Azərbaycan əsgərinin cəsədi ermənilərin əlinə necə keçib...

Azərbaycan əsgərinin cəsədi ermənilərin əlinə necə keçib...
Xəbər verildiyi kimi dünən səhərə yaxın Azərbaycan-Ermənistan sərhədində, Çinari kəndi yaxınlığında döyüş baş verib 

Bu döyüşdə qarşı tərəfin təsdiq etdiyi kimi Ermənistan ordusunun üç hərbçisi-iki sıravi əsgər və bir zabit öldürülüb. Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Ermənistan ordusunun kəşfiyyat-diversiya qrupu pusquya salınıb və düşmən çoxlu itki verərək geri çəkilib. Bu zaman Azərbaycan ordusunun əsgəri Çingiz Qurbanov itkin düşüb.

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfini ittiham edərək bildirmişdi ki, erməni ordusunun postuna hücum olub və bu zaman Azərbaycan əsgərlərindən birinin cəsədi onların nəzarətindəki ərazidə qalıb. Və İrəvan bunu Azərbaycanın Ermənistan ərazisinə hücumunu sübut edən fakt kimi təqdim edərək hay-küy qaldırıb, KTMT blokuna müraciət olunub.

Lakin əsgərimizin cəsədinin düşmənin nəzarətində olan ərazidə qalması heç də baş verənlərə dair Ermənistanın versiyasını təsdiqləmir. Hərbi qaynaqlardan virtualaz.org-a məlum olub ki, hadisələr aşağıdakı kimi cərəyan edib: Ermənistan ordusunun diversiya qrupu Azərbaycan ordusunun mövqeyinə yaxınlaşıb və bu zaman pusquya düşüb. Döyüş başlayıb, döyüş zamanı əsgər Çingiz Qurbanov ermənilərin əhatəsində qalıb. Ciddi itki verib geri çəkilən düşmən əsgərimizin cəsədini (yaxud ola bilsin yaralı halda) Ermənistan ərazisinə çəkə bilib. Sonra onun fotosunu yayaraq Azərbaycan tərəfin hücumuna dair sübut kimi təqdim edib.

Əsgərimizin cəsədinin fotolarından görünür ki, o, xüsusi təyinatlı qüvvələrə mənsub deyil. Hansı ki, əgər söhbət erməni tərəfin iddia etdiyi kimi diversiya həmləsindən gedirdisə bu zaman xüsusi təyinatlılardan istifadə olunmalıydı. Əsgər Çingiz Qurbanov isə adi hərbi geyimdədir, heç zirehli dəbilqəsi və jileti də yoxdur. Məlumatlı mənbə bildirir ki, Ermənistan silahlı qüvvələri münzətəm olaraq bu cür diversiya həmlələri edərək Azərbaycan hərbçilərini əsir götürməyə çalışır. Bu dəfə isə düşmən həyasızcasına əsgərimizin cəsədini öz ərazisinə çəkərək Azərbaycanı "dövlət sərhədini pozub Ermənistana hücum etməkdə” günahlandırır.(virtualaz.org)
 
Miq.az