AntiNEKROLOQ: Bax, bu Yerin mübarək, Cəfər, “ey nuri-didəm”

AntiNEKROLOQ: Bax, bu Yerin mübarək, Cəfər, “ey nuri-didəm”


REDAKSIYADAN: Bu yaxınlarda Moskvada yaşayan hörmətli həmkarımız Cəfər Abbasovun başqa bir həmkarımız Aydın Canıyevə müraciətlə "Aydın, mənə bir nekroloq yaz” istək-arzusunu yayımlamışdıq "yenises.ru”ya istinadən.  (http://www.miq.az/az/ydin-mene-nekroloq-yaz/). Aydın Canıyev həmin yazıya cavabı yubatmadı: "Yazdım, Ustad, yazdım! Sənin Sağlığında və Sənin Sağlığına yazdım!” Həmin yazıya cavabı ixtiyarınıza veririk!


Cəfər Sadiqə - Cəfər Abbasovun ÖM(Ü)Rünə və hələ baş verməmiş ÖLÜMünə növbədənkənar SÖZÖNÜ -

Ölüm xəbərsiz gəlir, - deyirlər. Amma hamı bilir ki, öləcək. Ölümü gəlməmiş ölməmişdən ölənlər bir ayrıdır, amma: onlar bu həyata əlinin dalını çevirənlərdir, bu dünyanı boşayanlardır.

Bu dünyaya hər kəsin gəlişi bir missiyadır – ezamiyyət müddəti heç kimin özünə bəlli deyil, fəqət bilən bilir!

Mənim əzizim, dostum, həmkarım – alma-materimin məzunu, İlahinin dörd dilinin (bütün hallarda adı kiçik hərflə yazılan türk, rus, ingilis (qismən) və təkcə doğma dilində yeganəsi olaraq adı böyük hərflə yazılan A...zərbaycan) Sözünün vəkili və tərcümanı Cəfər Abbasov artıq aramızda yoxdur!

Əslində, o, heç vaxt da ARAMIZDA olmadı – həmişə bizdən bir addım irəlidəydi! Ölümü də elə bizdən bir addım tez qarşıladı!

Cəfər Abbasovun sopsoyuq şəhərdə somsoyuq sifətinə ipisti yangıyla apaydın bir "rəhmət” diləməyə ehtiyac yoxdu... heç də: Allah bu qayıdışdan məmnun çünki: rəhməti o adama, bəndəyə diləyərlər ki, yaşadığı ömrün də, mövcud olduğu həyatın da içini zibilləyə, dosta xəyanət edə, düşmənə baş əyə, namərdə meydan verə, nadürüstə söz tanıya, zinaya, böhtana, sələmə, ləvata, yalana bulaşa, ata-anaya ağ ola, Allaha şərik qoşa!

Cəfərsadiq – Cəfər Sadiq etmədi ki bunları! Özü işsiz qalanda belə şeytanı da girinc elədi, sol çiynindəki mələyi də. Şeytanı və şəryazan mələyi ac saxladı, son tikəsini xeyirxah mələklə böldü.

Allah bəlkə də indi onun üzünə baxa bilmir! Hə, vallah! Bilirsinizmi niyə?

Təsəvvür edin də: Adamı-bəndəsini göndərib "Azərbaycan aeroportu”na, ordan da "dostları” didərgin salıb uçurdublar başdan-ayağa günah, haram, zibil, şər, dünyanın ən murdar, ən allahsız ölkəsinə, bu da gəlib bu qədər yaşayıb, gəlib çıxıb hüzuruna, sol tərəfi tərtəmiz: əli ürəyi, ayağı! Üzü, alnı ağappaq! Dili, sözü saf, bal kimi!
A kişi, a bala, ay oğul, ay övlad, bəs hanı sənin... günahların? Bəs mən indi nə adla sənə rəhmət edim? Mənim rəhmanlığım harda özünü göstərsin?

Mənim ağlıma gəlirsə, Allahın da ağlına gələr yəqin:

- Cəfər Sadiq – Cəfər Abbasov, mən sənə yaraşıq vermişdim, savad vermişdim, dil və söz vermişdim, bacarıq vermişdim, bəs sən niyə istifadə edib... HAMI KİMİ yaşamadın?

- Necə yaşayaydım, ya Rəbbim? Necə? Tariximi sildirdin soysuzlara! Göy qanımı Göy Tanrımdan alıb qarışıq qanlara caladın! At belində cəsurluqla, mərdliklə fəth etdiyim torpaqları yağı olanlara meydan, güc verməklə aldırdın! Sənin yanından Türk kimi getmişdim göndərdiyin Yerə və yerə, bircə gün də qoymadın Türk kimi öz adımla yaşayım orada – gah tatar yazdırdın, gah sovet vətəndaşı, gah iranlı, gah azərbaycanlı! Necə yaşayaydım? Fateh mən idim, qul əlində aciz saxladın! Necə yaşayaydım? Mənim onsuz da bir günahım, çəkilməz dərdim vardı: Türkü(n torpağını, qızını, oğlunu, şərəfini, ləyaqətini, sərvətini, adət-ənənəsini) qoruya bilmirdim, mənim başqa günah etməyə vaxtımmı oldu? Mənim bu dərddən yana boğazımdan tikəmi keçdi? Mən bu dərdlərdən-fikirlərdən düşünə bildimmi ayrı şeyləri? Bildiyim, öyrəndiyim Sənin yüzlərlə dilinin dördünün heç birində Sənə çatdıra bilmədim ki, ya Rəbbim, axı biz Səninlə Ələstdə belə danışmamışdıq! Sən də elə özünü bizim rəhbərlər kimi apardın: bir dəfə qəbul edib etimadını bəyan etdin, açıqladın ki, hər şey yaxşı olacaq Yer üzündə, getdim gördüm at izi it izinə qarışıb, ha çalışdım əlaqə yaradım Səninlə, daşdan səs çıxdı, səndən səs çıxmadı! - daglar yerindən oynadı, dərələr məcrasını dəyişdi, sular qaynadı, yarpaqlar çiçəklədi, çəmənlər soldu, səhralarda güllər açdı, səmalarda hava dəyişdi, okeanlarda buzlar əridi, Sənin cabbarlığın tükənmədi! Elə hey dua-sənada olduq: "Tanrı türkü qorusun!” Elə hey bizi özümüzlə tək qoydun, dərdimizi bir-birimizə deyəndə də hamını üstümüzə qaldırdın - əlacımız kəsiləndə dedik "Türkün türkdən başqa dostu yoxdur!”, onda da gördük heç türk də türkün dostu deyil!

