Azərbaycan meşələrində yanğınla bağlı

Azərbaycan meşələrində yanğınla bağlı
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycan ərazisində gözlənilən temperatur yüksəlməsi ilə əlaqədar meşələrdə yanğın təhlükəsinin baş vermə ehtimalının artıb-artmaması məsələsinə aydınlıq gətirib.

ETSN-nin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, hazırlanmış müxtəlif iqlim ssenarilərinə əsasən, Azərbaycanda növbəti illərdə orta illik temperaturun artım tendensiyası davam edəcək. 2040-cı ilədək ölkə üzrə havanın orta illik temperaturunun 1,5 dərəcə C, 2041-2070-ci illər ərzində 2,5 dərəcə artacağı gözlənilir. Temperaturun əsas artımının Mərkəzi Aran rayonlarında olacağı proqnozlaşdırılır. Dağlıq ərazilərdə isə temperaturun elə də yüksək artımı ehtimal edilmir.

Azərbaycanda meşələrin əsasən dağlıq ərazilərdə olduğunu nəzərə çatdıran A.Verdiyev qeyd edib ki, temperaturun artması birbaşa meşə yanğınlarına səbəb olmayacaq. Amma havanın mülayim, isti, quraq keçməsi meşə yanğınlarının baş verməsi üçün əlverişli şərait yarada bilər:

"Meşə yanğınlarının baş verməsi üçün ən əsas faktor insandır. İnsanların ətraf mühitə təsiri nəticəsində meşələrdə yanğınlar baş verir. Azərbaycanda da yay dövründə insan amili ilə əlaqədar müəyyən ərazilərdə meşə yanğınları müşahidə olunur”.

Qeyd edək ki, son illər ərzində ölkədə havanın orta illik temperaturu regiondan asılı olaraq, baza dövrünə (1961-1990-cı illər) nisbətən təqribən 0.8-1.9 dərəcə C artıb, atmosfer yağıntılarının orta illik miqdarı əsasən azalıb.

Kür-Araz ovalığının bəzi rayonlarında yağıntının miqdarındakı azalma 12-15 % olub, Abşeron yarımadasında və ondan şimalda yerləşən sahilboyu ərazidə isə 2-3% artıb. Bununla yanaşı, ilin isti dövründə yağıntıların miqdarı 3-17% azalıb. İllik temperaturun artım sürəti 134 il ərzində 0.8-1.4 dərəcə C, onilliklər üzrə isə artım sürəti təqribən 0.1 dərəcə C olub. Atmosfer yağıntıları 125 il ərzində bəzi ərazilərdə azalıb (Ağstafada 88 mm, Naxçıvanda 7 mm), Gəncədə isə 8 mm artıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az