Azərbaycan-İran sərhədində daha bir atışma: ölən var - Fotolar

Azərbaycan-İran sərhədində daha bir atışma: ölən var - Fotolar

Martın 12-si saat 00:07 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının "Göytəpə” sərhəd dəstə­si­nin Yar­dımlı rayonunun Ostair kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikası əra­zisindən Azərbaycan Respublikası istiqa­mətində hərəkət edən 6 nə­fər silahlı naməlum şəxslər müşahidə olunub.

Bu barədə DSX-dan məlumat verilib.

Sərhəd zastavası "Silaha” komandası üzrə qaldırılmış, xid­məti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən "Dayan” əmri verilərək sərhəd pozu­cuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayaraq sərhəd naryadına qarşı odlu silahdan atəş açıblar.

"Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunu­nun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olun­muş və sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində ölüb. Digər sərhəd pozucuları əllərindəki yükləri ataraq ərazinin mürəkkəb relyefindən və havanın qaranlıq olmasından istifadə edərək geri qaçıblar.

Sərhəd nümayəndəliyi xətti ilə İran İslam Respublikasının sər­hədçilərinə hadisə barədə dərhal məlumat verilib. İİR sərhədçiləri tərəfindən təxirəsalınmaz axtarış tədbirləri həyata keçirilib.

Zərərsizləşdirilmiş sərhəd pozucusunun yaxınlığında əraziyə baxış zamanı 4 ədəd bağlamada külli miqdarda heroin və tiryək növündə narkotik vasitələr, külli miqdarda güclü təsirli psixotrop maddələr, 1 ədəd ov tüfəngi, 6 ədəd 12 mm çaplı ov tüfənginin patronları və gilizlər aşkar olunub.

Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və digər vəzifəli şəxslər əraziyə gəlmiş, hadisə yerinə baxış keçirmiş, əməliyyat-axtarış tədbirlərinin davam etdiril­məsinə dair zəruri tapşırıqlar verib. DSX rəisi İİR-in Muğan sahəsi üzrə sərhəd komissarı ilə ərazidə görüşüb, sərhəd pozucularının axtarışı üzrə birgə tədbirlər müzakirə olunub.

Vətən sərhədlərinin keşiyində ayıq-sayıq duraraq dövlət sərhədinin pozulmasının qarşısını almış hərbi qulluqçular təltifləndiriliblər.

Hazırda Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

Qeyd edək ki, iki gün öncə Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində də dövlət sərhədinin pozulmasına cəhd edilib. Sərhəd naryadı tərəfindən İrandan Azərbaycan istiqamətində silahlı şəxslərin hərəkəti aşkar olunub və qarşısı alınıb. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində olan sərhəd naryadının qanuni tələbinə və xəbərdarlıq atəşinə tabe olmayan sərhəd pozucuları tərəfindən sərhəd naryadına qarşı silah tətbiq edilib.

Nəticədə bir sərhədçimiz yaralanıb, biri isə həlak olub.

 






Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az