Aydan Ay: "Mən bir bulud fəslində doğuldum..."

Aydan Ay:
Mən bir bulud fəslində doğuldum,
bir bulud fəslində!
İçimi vərəqləyirdi Tanrı,
anamın səsi gözləyirdi məni
hələ qoyulmamış,
solğun və ahıl adımın kölgəsində.

...Mən bir bulud fəslində doğuldum,
bir bulud fəslində!
Üzümü göydən dənləyirdi sərçələr... 
Dənlədilər, anamın ovucuna səpdilər.
"Aç ovucunu, bax, qızındı"- dedilər.

Üzüm duaya döndü sonra,
...şəkil oldu, ağladı, soldu sonra.
Çünki çərçivələr ona yaddı.
...Ovucları qucaq qoxan anaya
baxdı, baxdı, darıxdı,
qırdı çərçivəni.

...Ey uzaq,
ey yel,
ey yol,
ey qərib!
Hara büküb gizlədiniz 
mən doğulan fəsli?
...Hanı o ağac üstə mürgü döyən yarpağın?
Yarpaqda da
yamyaşıl, yamyaşıl günəş qəmi... 

...Mən bir bulud fəslində doğuldum,
bir bulud fəslində!

Aydan Ay


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az