Atasının oğlu

Atasının oğlu
 Şirməmməd  Nəzərli
                                                   
                                                     (Hekayə)
Arvad yenicə yuduğu qab-qaşığı çay dəsmalı ilə silib qurutmağa başladı. Qurutduğu stəkanları tələsmədən işığa tutub baxır, ürəyinə yatmayan yerlərini yenidən ciddi-cəhdlə silib düzürdü. Sonra qabları, nəlbəkiləri, daha sonra qaşıqları, bıçaqları, çəngəlləri… Mətbəxdə bir az aralıda oturub aramla şam yeməyini yeyən əri arvadının gördüyü işə gözucu nəzər yetirir, amma kəlmə kəsmirdi. Yalnız yanar qazın üstündəki çaydanın qıjıltısı, kişinin arabir ağzına apardığı xiyar dilimlərinin ahəstə xırçıltısı və qadının böyük səylə silib düzdüyü qab-qaşığın astaca cingiltisi eşidilirdi.

Mətbəxdə bu mənzərə hər gün, hər gün təkrar olunurdu. Əvəllər bu səhnələr sözlü olardı. Yəni bir də görürdün kişi deyir: «Əzizim, qoy qab-qaşığı mən yuyum, sən otur, dincəl. Sən iş görməyimə baxanda, ürəyim açılır». Arvad da razılaşardı. Oturub dirsəklərini stolun üzərinə, ovuclarını çənəsinin altına söykəyər, məhəbbətlə süzərdi. Ərinin dirsəyə qədər çırmalanmış tüklü qollarını, iri əllərində üsküyü xatırladan armudu stəkanları məftunluqla seyr edərdi. Kişi qab-qaşıqları tərtəmiz yuyub üzüaşağı qoyardı ki, suyu süzülsün – heç vaxt onları silməklə qurutmazdı. Onun fikrincə, yuyulmuş qabları dərhal silməzlər. Di gəl, o bunu cavan arvadına heç cürə deyə bilmirdi. Qorxurdu qəlbinə dəysin. Elə ona görə də qab-qaşıqları yuyan kimi üzüaşağı düzürdü ki, arvadı görüb-götürsün, sonra özü də bu qayda ilə iş görsün.

Arvad isə ərinə eləcə heyranlıqla baxır, onu məftunluqla süzür, boy-buxununa tamaşa eləməkdən yorulmur, xoşbəxtliyindən göyün yeddinci qatında uçurdu. Sabahısı gün kişi işdən gələndə yenə süfrə düzəldir, süfrəyə ləzzətli yemək, yeməyin də yanında duz, istiot, sumaq, göy-göyərti düzür, ərini şirin-şəkər sözlərə qərq edirdi. Günlər bir-birini bu qayda ilə əvəz edir, kişi isə duzun, istiotun, sumağın, göy-göyərtinin və arvadının şirin-şəkər sözlərinin yeknəsəgliyindən qorxmağa başlayırdı. Eyni dadlar təkrar olunduqca, kişi də hər dəfə qabları arvadının əlindən alıb yuyur, sonra düzür və bu son məqamı xüsusi bir əda ilə yerinə yetirirdi ki, mətləbi anlatsın. Hərdən gözucu arvadına sarı boylanırdı ki, görsün o, ərinin nə demək istədiyini başa düşür, ya yox. Arvadın üzü isə sevincindən ay kimi işıldayır, gözləri ulduz kimi parlayırdı. Bütün boşqablar eyni rəngdə, nəlbəkilər bir boyda, stəkanlar eyni formada olduğu kimi, kişi üçün də onun mətbəxli günləri beləcə bir-birindən seçilmirdi.

Amma neçə ay idi ki, kişi daha heç nə demir, altı illik birgə mehriban, dinc ömürlərində stəkan-nəlbəki söhbəti ilə inciklik yaratmaq istəmirdi. Səbrini basır, özünə təskinlik verirdi: «Əşi, nə fərqi var, qabı yuyandan sonra qurutmayıb dərhal silir, ya silmir. Qurudur, ya qurutmur. Ondan ötrü də adam bu cür gözəl xanıma, sədaqətli arvada irad tutar?»

