"Aydın Canıyevi həbsə atın" -“Təəssüflər ölkəsi”nin “media” meydanından REPORTAJ ƏVƏZİ


Aydın Canıyev
 
və yaxud 
İdeoloqu yalançı xalqın düşməni... qalib olar!

"Təəssüflər ölkəsi”dir gözəlim Azərbaycan – Xocalısıyla, Qarabağsızlığıyla. Hətta ölkə başçısının təbliğ olunan imiciylə! Bir əcnəbi gələ, televiziyalarımıza baxa, KİVDF-nin maliyyəsi ilə çıxan qəzetləri oxuya, sonra sizə davasını döydüyüm faktla tanış ola, and ola Xruşşovun cəddinə, Çörçillin seyidliyinə, yəni serlyinə, Şarl dö Qollun igidliyinə, başına hava gələr. O mənada ki: dövlət başçısı çıxışını yekunlaşdırıb deyirsə ki, dünyada ikinci bizim kimi vətəndaşını düşünən ölkə yoxdur, amma görsə ki, bir dənə Əziz Əliyev bu ölkədə özünü hətta erməni Monte Melkonyandan, rus Mariya Zaxarovadan, gürcü Zviad Qamsaxurdiadan da lotu aparır, təəssüf edərmi, etməzmi?!
Hətta Leninlə Stalin elə qələt eləməyib Mircəfər Bağırovun ağzıyla!
Nədir o qələt?

Təbii, erməni, gürcü, bir az da özümüzünkülər istilaçı çarizmə (bir müddət isə formal olaraq görüntüdə adı sosializm olsa da), velikorus şovinizminə dəstək verərək, həm torpaqlarımızı, həm də düşüncəmizi məhv etsələr də, bunu birbaşa etməyiblər. Adını sovet birliyi, xalqlar dostluğu qoyub don geyindiriblər. Amma adı Əziz olsa da, etdiyi hərəkətlə əzizimiz olmayan Əliyev bunu heç kimi heç harasına almadan edib.
Qısa, konkret və lakonik deyək: Mətin Yaşaroğlunun istefaya göndərilməsi, - hətta geriyə addım atılmasın deyə, guya da öz xoşuyla işdən getməsi, - "Sputnik”-ruscanın həm taleyində, həm də redaksiyasında qeyri-qənaətbəxş təbəddülatların hakimliyindən xəbər verir.
Mətbuata çox ağır bir ittiham ötürülüb: "Moskva ofisi tələb edir ki, şef-redaktor Qarabağ məsələsində erməni mövqeyini dəstəkləyən siyasət yürütsün”.
Belə göstərişi azərbaycanlı jurnalistə verməyə cəsarət edən ofis rəhbərinə ən mədəni halda rusca 3-lük (ya hərflə, ya da həndəsi fiqurla) cavab verilməli və dövlət səviyyəsində... ofis bağlanmalıdır – necə yəni erməni mövqeyi üstün tutulmalıdır!?
Bu, həm də ona görə edilməlidir ki, Qarabağ məsələsində "Marqarita Simonyanın müxbiri və müxbirələri” kimi üzə çıxanlar layiqli cavabını almış olsunlar!

Dövlət... pul qarşılığında vətənin mövqeyini ən qatı düşmənə qurban verənləri hətta işlə təmin etmək barədə düşünməyə bilər! Cəhənnəmə özləri və balaları ac qalacaq – onlar sərgilədiyi mövqeylə bunu haqq etdilər.
Redaksiya heyəti (əgər sızan, sızdırılan və əldə olunan məlumatlar doğrudursa) həqiqəti bildiyi halda, "vətəndaş itaətsizliyi” göstərmirsə, kütləvi tətilə çıxmırsa (istefadan söhbət belə gedə bilməz) rəhbərliyə qarşı, nəinki dolayısıyla, peşə həmrəyliyi bir yana qalsın, vətənin mənafeyiylə bağlı birbaşa qələm birliyini nümayiş etdirmirsə, deməli, Xocalı soyqırımı davam edir! Erməni həmişə bir addım qabağa gedirdisə bizdən, indi yüz addım irəlidədir: daha heç bir itki vermədən, işğalın coğrafi-iqtisadi mərhələsini adlayıb, zehni stadiyaya keçib! Bu ölkənin ordusunda, hakimiyyətində, iqtisadi qollarında erməni izi açıq-aşkar hiss olunub, olunur, olunacaq da, ədəbiyyatda da cəhdləri nəzərə alsaq, artıq görürük ki, bu... jurnalistikada çiban kimi üzə çıxır!

Bu İNSİDENTİ – Mətin Yaşaroğlunu fərd olaraq yox, Azərbaycan jurnalistinin ümumi obrazı kimi, qorumalıyıq, - beşikdəcə boğmaq artıq dövlətin ictimai-siyasi orqanının boynunun borcu!
Bu insidentin PRESEDENTƏ çevrilməsi yolverilməzdir!

