Azərbaycan qadının bələdiyyələrdə rolu: Problemlər və gələcəyə baxış

Azərbaycan qadının bələdiyyələrdə rolu: Problemlər və gələcəyə baxış
Məqalə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi "Genderə həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” proqramı üzrə "Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi tərəfindən həyata keçirilən "Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi" layihəsi çərçivəsində hazırlanıb.

Azərbaycan Şərq ölkəsi olsa da, tipik, mental dəyərlərin və gender bərabərsizliyinin ön planda olduğu ölkələr sırasında deyil. İndi cəmiyyət həyatının bütün sahələrində aparıcı mövqeyə malik qadınlar görmək mümkündür, o cümlədən bələdiyyə orqanlarında. Bununla belə sözügedən sahədə tamamilə problemsizlik olduğunu söyləmək olmaz. Bir neçə sahəni çıxmaq şərti ilə həm kəmiyyət, həm keyfiyyət baxımından qadınların cəmiyyətdəki aktivliyi kişilərlə bərabər səviyyədə deyil.

Statistika nə deyir?


Statistika göstərir ki, Azərbaycanda qadınlar məşğul əhalinin 48,2%-ni təşkil edir. Elmi işçilərin 56 faizi, ümumi təhsil müəssisələrində müəllimlərin 79,8 faizi, orta ixtisas təhsil müəssisələrində 77,9 faizi, ali təhsil müəssisələrində 51,9 faizi, həkimlərin isə 65,7 faizi qadınlardır. Dövlət qulluğunda çalışanlar arasında qadınların çəkisi 28,5 faiz, sahibkarlar arasında isə 21,5 faizdir. Milli Məclisdə qadın millət vəkillərinin sayı 16%-i ötüb.

Son illərdə yerli özünüidarəetmə orqanları olan bələdiyyələrdə də təmsil olunan qadınların sayı artıb. 1999-cu ildə keçirilən ilk bələdiyyə seçkilərində qadınların iştirakı çox zəif olsa da, hər növbəti seçkidə bələdiyyələrdə onların mövqeyi möhkəmlənməyə başladı. Belə ki, 2004-cü ildə keçirilən bələdiyyə seçkilərində bələdiyyə üzvü olan qadınlar 4% idisə, 2009-cu ildə keçirilən bələdiyyə seçkilərində 26,5% bələdiyyə üzvü qadın seçilib. 2014-cü ildə isə bu rəqəm 35 %-ə çatdı.

İlk bələdiyyə seçkilərində 23 min bələdiyyə üzvündən yalnız 395 nəfəri qadın idisə, 2004-cü ildə keçirilən ikinci seçkilərdə qadınların sayı 800-ə, 2009-cu ildə 4081 nəfərə çatdı. Üçüncü bələdiyyə seçkilərindən sonra formalaşan bələdiyyələrə seçilən sədrlərin arasında qadınların sayı isə 302 nəfər idi.

Bələdiyyələrlə İş Mərkəzindən  verilən məlumatda bildirilir ki, son seçkilərdə (2014) qadınların bələdiyyədəki fəallığı daha da artıb:

"2014-cü il seçkilərində seçilmiş bələdiyyə üzvləri sırasında qadınların sayı 5236 nəfər olub və bələdiyyə üzvü seçilmiş qadınlar yerli özünüidarə işlərində fəal iştirak edirlər. Onlardan 167 nəfəri bələdiyyə sədri, 120-yə yaxını sədr müavini, 400-dən çoxu komissiya sədri vəzifəsində çalışırlar. Bələdiyyə qulluğunda qadınların geniş təmsil olunması diqqətəlayiqdir”.

Mövcud vəziyyət və problemlər

Demokratik dövlətlər idarəçilik sistemində yerli özünüidarəçiliyə geniş yer verirlər. Azərbaycan Konstitusiyasını 142-ci maddəsinə əsasən, yerli özünüidarəni bələdiyyələr (mənşəcə ərəb sözü olub, ”şəhər idarəsi” deməkdir) həyata keçirir. Bələdiyyələr yerli xarakterli problemlərin həllinə çalışır.

