Azərbaycan diasporu Moskvada TOPLANDI-Geniş fikir mübadiləsi

Azərbaycan diasporu Moskvada TOPLANDI-Geniş fikir mübadiləsi

İyunun 16-da  Moskvada Rusiya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları İttifaqının  növbədənkənar iclası keçirilib. 

Miq.Az xəbər verir ki, "Aerostar” otelində baş tutan tədbirdə Rusiyadakı Azərbaycan diaspor cəmiyyəti sədrləri və fəalları  iştirak edib. Növbədənkənar iclasın gündəmində müzakirə olunan əsas məsələ Rusiya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları İttifaqının regionlardakı nümayəndəlikləri mövzusu olub. Tədbir iştirakçıları Rusiya Azərbaycanlıları İttifaqının loqosu, nizamnaməsi, 2019-cu ilin tədbirlər proqramı ətrafında da geniş fikir mübadiləsi aparıb.

Tədbir iştirakçılarını salamlayan Rusiya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları İttifaqının prezidenti Füzuli Məmmədov qeyd edib ki, Rusiya Azərbaycanlıları İttifaqı vahid mərkəzdən koordinasiya edilən diaspor qurumu yaratmaq yolunda tarixi şansdır. Onun fikrincə bu zərurətə səbəb diaspor təşkilatlarının pərakəndə fəaliyyətinin fəsadları və bu böhranın həlli yolunda son illər onun müşahidə etdiyi uğursuz cəhdlərdir. 1988-ci ildən diaspor hərəkatında olduğunu söyləyən Füzuli Məmmədov, Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyət göstərdiyi müddətdə prezidenti olduğu Dünya Azərbaycanlıları İttifaqının federasiya  hüdudlarından kənarda daha fəal olduğunu xatırladıb: "Rusiya daxilində diasporumuzla Konqres sıx təmasda olduğundan bizim fəaliyyət arealımız digər dövlətləri əhatə edirdi. ÜAK 3 ildir ki, yoxdur. Bu 3 il ərzində nə guclu diasporu qura biləcək ideya, nə çoxsaylı diasporumuzun tanıdığı və rəğbətini qazanmış olduğu federal miqyaslı rəhbər, nə də səriştəli apparatın olduğunu görmədim”. F. Məmmədov əlavə edib ki, bu böhrana o laqeyd ola bilməzdi: "Rusiya Azərbaycanlıları İttifaqı təşəbbüsü də bu zərurətdən irəli sürülüb", deyərək, o fikrini tamamlayıb.

Sankt Peterburqdakı "Azərbaycan diasporu” təşkilatının sədri Sabir Məsimov öz növbəsində Şimal Qərb Federal Dairəsində Rusiya Azərbaycanlıları İttifaqının möhkəmlənməsi istiqamətində iş aparacağını qeyd edib.

Rusiya Azərbaycanlıları İttifaqın İdarə Heyətinin üzvü, tanınmış diaspor fəalı Tofiq Rzayev Kalininqrad vilayətində vitse-admiral Həmin Qasımbəyovun xatirəsinin əbədiləşdirilməsi yolunda şəxsən Fizuli Məmmədova maddi yardımına görə Baltiysk şəhərinin meri və ictimaiyyətinin minnətdarlığını bildirib. O layihənin uğurla davam edən icrası haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Yaroslavl Azərbaycanlıları Milli Mədəni Muxtariyyətinin sədri Asman Hüseynov, Velikiy Novqorod şəhərindəki "Bakılı” Azərbaycan mədəniyyət mərkəzinin sədri Elşad Qurbanov, Xabarovsk şəhərindəki "Azərbaycanlıların dostluğu” cəmiyyətinin sədr müavini Əhəd Əhədov, Voronej vilayətindəki "Xəzər” cəmiyyətinin idarə heyətinin sədri Eldar Sadıqov, Tatarstan Respublikasındakı "Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının” prezidenti Sərraf Kərimov, Kirov vilayətindəki "Azərbaycan” xeyriyyə fondunun prezidenti Elunur Hüseynov, Moskvanın Oçakov-Matveev rayonu uzrə milli mədəni müxtariyyət sədrinin müavini Rahib Bayramov, Rusiya Azərbaycanlıları İttifaqının İdarə heyətinin üzvü Mais Cəfərov və digər iştirakçılar geniş məzmunlu çıxışları ilə yadda qalıb.

Aşağıdakı siyahıda adı qeyd edilmiş soydaşlarımız açıq səsvermə yolu ilə Rusiya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları İttifaqının vitse-prezidentləri və Rusiya regionları üzrə rəhbəri vəzifələrini icra edən şəxslər kimi seçilib.

1. Mais Cəfərov – vitse-prezident 
2. Elnur Hüseynov – vitse-prezident
1. Asman Hüseynov – Yaroslavl şəhəri üzrə nümayəndəlik rəhbəri 
2. Eldar Sadıqov – Voronej şəhəri üzrə nüayəndəlik rəhbəri 
3. Elşad Qurbanov – Velikiy Novqorod şəhəri üzrə nümayəndəlik rəhbəri 
4. Elşən Əliyev – Ryazan şəhəri üzrə nümayəndəlik rəhbəri 
5. Rakif Əzizov – Dağıstan Respublikası üzrə nümayəndəlik rəhbəri 
6. Xanoğlan Əliyev – Moskva vilayəti, Ximki şəhəri üzrə nümayəndəlik rəhbəri 
7. Sabir Məsimov – Leninqrad vilayəti üzrə nümayəndəlik rəhbəri 
8. Sərraf Kərimov – Tatarstan Respublikası üzrə nümayəndəlik rəhbəri 
9. Tofiq Rzayev – Kalininqrad vilayəti üzrə nümayəndəlik rəhbəri 
10. Əli Kazımov – Moskva şəhəri, Oçakovo – Matveevsk rayonu üzrə nümayəndəlik rəhbəri

Qeyd edək ki, yuxarıda adı çəkilmiş şəxslərin vəzifə səlahiyyəti Rusiya Azərbaycanlıları İttifaqının növbəti qurultayına qədər qüvvədədir və qurultay zamanı səsvermə yolu ilə uzadıla bilər.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az