kimi Azərbaycan vətəndaşıyam, Vətənimin əsgəriyəm, dinimizin xidmətçisiyəm. Həzrəti Əlinin (ə.s) məşhur bir hədisində deyildiyi kimi, "Ölkələr Vətən sevgisi ilə abad olur”. Qarabağ məhz Prezidentimizin, xalqımızın, insanlarımızın Vətən sevgisinin nəticəsində işğaldan azad olundu və bütün dünya Azərbaycanın necə bir qüdrətli ölkə olduğunu gördü. Allah dövlətimizi qorusun!”, - deyə Allahşükür Paşazadə vurğulayıb. 

Xatırladaq ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri Mücahid Küçükyılmaz "Twitter" hesabında Allahşükür Paşazadəyə dəstəyini ifadə edib.

O həmçinin müharibədə Türkiyənin göstərdiyi dəstəyi müsbət qiymətləndirən Qafqazın şeyxinə təşəkkür edib: "Haqq və ədalət naminə deyək ki, Azərbaycan Şeyxülislamı Allahşükür Paşazadə Qarabağ zəfərinə görə Cümhur başqanımıza və Türkiyə dövlətinə təşəkkür edib".

"Bizlər, şəxslər gəlib gedərik: əbədi olan Türkiyə və Azərbaycan dostluğudur", - Türkiyə Prezidentinin köməkçisi bildirib. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az