Digər tərəfdən, insan haqlarının ali dəyər kimi qəbul edildiyi demokratik dövlətlərdə qadın hüquq və azadlıqlarının təmini, gender bərabərliyinin qorunması məsələlərinə xüsusi həssaslıqla yanaşılır. Düzdür, ölkəmizdə bu sahədəki vəziyyət tam istənilən səviyyədə deyil. Xüsusilə bölgələrdə ailə təzyiqləri, erkən nigahlar, məişət problemləri və s. bu kimi səbəblərə görə, potensiallı qadınlar ictimai-siyasi həyatdan kənarda qalır. Lakin ildən-ilə stereotiplərin qırılması qadınların cəmiyyətdə, o cümlədən bələdiyyə orqanlarındakı fəaliyyətinin artması ilə müşahidə olunur.

1918-ci ildə Azərbaycan qadınları seçmək və seçilmək hüququnu qazansa da, parlamentə üzv seçilə bilməmişdilər. Zaman keçdikcə Azərbaycan qadını seçki hüquqları uğrunda mübarizəsini genişləndirdi, müxtəlif seçki qurumlarında təmsil olunmağa başladı. 1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini bərpa etdikdən sonra BMT, ATƏT, Avropa Şurası kimi beynəlxalq qurumlara üzv oldu. Hansı ki, bu təşkilatlar gender bərabərliyi, qadınların vəziyyətinin yaxşılaşdırılması kimi nüanslara xüsusi diqqət yetirirlər. Azərbaycan "Qadınların siyasi hüquqları haqqında" və "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" BMT Konvensiyalarına qoşulub. Konstitusiyamız qadınların kişilərlə bərabər hüququnu təsdiq edir. Ana yasamızın 56-cı maddəsinə əsasən, qadınların dövlət orqanlarına seçmək və seçilmək hüququ var. Qadınların seçki hüquqlarının tənzimlənməsi və həyata keçirilməsi "Seçki Məcəlləsində" də öz əksini tapıb. Ancaq buna baxmayaraq, dövlət strukturlarında, parlamentdə, bələdiyyədə, siyasi fəaliyyətlə məşğul olan qadınlaımızın sayı və fəallığı istənilən səviyyədə deyil. Düzdür, son illər say olaraq bu nisbət artan xətt üzrə inkişaf edir. Lakin kəmiyyətin artması heç də həmişə keyfiyyətin artması ilə nəticələnmir.

Düzdür, cəmiyyət inkişaf etdikcə, qərbə inteqrasiya olunduqca qadınların fəallığı artır. Lakin Bakı ilə müqayisədə bölgələrdə bu temp bir neçə dəfə yavaş gedir.

Ölkədə intellektual baxımdan kifayət qədər potensiallı qadın olsa da, müəyyən mental dəyərlər ucbatından onlar cəmiyyətə özünü göstərməkdən utanır və ya göstərməsinə mane olurlar.
Atılan addımlara baxmayaraq, ölkədə dövlət və yerli idarəetmədə qadınların aktiv iştirakçılığı istənilən səviyyədə deyil. Məsələn, bələdiyyələrdə qadın üzvlər arasında çoxalma müşahidə olunsa da, bələdiyyə sədri seçilən qadınların artımı çox ləng gedir.

Ümumilikdə Azərbaycanda seçkilər zamanı gender balansı pozulur. Həm seçilən, həm səs verən qadınlar kişilərdən az olur. Bütün bunlar bir daha onu göstərir ki, ölkəmizdə qadınların seçkilərdə fəallığının artırılması üçün onların maarifləndirilməsinə, bilik və bacarıqlarının artırılmasına böyük ehtiyac var.