Belə düşündükcə içindəki təlatüm tez də səngiyir, gərilmiş əzələləri boşalır, alnının qırışları, çatılmış qaşları arasındakı düyün açılırdı.
Arvad adəti üzrə silib-qurutduğu qab-qaşığı düzdükcə kişi arabir başını qaldırıb baxır, artıq süzülüb köhnəlmiş, tənzif kimi nazikləşmiş dəsmalın stəkan-nəlbəkinin üzərində ilişib qalan liflərini matdım-matdım süzürdü. Və süzdükcə də fikri-xəyalı uzaqlara gedib-qayıdır, içindəki səs radioqəbuledici dalğası kimi gah zəifləyir, gah artırdı. Bu enən-qalxan səslərin içində öz səsini – ona lazım olan dalğanı tuta bilmirdi ki, bilmirdi. O bilmirdi ki, arvadı ilə necə dolansın, onunla necə rəftar eləsin. Bilmirdi ki, xoşbəxtdi, bədbəxtdi, minlərlə adi ailə taleyi yaşayırlar, yoxsa onlar kimisi yoxdur. Nədənsə hər dəfə arvadı mətbəxdə qab yuyanda, o isə yemək süfrəsi arxasında olanda bu fikirlər məngənəsi onu sıxır, sıxıntıdan sanki ürəyi, bütün vücudu qıc olub açılırdı. 

İndi də o, ürəyində dağı arana, aranı dağa daşıdıqca ər-arvad münasibətlərindən yenə heç nə hasil eləyə bilmədi, amma ağlına bir fikir gəldi: bəlkə, arvadı qab-qacağı ərinin şam yeməyi vaxtına ona görə saxlayır ki, kişi qabları məhz bu cür yumaq lazım olduğunu anlasın və bilsin ki, qabı yuyan kimi silib qurudarlar, daha düzüb suyunun süzülməsini gözləməzlər… Hm, bəlkə onun kimi, arvadı da özünü haqlı sanır, amma ərinin ürəyinə dəymir, inciklik yaratmaq istəmir, demir ki, «Kişi, qabı belə yumazlar!». Doğrudan e, altı ildə bir dəfə də olsun diqqət yetirməyib ki, arvadı niyə hər dəfə şam vaxtı, o, süfrə başında olanda günortadan qalmış qabları yuyur və yuduqca özünün elədiyi kimi, gözucu ərinə baxır, sonra mənalı-mənalı gülümsəyib qabları yerinə düzürdü. Axı, biz kişilər niyə bu qədər xudpəsəndik, niyə yalnız özümüzü düşünürük, nəyə görə ancaq bizim dediyimiz doğrudur, qadınlar deyən yox?!

Tikə kişinin boğazında ilişib qaldı, udqundu, yadına düşdü ki, o, yemək üstündədir, bu cür iştahsız, könülsüz yemək olmaz, haramdır. Tez əlini süfrədən çəkdi, onu soyuq tər basdı. Əlini atıb su dolu stəkanı dodaqlarına apardı, sudan qurtum-qurtum içə-içə gözlərini qeyri-iradi burnunun ucundan azca irəli stəkanın səthinə zillədi və şakərinə uyğun olaraq dəsmalın kiçik ağ liflərini axtardı. Bu anda özü də hiss elədi ki, kənardan ona baxan olsa, çəp olmuş gözləri həmin adamı mütləq güldürər.

Stəkanın üzərindəki xırdaca ağ liflər onu yenə qıcıqlandırdı, nədənsə mikroskop altındakı mikrob görüntüsünə oxşatdı, çimçəşdi, su boğazında ilişib qaldı, qıcqırdı, amma özünü ələ ala bildi. Arvadı tez gəlib yumşaq əlləriylə kürəyinə astaca bir-iki yumruq vurdu. «Halal, halal» dedi. Amma yediyi ona haram olmuşdu. O, «Allah şeytana lənət eləsin!» deyə fikirləşdi, kürəyini divara söykəyib dikəldi, ürəyində özünü danlamağa başladı: «Nə hərdəmxəyal adamsan! Alüminiumsan elə bil, tez qızdığın kimi, tez də soyuyursan…»

Arvadının silib-qurutduğu qab-qaşıq səsinə ara verilmişdi, çaydanın qıjıltısı da kəsilmişdi. Demək, çaydan qaynamaq üzrə idi. Altı ildə mətbəxdə aldığı bir dərs də o idi ki, çaydanın od üzərində əvvəl qıjıltı səsi çıxartdığını, sonra sakitləşdiyini, bir azdan isə pıqqapıqla qaynadığını öyrənmişdi. İndi də elə oldu. Çox keçmədi ki, çaydanın fit səsi eşidildi, lüləsinin kiçicik deşiyindən təzyiqlə çıxan buxar mətbəxə yayıldı. O da adət idi ki, çaydanın həyəcanlı səsindən sonra daha yaxşı qaynasın deyə qapağını aralayırdılar. Belədə çaydan səssiz qaynayırdı.

