Azərbaycan bayrağında İslam rəmzi niyə aşağıdadır? -Gözlənilməyən izah…

Azərbaycan bayrağında İslam rəmzi niyə aşağıdadır? -Gözlənilməyən izah…


Bəzən üçrəngli müqəddəs  bayrağımıza baxan istər müsəlman, istər qeyri-müsəlman vətəndaş, soydaşlarımız, yaxud əcnəbi qonaqlarımızın beynində belə bir sual yaranır ki, Azərbaycan müsəlman dövlətidirsə, nədən onun dövlət bayrağında İslam rəmzi olan yaşıl rəng aşağıdadır. Xüsusən özlərini hamıdan çox müsəlman sayan bəzi qardaş-bacılar buna hiddətlənirlər ki, deməli, bu dövlət üçün türkçülük, çağdaşlıq, müasirlik, yaxud qərbçilik, avropaçılıq İslamdan, müsəlmanlıqdan, Allaha bağlılıqdan üstündür, yuxarıda dayanır... Hətta güney müsəlman qonşumuzun Bakıda, yaxud öz ölkələrində, xaricdə təşkil etdiyi tədbirlərində bilərəkdən Azərbaycan bayrağı elə qoyulur ki, yaşıl rəng yuxarıda olsun... Bu məsələ üstündə dəfələrlə aramızda incikliklər yaranır...

Qardaşlar, bacılar, dindaşlar, soydaşlar, bu, tamamilə yanlış bir düşüncədir. Əvvəla, Allah qatında yuxarı-aşağı anlayışı yoxdur.  Yaradanı göydə arayan inanclılar da yanılırlar. Allah hər yerdədir... Eləcə də onu sevən qəlbimiz, ona bağlı olan ruhumuz... Deyə bilərikmi, qəlbimiz, ruhumuz başımızdan aşağıdadır, yoxsa yuxarıda?.. Allah sevgisi, Ona təslimçiliyimiz də - İslam da qəlbimizdədir, ruhumuzdadır. Və qəlbimizin, ruhumuzun məkanca harada yerləşməsindən asılı olmayaraq o, bütün cismimizin fövqündə dayanır...

Məsələnin sırf üçölçülü dünya sistemindən yanaşdıqda da məntiqi izahı var. Deyin, görək Yer üzündə tikilmiş və ya tikilməkdə olan hansı binanın bünövrəsi aşağıda yox, yuxarıdadır? Fiziki dünya qanunları baxımından belə bir bina tikmək mümkündürmü?.. 1918-ci ildə Azərbaycanın növbəti  müstəqil dövlətini quran babalarımız da, çox güman ki, onları və bizləri İslam fundamentalizmində günahlandırmağa bəhanə axtaracaq Qərbin anlamayacağı bu məntiqi nəzərə almışlar. Və İslam rəmzi olan yaşıl rəngi aşağıda qoymaqla hər şeyin, o cümlədən türkçülüyün də fundamentində, bünövrəsində, təməlində məhz Allah sevgisinin, ona təslimçiliyin- müsəlmanlığın dayandığını, İslama bağlılıq olmadan bir dövlət binasının uçacağını göstərmişlər...  Üstəlik, bayrağın tən ortasında - müasirlik- qərbçilik rəmzinin- qırmızı rəngin üzərində İslamdan da öncə türklərin daşıdığı, sonradan müsəlman dövlətlərinə də sirayət edən aypara və ulduz rəmzlərini yerləşdirməklə  müsəlmanlıq və türklüyün vəhdət təşkil etdiyini, bu ikisi olmadan çağdaşlığın, inkişafınn mümkün olmadığını və olmayacağını demək istəmişlər...

Odur ki, deyilənləri yaxşı düşünək və  müstərih olaq və qəlbimizdə öncə Allah sevgisini qoruyaq ki, ona dayanan xalqımız, dövlətimiz, bayrağımız da bu cahan durduqca var olsun!
Bayraq günümüz mübarək olsun!..

Sultan Laçın
Moderator.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az