Mənim günah etməyə, yaşamağa vaxtımmı oldu? Elə bir dünyaya göndərdin ki, YAŞAMAQ ancaq günah etməklə mümkün oldu! İndi də nə deyib verdiyin savadı, bacarığı, yaraşığı qaxınc edirsən, ya Rəbbim?

Mən dövlətlərə, ordulara inanmadım, Sənə inandım, Sənə - qüdrətinə və böyüklüyünə arxayın və əmin oldum, söz verdim döyüşçü soydaşlarıma, qələm qardaşlarıma, el-oba adamlarıma, Şuşada quzu otararıq, Qarabağda "Cəngi” səsləndirərik, Sən neylədin? Ağlı, düşüncəni, savadı, yaraşığı, əzəməti, ləyaqəti, namusu, bacarığı mənə verdin, amma məni məğlub etmək üçün də qalib qanıqarısıqları, soysuzları, yurdsuzları etdin!

Etdin də, ya Rəbbim, etdin!

- Bağışla, Cəfər Sadiq, bağışla, sənin ömrün qədər yanımda bir mələk yeri boş qaldı!

... Məni də bağışla, Cəfər Sadiq – Cəfər Abbasov, mən insanlıq olmayan dünyada insanlıq sərgiləyənlərin dəfnində olmuram! Sən bu həyata təkcə İNSAN kimi yox, həm də MƏLƏK kimi gəldin də getdin! Mən nəinki İNSANLARIN, MƏLƏKLƏRİN, heç sıravi-öləri dostların dəfnində olmuram! Atam mənim bu xasiyyətimi bilirdi, onçun də vəsiyyət etdi ki, son nəfəsimdə yanımda ol və məni dəfn et!

Mən İNSAN-MƏLƏK dostumun dəfnində ola bilmənəm. Edə biləcəyim budu ki, hayqırım:

- Bu fani dünyadan bir İNSAN-MƏLƏK keçdi!

Mələklərin də pozulduğu bu dünyadan deyirəm e!

Sevinirəm ki, ÖM(Ü)RÜNƏ bələd idim!

Sevinirəm ki, ÖLÜMÜNƏ də bələd oldum – Sən nekroloqluq deyilsən, Sənə ancaq KANTATA-REKVİYEM yarayardı!

Cənnətdə dinləyərik... bir yerdə. Sənin ad günündə Sənə yazdığım yazıda adını çəkdiyim Vahid MÜƏLLİMLƏ!

Buradakılar eşitsələr də... dinləməzlər, anlamazlar demədim ha!

Sən gözəl bir Şəki kantatasısan, Sən gözəl bir Azərbaycan rekviyemisən, Sən ən möhtəşəm Rusiya nekroloqusan, Sən... Azərbaycan-Vətən boyda dərd dağarcığı kimi gəzdin bu Yer kürəsində!

Bu dünya Səni tanımadı – mən Səni ilk dəfə görəndə tanımadığım kimi! Özün dedin e: gözləyirdin əjdaha boyda bir kişi gələcək, amma balacaboy biri gəldi.

Sən yazılarınla, gördüyün işlərlə, əməllərinlə, Vətən adına addımlarınla çooox əjdaha görüntüsündəsən, amma bu dünya Səni boyun boyda kiçik gördü!

Sənin öldüyün dünyanın Varlığına... fatihə... oxumaq lazımdır, Sənə yox ki!

Sənin də öldüyün dünyaya nə deyim ki mən? Bir dünyanın ki, İNSAN-MƏLƏYİ ondan köçəndə BAŞ SAĞLIĞI BAŞ DAŞI ilə tamamlana, o dünyanın başını kəsmək lazımdır!

Rahat olmadığın Yerdə Sənə rahat Yer Kainatda Allahın yanında ömründən ölümünə qədər boş qalan Mələk Məkanındakı Mələk yeridir!

Bax, bu Yerin mübarək, Cəfər, "ey nuri-didəm”, Rəbbimin Saf, Sədaqətli və Sadiq İMZASI!

SÖZARDI: Nə yaxşı ki, hələ Sağsan, Bizimləsən, Bizimsən və mən bu günaha ona görə batdım ki, biləsən, Ustad: "bu dünya duracaq yer deyil”... amma və lakin... Sən bu dünyada həm də Dəyərsən! Neyləyək ki, öz dünyamıza bu dünyadan keçib getməklə məhkumuq! Azadlığın mübarək olan gününün Sözü(nün) Sağlığına dedim!

Hörmətlə, ölümünü görməyəcəyi əminliyi və eşqiylə yaşayan

Möhtərəm və Möhtəşəm Aydın CAN
 
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az