Kişinin ovqatı yenə təlx oldu. Ona elə gəldi ki, çaydanla onun həyatında bir oxşarlıq var və o da bu zavallı, su qabı kimi qapağı açıq bir çaydan – vücuddur, elə hey qaynayır, qaynayır. Yox, yox, o, su qabı deyildi və ya indiyə kimi olmuşdusa, bundan sonra olmaq istəmirdi!

Arvadına nəzər saldı. O, çaydanın qapağını aralayandan sonra  dəm çaynikini yuyub dərhal dəsmalla sildi və quru çay qutusunu yaxına qoyub dəmləməyə hazırlaşdı. Kişiyə elə gəldi ki, bu saat təbdən çıxacaq, əlindən nəsə düşüb sınacaq, qışqıracaq, qonşular onun səsinə yığışacaqlar. Amma o yenə «Allah şeytana lənət eləsin!» deyib səbrini birtəhər basdı, arvadının həlim üzünə, vaxtsız dən düşmüş birçəklərinə, gözlərinin ətrafında cındır çay dəsmalının lifləri boyda qırışlara, altı il uşaq həsrəti çəkən qayğılı gözlərinə, xəfif təbəssüm əskik olmayan çöhrəsinə nəzər saldı. Krandan axan su sanki yuyulmaq üçün qalanmış bulaşıq qab-qaşığın üzərinə yox, onun ani olaraq alışıb yanan, «alüminium» ürəyinin başına töküldü, kininin, qəzəbinin, çılğınlığının əl-ayağını yığışdırdı. Bir azdan sanki qıc olmuş baş damarları boşaldı və qəribə idi ki, huşsuzluqdan şikayətçi olsa da, sanki başı açıldı, yaddaşı təzələndi. Xəyalı onu uşaqlığına apardı.
Şəhərin köhnə məhəlləsində olurdular. Həyət evində uçotaqlı mənzilləri vardı. Bacısı köçmüş, qardaşı evlənib ayrı yaşayırdı. O indi evin bircəciyi olmuşdu. Ata-ananın sevinci də, qayğıları da, gəlir-çıxarı da gözünün qabağında idi. Ata-ana davranışı, ər-arvad rəftarı gözündən yayınmırdı. Səbrli, dözümlü, işgüzar, eyni zamanda qaraqabaq, çox dinləyib az danışmağı xoşlayan atası işdən gələn kimi qolunu çırmalayıb evin kəm-kəsiri ilə məşğul olar, çay-çörək yadına düşməzdi. Danışanda özünü həmişə borclu sayar, «mən evimin fəhləsiyəm, böyüyü yox» deyərdi. Arvadının atmacaları hərdən həftadını yandırsa da, cınqırını çıxarmaz, ömür-gün yoldaşının şıltaqlığına dözər, özünü o yerə qoymazdı. Kişi elə bil işləməkdən, bazar-dükandan aldıqlarını evə daşımaqdan, evin əyər-əskiyini düzəltməkdən, qonşuların, qohumların xeyir-şər məclislərində ayaq üstdə olmaqdan, qonaq-qara yola salmaqdan, nə bilim daha nələrdən, nələrdən yox, məhz ağzını açıb kəlmə kəsməkdən yorula bilərdi. Guya ki, az danışmağı ona həkim məsləhət bilmişdi.

Bir dəfə necə oldusa, anası söhbət əsnasında aşağı məhəllədə yaşayan Ağayarın adını çəkdi, dedi ki, çox xeyirxahdı, əltutandı, onun-bunun işinə yarayandı, bəd ayaqda qohum-qonşunun karına gələndi… Anası bunları dedi və heç şübhə də eləmədi ki, əri adətincə qulaq asacaq, amma kəlmə kəsib danışmayacaq, işini arvadını sakitcə dinləməklə bitmiş hesab edəcək. Yox, ağbirçək anası gərək biləydi ki, ahıl əri aşağı məhəllədəki yaşlı Ağayarı daha yaxşı tanıyır. Çünki hər ikisi kişidi, məclislərdə, adam arasında, dükan-bazarda görüşürlər, məhəllədə, çayxanada rastlaşırlar.