Qadının problemini qadınlar daha yaxşı bilir. Təcrübə isə göstərir ki, sosial problemlərin əksəriyyəti qadınlarla bağlı olan problemlərdir. Buna görə də, yerli özünüidarəetmə orqanlarında qadınlara etimad göstərilməsi həm də həmin ərazidə yaşayan qadınlar üçün yeni bir ümid yeri ola bilər. Qadınların ictimai-siyasi proseslərə cəlb olunması üçün bələdiyyə seçkiləri böyük fürsətdir. Təəssüf ki, bir çox qadın bələdiyyə seçkiləri haqqında məlumatsızdır və ya az məlumatlıdır. Onlar seçki hüquqları barədə isə çox cüzi biliklərə malikdir. Məsələn, seçkilərdə namizəd olmaq istəyən qadın nə edəcəyini, prosesləri hansı ardıcıllıqla həyata keçirəcəyini bilmir.

Maarifləndirmə və gələcəyə ümidli baxış

Sevindirici haldır ki, Azərbaycan hələ 1918-ci ildə qadına seçkili orqanlarda təmsil olunma, seçmək və seçilmək hüququnu verməklə bütün Şərq ölkələrini qabaqlamışdı. Bu, müstəqilliyini yeni qazanmış bir ölkədə gender bərabərliyinin təmin olunması yolunda ilk böyük addım idi.

Bu gün də bu istiqamətdə tədbirlər görüldüyünü gözardı etmək olmaz. Bələdiyyələrlə İş Mərkəzindən Femida.az-a verilən məlumata görə, bələdiyyə orqanlarında qadınların rolunun artırılması üzrə Mərkəz tərəfindən mütəmadi tədbirlər görülür:
"Respublikada gender bərabərliyinin təmin olunması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində yerli özünüidarəetmə fəaliyyətində qadınların rolunun artırılması üzrə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən mütəmadi tədbirlər görülür, o cümlədən bələdiyyələrə bir sıra tövsiyələr verilir, maarifçilik tədbirləri təşkil olunur, bu sahədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan bələdiyyələrinin milli assosiasiyaları və digər dövlət və qeyri-hökumət təşkilatları ilə fəal əməkdaşlıq edilir”.

Bələdiyyə seçkisi ilk baxışdan siyasi yarış kimi görünsə də, burada daha çox sosial-ictimai məsələlər ön plana çıxır. Qadınlar bu fəallığın kənarında qalmamalıdır. Strateji məqsəd olaraq gender bərabərliyi və qadınlara etimad göstərilməsi, ən azından şans verilməsi əsas götürülməlidir.

Azərbaycanda qadınlar arasında maarifçiliyə, xüsusilə seçki maarifçiliyinə daim ehtiyac duyulur. Kəndlərdə yoxsulluğun və gender bərabərsizliyinin aradan qaldırılmasında bələdiyyələrin, xüsusilə bələdiyyə üzvlərinin rolu önəmlidir. Təəssüf ki, bəzən həyata keçirilən layihələr yalnız statistikadan ibarət olur. Bələdiyyə üzvləri qadınlarla bir dəfə görüşüb onlara məlumat verməklə işini bitmiş hesab edir. Lakin maarifləndirmə yalnız bir görüşlə, bir söhbətlə bitmir. Mütəmadi xarakter daşımalı, qadınlar üçün mütəmadi görüşlər, toplanışlar həyata keçirilməlidir.

10 il öncəyə baxıb müqayisə aparsaq, gələcəyə daha ümidlə baxmaq olur. 10 il öncə qadının hərbçi və ya polis olması qınaqla qarşılanırdısa, avtomobil idarə edən qadın görəndə təəccüblənirdiksə, bu gün artıq bu stereotiplər qırılıb.
Ölkəmizdə kifayət qədər ictimai təşkilatlar, QHT-lər fəaliyyət göstərir ki, onların bir çoxu qadın təşkilatlarıdır. Eyni zamanda birbaşa qadınlar tərəfindən təsis olunan qurumlar da mövcuddur ki, onlar cəmiyyətdəki sosial problemlərin həlli ilə məşğuldurlar. Bələdiyyə orqanlarında da qadınlara etimad daha da artırılmalıdır.

Amin Nəzərli



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az