Aydan Ay: "Yuxu adamlar və mən" (esse)

Aydan Ay:

Aydan Ay

Dərin bir mavilik döyünürdü göz bəbəklərimdə...Döyüntüsünü eşidirdim. Bütün rəsmlərdə adamlar nəfəsiylə, qoxusuyla salamat idi. Gözlərimin nəvazişi ilə gerçəkliyi qucaqlamaq istəyirdilər. Bu doğmalıq mənə gözlərimdən bətniməcən var olduğumu xatırladır.

Gözlərimdən köksümə axan yuxu adamlar var idi...Tam gözlərimi açıb "eyy, işıq sən gözlərimin əbədi səsisən!" deyəcəkdim yuxu adamlardan biri çağırdı:

- Eyy...Bilirsənmi yarpaqlar yaşılı ilə sağdı.

Gülümsədim. O isə davam etdi:

-Eyy... Bilirsənmi bütün var olanların pıçıltıları ağappaqdı.

Rənglə içindəki Göyü. Sonra de ki;

 -Eyy, ruhumun əzizi sükut. Varlığımın səsi ol, döyün. 

Ağappaq pıçıltılar həmişə özü ilə ümid gətirər. Get o pəncərəni aç. Rənglər kimi məsud olacaqsan. Sonsuzluqda, zamansızlıqda əriyib günəşə hopacaqsan.
Dərviş misalı, yolunu, yolçunu, qürubunu, sübhünü özünə sarı yola çıxanda tanıyacaqsan. Sən rənglərin gözlərinə gəldiyi yolu bildiyin kimi rənglər səni anlamışdı.
Yuxu adamların dediyi kimi: - Quşlar darıxır, çünki qanadlarında mavinin izi var. Onlar uçuşunu mavinin ixtiyarına buraxıblar. Azadlıq və həsrət qoxulu duru, dərin, ilıq mavinin.

Yuxuma gələn mavi ev, mən qeybə çəkilənə qeder itmə gözümdən.
Bir də gel. Gəl ki, uşaqlığım hər yuxudan oyananda boynumu qucaqlasın. Yuxuna gəlmişdim -desin. Gördünmü məni? Yaşadınmı məni?
Doydunmu məndən?- desin.
...və büsbütün rənglərə həkk etsin məni...
Susub, bütün uşaqları yarasından tanıyıb, yarasını öpüb getməsin, qalsın mavi kimi.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az