Kişi arvadına çəp-çəp baxdı. Atası üçün bu, etirazın ən yüksək pilləsi idi. Anası isə iş görə-görə danışdığından kişisinin baxışlarını tutmadı və hətta ona elə gəldi ki, əri onu heç eşitmir. Ona görə dediklərini bir də dedi və o, uşaq ağlı ilə anladı ki, anası işləri korladı. Bu anın gərginliyi onun üçün gözlənilməz və dəhşətli keçdi. Həmin əhvalatın üstündən xeyli vaxt ötmüşdüsə də, atasının elə bil alışıb yandığı, üzünün allandığı hələ də aydınca gözləri önünə gəlirdi. Bu söhbət olanda gecə yarıdan keçmişdi. Atası anasını da, onu da götürüb evdən çıxdı. Qapını bağlayıb gecənin qaranlığında aşağı məhəlləyə doğru getdilər. Atası kimi indi anası da susurdu. Ancaq ərinin arxasınca səssizcə addımlayır, qaranlıqda büdrəməkdən qorxduğu üçünmü, yoxsa yersiz danışdığını anladığındanmı, cınqırını çıxarmırdı. Ola bilsin ərinin nə istədiyini ayırd etmək üçün baş sındırırdı.

Aşağı məhəllədə Ağayargilin həyət qapısı tuşuna çatanda qabaqda gedən atası ayaq saxladı, gecənin zülmətindən azca seçilən qapını döydü. Aradan xeyli keçdi. İndi Ağayarın həyət qapısı önündə üç kölgə intizarla gözləyirdi. Kölgələrdən yalnız irəlidə duranı bilirdi ki, bura niyə gəliblər, onlar nə etməlidirlər, nə danışmalıdırlar…

Haçandan-haçana əvvəlcə ayaq səsləri eşidildi, sonra Ağayarın kölgəsi göründü. Gözlərini ovuşdura-ovuşdura qapını açıb, yuxarı məhəllədə yaşayan qonşusunu görəndə özünü itirdi, təəccübündən kəkələyə-kəkələyə «xoş gəlmisiz» dedi və dili elə o cür dolaşa-dolaşa onları evə dəvət elədi. Səsə Ağayarın yekəpər arvadı da çıxdı. Adı Şahbəyim olsa da, məhəllədə ona Şahsuvar deyirdilər. O vaxt uşaq olduğundan başa düşmürdü ki, cılız Ağayarın əndamlı arvadını niyə Şahsuvar çağırırlar. Ata-anasının bu səssiz-səmirsiz «dava»larının səbəbi də ona çox sonralar, ağlı kəsəndə aydın oldu. Qısa hal-əhvaldan sonra atası dedi ki, bəs, Ağayar, əlim aşağıdı, məvacibimi gecikdirirlər, imkanın varsa, mənə bir az əlborcu ver. Bunu eşidəndə anasının gözləri az qala hədəqəsindən çıxacaqdı. Axı, onların borc pula ehtiyacları yox idi. Bu günədək qohum-qonşuya, tanış-bilişə də həmişə özləri yardım eləmişdilər. Yox, Ağayarın qapısına gecənin bu vaxtı pul üçün gəlməmişdi əri, arvadının haqsız olduğunu sübut eləməkdən ötrüydü bu həngamələr…

Ağayar qonşusunun sözlərinə inanmadı – bu, gözlərindən, gülümsəməyindən hiss olunurdu. O, yaxşı bilirdi ki, qonşusu imkanlıdır, beş-on manata görə gecənin bir aləmində arvad-uşağı arxasına salıb qonşu qapısı döyənlərdən deyil. Bununla belə, Ağayar başını yana əyərək əlini belinə qoyub dayanmış Şahsuvarla baxışdı və sonra onlar qonşu otağa keçdilər. O, atasının üzündəki ifadədən ürəyindəkiləri oxuya bilmədi. Amma hiss elədi ki, nəsə çox ciddi bir şeydi bütün bunlar.

Anasının bənizi ağarmışdı. Bərk peşmançılıq çəkdiyi gözlərindən duyulurdu. Evdə bilsəydi ki, əri onu bircə sözünə görə Ağayarın qapısına gətirəcək, vallah, ağzına su alıb durardı.