Heç bir halda beynəlxalq güclərin "xalqları sülhə hazırlamalı” göstərişi milli mövqenin bu cür aşağılanmasıyla cəzalandırılmasına yol verilməməlidir – rəzil olan Əziz Əliyevlərin, Marqoların əliylə! Əgər Qərbə, AŞ PA-ya, Rusiyaya sübut etmək lazımdırsa ki, "Mətin Yaşaroğlu” uzaqlaşdırıla bilməz, "xalq” narazılıq edir, mən razıyam: Aydın Canıyev və Aydın Canıyevlik etməyə hazır olan bir neçə jurnalisti atın həbsə - adını-maddəsini "iğtişaş yaratmaq cəhdi, kütləvi itaətsizliyə çağırış, xalqlar arasında düşmənçilik toxumu səpmə” filan... Eybi yox, sonra əfv ərizəsi yazarıq, aparılan daxili və xarici siyasətdən məmnunluq ifadə edərik, qarşınızda baş da əyərik, əfvə salıb buraxarsınız... əgər beynəlxalq güclər sizi çox sıxırsa!!! Amma və lakin... heç bir halda milli qüruru və özgürlüyü düşmən diqtəsiylə məhv etməyə yol vermək olmaz!
Əlbəttə ki, Mətin Yaşaroğlu professional jurnalist olaraq, işsiz qalmaz, hərçənd artıq işsizdir və çox güman da ki, qalacaq – "Vesti.az”ın açılmağına icazə verilməyib, Azərtac, Azvizion-da ona uyğun iş tapılmaz, Ayna-"Zerkalo” can üstədir və s. və s. Söhbət həm də axı təkcə işləməkdən və işləməməkdən getmir!

Söhbət... cinsən qadın Marqonun cinsən əynişalvarlı Əziz Əliyevin əliylə bizdə jurnalistika qayırmaq istəyindən və niyyətindən gedir: "Azərbaycan Qarabağ məsələsində erməni mövqeyini işıqlandırmalıdır” hikkəsindən!

Əfəndilər, bəylər, ledilər, centlmenlər, serlər, lordlar, imkan verin sizə inanaq ki, sizlər həm də arada... xalqımızı düşünürsünüz! Biz hər günümüzü o ümidlə açırıq ki, dövlət və hökümətin bizi təcavüzdən qoruyacağına əmin olarıq, amma hər gün də görürük ki, Xocalı faciəsi bitməyib, əgər əvvəl bizi Monte Melkonyan qətl edirdisə, indi "ağlifçikli”lər bizimlə "olvis-ultra” kimi rəftar edirlər!
Başa düşdük: Obama-Tramp-Mitteran-Makron-Yeltsin-Putin güclüdürlər, onlara "yox” demək olmur, dözürük, görək harayacan gedirk, harda neyləyirik, day Marqoya da? Olmadı ki! Mariya Zaxarovanı da bəd ayaqda başa düşməyə çalışarıq, deyirsiniz Marqoya da "yox” deyə bilmirik? Nəcməddin Sadıqovu bildik, day Əziz Əliyevi də yerində oturtmaq olmur? Yəni bu qədər təəssüflənəsi ölkədəyik? Hanı, bə deyirdiniz...

Mən yaddaşımızın bir küncünə yazdım: Mətin Yaşaroğlu geri qaytarılmırsa, bu... Azərbaycan dövlətinin təəssüfü olacaq! Artıq ermənilər bizimlə işğal etdikləri ərazilərdən o üzdəki kimi rəftar edirlər - adı bizim olan evimizin içində at oynadır! Marqonun timsalında. Bir dövləti aşağılamaq üçün bundan əskik variant ola bilməz!
Bizə analoqsuzluq nağılı danışmayın. Hərçənd düz buyurursunuz – analoqumuz yoxdur!

p.s. Bu yazını yazmazdım. Qətiyyən yazmazdım. Azərbaycan jurnalistlərini iqtidarın satın almasına qətiyyən narahat olmamışam. Amma Azərbaycan jurnalistlərinin ermənilərə satılmasına susmaq olmaz! Mətin Yaşaroğlu kimi jurnalisti, - professional olduğundan qat-qat artıq vətənpərvəri, - erməni Moskvada oturub Bakıda cəzalandırırsa, Aydın Canıyevi istənilən an qəbrə də qoya bilər! Mən dövlətimdən təhlükəsizliyimizə - jurnalistikamızın işğalı qarşılığında - zəmanətin qədərini aydınlaşdırmaq üçün yazdım.
Ya "Sputnik” Azərbaycanda Azərbaycan üçün işləməlidir, azərbaycanlılarla işləməlidir, ya da "Marqo müxbirləri və müxbirələri” bir əmrlə əbədi susdurulmalıdır!
Mən dövlətimizin gücünə inamımı itirmək istəmirəm, bütün deyilənlərdə nəyin yalan olduğunu bilsəm də, o yalanları həzm etsəm də, bu... yolverilməzdir! Çünki... həqiqətdir!
 
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az