Azərbaycanda 230-dan çox məhkum elektron qolbaq daşıyır

Azərbaycanda 230-dan çox məhkum elektron qolbaq daşıyır

Birləşmiş Ərəb Əmirliklərinin Baş Polis İdarəsinin təşəbbüsü ilə bu ölkənin məsul nümayəndəsi məhkumlara elektron nəzarət vasitələrinin tətbiqi təcrübəsini öyrənmək məqsədilə ölkəmizə səfər edib, Ədliyyə Nazirliyi Probasiya xidmətinin Elektron monitorinq mərkəzinin fəaliyyəti ilə tanış olub.


Miq.az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, tanışlıq zamanı qonağa elektron nəzarət vasitələrinin texniki xüsusiyyətləri, monitorinq sistemi vasitəsilə əlaqə yaradılmaqla məhkumların izlənilməsi prosesi, onların üzərinə qoyulmuş məhdudiyyətlərin sistemdə əks olunması, mərkəzdə növbətçiliyin təşkili ilə bağlı ətraflı məlumat verilib, elektron nəzarət qurğuları, o cümlədən elektron qolbaqlar əyani nümayiş etdirilib, təqdimat keçirilib.

Qeyd olunub ki, ölkə Prezidenti cənab İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli sərəncamına uyğun olaraq azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasının səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər görülür, bu məqsədlə Ədliyyə Nazirliyində yeni Probasiya xidməti yaradılıb, həmin cəzaların icrasında müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə olunmaqla elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb. Həmçinin Probasiya xidmətində müasir avadanlıqlarla təchiz olunmuş Elektron monitorinq mərkəzi fəaliyyət göstərir.

Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum olunmuş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə elektron qolbaqların tətbiq olunması həmin cəzaların effektiv icrasına nəzarətin təşkilinə imkan yaradır. Artıq 230-dan çox məhkum elektron qolbaq daşıyır ki, onlar müvafiq cəzalarını çəkirlər və Elektron monitorinq mərkəzi tərəfindən onlara fasiləsiz təsirli nəzarət həyata keçirilir.

Dövlət başçısının qəti siyasi iradəsi sayəsində qısa müddətdə ölkəmizdə probasiya institutunun tətbiqinə nail olunub və artıq bu sahədə Azərbaycanın təcrübəsinə digər dövlətlər tərəfindən maraq göstərilir.

Probasiya xidmətinin fəaliyyəti barədə məlumatları böyük maraqla qarşılayan qonaq gələcəkdə bu sahədə Azərbaycanın təcrübəsindən faydalanmaq məqsədilə Birləşmiş Ərəb Əmirlikləri Baş Polis İdarəsinin nümayəndə heyətinin ölkəmizə səfər etmək niyyətində olduğunu bildirib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az