Anasını indi bir şey də iztirabdan qurtara bilərdi. O da bu idi ki, Ağayarın Şahsuvarla yan otaqdakı məşvərətləri tez qurtarsın və onlar gəlib atasına borc pul versinlər. Atası da görsün arvadı haqlı imiş, danışığı elə-belə tərif deyilmiş, Ağayargil, doğrudan da, xeyirxah adammışlar…

Qonşu otaqda məsləhətləşmə uzun çəkdi, ya da ona elə gəlirdi. Atası oturduğu yerdən qımıldanmır, gözlərini zillədiyi məchul nöqtədən ayırmağa sanki ehtiyat edirdi. Anası isə elə hey yerində qurcalanır, narahatlığını, intizarın üzüntüsünü gizlədə bilmirdi. Gah oğlunun başını tumarlayır, gah əllərini soyuqmuş kimi ovuşdurur, gah da titrək, sümüklü barmaqlarını düymələri axıracan bağlanmış qoftasında gəzdirirdi.

Nəhayət yan otağın qapısı cırıldadı. Ağayar süni təbəssümlə gəlib pulu atasına verəndə o, burnunda nəmqarışıq naftalin qoxusu duydu. Mısmırığı yerlə gedən Şahsuvar ləngər vura-vura ərinin arxasınca gəlib otağın qapısı ağzında dayandı. Görünür, əri ilə mübahisələrdə birinci dəfə idi ki, üstünlüyü əldən vermişdi.
Atası pulu götürüb «İki günə qaytararam» dedi və ayağa durdu: «Ya Allah!»

O, atası ilə anasının arasında yeriyirdi. Atası yol gedəndə heç vaxt arvadını arxada buraxmazdı, bu gecə nədənsə adətinə xilaf çıxmışdı. Onun fikrincə, atası bu «davada» uduzmuşdu. Bəs niyə təmkinini pozmurdu, niyə uduzanlar təki pərt deyildi – bax, bunu anlamırdı.

Anası isə, görünür, mübahisədə haqlı çıxdığına fərəhlənir və fikirləşirdi ki, ərinin ona nahaq acığı tutdu və gecə yarısı oyun açdı, hirslənməsəydi, sözünün başına ip salmasaydı, bu boyda həngamə də olmazdı. Yəqin sabah bütün məhəllə, şəhər biləcək, danışacaq. Deyərlər gör nə günə qalıblar ki, gedib Şahsuvardan borc alıblar.

O, məğlub atanın üzünə baxmaqdan ehtiyatlanır, gözlərinin qalib ananın gözlərinə sataşacağından qorxurdu. Ona görə də səssiz-səmirsiz ortada getmək indi onun üçün daha əlverişli idi.

Gəlib evlərinə çatdılar. Atası işığı yandırdı, otağın ortasında qoyulmuş dəyirmi stolun arxasında oturdu. O, qorxa-qorxa başını qaldırıb gözləri ilə atasının baxışlarını axtardı. Tapdı. Atası nəinki pərt deyildi, əksinə, gülümsəyirdi. Ata da bayaqdan dinməzcə onların arxasınca gedib-qayıdan, bu gərgin anları yaşayan oğluna baxdı, şəhadət barmağı ilə onu çağırıb yanında otuzdurdu. Atası səhərdən kəlmə kəsməyib böyüklərin yanında lal-dinməz dayanan övladının başını sığalladı, «lap atovun oğlusan!» deyib hətta gülümsədi də. Ata-oğul yalnız yemək, çay süfrəsi arxasında bu qayda ilə yanaşı oturardılar. İndi isə gecə çoxdan yarıdan keçmişdi, süfrə ola bilməzdi. Amma mətbəxdən boylanan arvad ərini uşaqla adətlərincə oturduğunu görüb, bildi ki, bu tezliklə yatmayacaqlar, ona görə də çay tədarükünə başladı. Çox keçmədi ki, kiçik məcməyidə üç stəkan çay gəldi və ata çayları süfrəyə düzməyə macal tapmayan arvadına astadan dedi: «Birini də zəhmət olmasa, gətir». O, atasının sözündən heç nə anlamadı və gördü ki, anası da bir şey başa düşmədi, amma dinməzcə dördüncü stəkan üçün mətbəxə sarı getdi.

Elə bu zaman qapıları döyüldü. Atası bunu gözləyirmiş kimi arxayınca durub təmkinli addımlarla, sol əlini şalvarının cibindən çıxarmadan qapıya getdi. Sağ əli ilə qapının qıfılını aça-aça, sol əlini cibindən çıxartdı, amma ovcunu sıxılmış vəziyyətdə saxladı. Uşağı qorxu qarışıq həyəcan, maraq bürümüşdü. Bu gecə nə qəribə gecə idi?

Ondan az həyəcanlı olmayan anası da kiçik məcməyiyə düzdüyü dördüncü çay stəkanı ilə göründü və təəccüblü baxışlarını qapıya yönəltdi.
O, anasını heç vaxt belə görməmişdi.
O, anasını birinci dəfə idi ki, qocalmış görürdü.

Atası qapını aralayanda Ağayarın çəlimsiz vücudu peyda oldu. Günahkar uşaq kimi boynunu büküb gözlərini rəngi yenicə qurumuş və elektrik işığını əks eləyən döşəmədən çəkməyib kəkələyə-kəkələyə astadan dedi: «Bilirsən… məsləhət belə oldu ki… özümüzün də, doğrusu, ehtiyacımız var…»
Atası buna bənd imiş kimi sol əlində hazır tutduğu pulu Ağayarın döş cibinə dürtdü və guya bununla onun iztirablarına mümkün qədər tez son qoymağa çalışdı, dedi: «Arxayın ol, üstündən götürməmişəm». Sonra onun qolundan tutub çay süfrəsinə buyurmağa nə qədər təkid elədisə, Ağayar razı olmadı. «Çox sağ ol, sağ ol, Allah razı olsun…» deyə-deyə getməyə tələsdi. Səsində, hərəkətlərində sevinc aşkar hiss olunurdu. Elə bil itirdiyi qiymətli bir şeyi aylarla axtarandan sonra nəhayət tapmışdı.

Ağayar uzaqlaşandan sonra atası qapını astaca örtüb cəftəni çəkdi. Uşaq burnunda Ağayargildə olduğu kimi yenə nəmqarışıq naftalin qoxusu duydu. Atası əllərini yumağa gedəndə anasına sarı dönüb mülayim səslə: «Yerləri sal, gecdir», - dedi. Anası isə yerləri salar-salmaz atası vanna otağından çıxıb işıqları söndürdü.

O çox-çox sonralar anladı ki, arvadının pərtliyini görməmək üçün atası işıqları tez-tələsik söndürmüşdü. Kişi ömrünün sonuna qədər Ağayar söhbətinə qayıtmadı. Haqsız olmasa da, ürəyində həmişə bu hadisəyə görə peşmançılıq çəkdi.

O, ağlıkəsən vaxtlarında necə olmuşdusa, bu əhvalatı atasına xatırlatmışdı, atası isə bığaltı gülümsəyib demişdi: «Hm, onun günahı özümdə idi. Dolaşıq vəziyyətdən çıxmağı bacarana ağıllı deyirlər, amma çıxılmaz vəziyyətə düşməyən adama müdrik. Mən haqlı olduğumu sübut etməklə heç nə qazanmadım, əksinə, anan bunu yaddan çıxartmağa çalışsa da, mənə elə gəlir ki, yazıq arvad son nəfəsinə kimi özünü qarşımda günahkar kimi aparırdı…»

Bu çoxdankı əhvalatı xatırlayınca arvadı qab-qaşıqların hamısını artıq yuyub qurtarmışdı. Kran açıq qaldığından su nazik, şəffaf boru kimi axır, incə şırıltı səsi çıxarırdı. Krana, bulaşıq-təmiz qab-qaşığa, üzəri ağ lif zərrəcikləri ilə dolu stəkan-nəlbəkiyə baxa-baxa dəfələrlə onun ürəyindən keçmişdi ki, arvadının yaxın həkim rəfiqəsinə zəng vurub hal-əhval tutsun və sonra da arvadının eşidəcəyi tərzdə soruşsun: «Qabları yuyandan sonra…» İndi də ürəyindən bu fikir keçəndə atasının sözləri yadına düşdü və o, «allah şeytana lənət eləsin!» deyib durdu, kranı bağladı, dodaqaltı mızıldandı: «Sən, axı, atovun oğlusan…»
Təzədəm çay süzüb gətirmiş arvadı ərinə tərəf boylandı: «Eşitmədim, nə dedin?»

– Heç, deyirəm, çayımızı içək, sonra çıxaq şəhərə, bir az gəzişək. Çoxdandır heç yerə getmirik. Nə qədər evdə oturmaq olar?!
Arvadı gülümsəyəndə çöhrəsi altı il əvvəl olduğu kimi işıqlandı, üzünün təravəti artdı, kiçik lifləri xatırladan incə qırışlar da gözlərinin ətrafından elə bil yoxa çıxdı. Və o, bir də ona görə sevinirdi ki, hamilə olduğunu ərinə deməkdən ötrü əcəb məqam yetişmişdi…

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az