Azərbaycanda bu pulları xırdalamırlar: Özbaşınalıq, yoxsa...

Azərbaycanda bu pulları xırdalamırlar: Özbaşınalıq, yoxsa...

"Məhz konkret əskinasla bağlı belə bir qərarın verilməsi əslində müəyyən hüquqi kazus doğurur, çünki Azərbaycan qanunvericiliyinə əsasən, əgər valyutadəyişmədə istənilən əskinas istifadə oluna bilirsə, xüsusi bir əskinasa rüsum qoymaq ancaq vətəndaşın razılığı əsasında ola bilər. Bu, vətəndaşla əldə olunmuş müqavilə və razılaşma əsasında baş verə bilər".


Bunu Sonxeber.az-a iqtisadçı ekspert Natiq Cəfərli bəzi banklarda 500-lük avronun xırdalanmaması və müəyyən çətinliklər yaradılması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Banklar xırdalamır

Xatırladaq ki, bəzi banklar 500-lük avronu xırdalamır, kiçik nominallı avro əskinasları almaq çətinləşib. Banklardan biri qeyd olunan əməliyyatı həyata keçirmək üçün şərt qoyub, belə ki, bu əməliyyat bankın müştərisi olan və hesab üzrə əməliyyatlar aparan şəxslər üçün keçərlidir. Digər bankda ərizə doldurmaq tələb olunur. Başqa bir bankda isə 500 nominallı avro əskinasların daha kiçik nominallara dəyişdirilməsi üçün 1% komissiya haqqı təyin edilib.

Bank və müştəri müqavilə bağlaya bilər

Onun sözlərinə görə, kommersiya banklarının özləri hər hansı bir tarif və ya ödənişlə bağlı qarşılıqlı razılaşma əsasında müştərilərlə ilə müqavilə bağlaya bilər: " Ancaq bu, valyutanın dəyişdirilməsi məsələsinə aid deyil, çünki valyutanın rəsmi məzənnəsi Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyənləşdirilir. Burada başqa bir məsələ var, belə ki, alış-satış qiymətlərini AMB artıq tənzimləmir. Əvvəllər 3 faizlik dəhliz müəyyənləşdirmişdi, indi o dəhlizi götürüb. Əgər bu dəyişmə ilə bağlı məzənnə fərqini qoysaydılar, kommersiya banklarına heç kim heç nə deyə bilməzdi".

Məhkəmədə iddia qaldırmaq olar

N. Cəfərli qeyd edib ki, məhz konkret əskinasla bağlı belə bir qərarın verilməsi əslində müəyyən hüquqi kazus doğurur: "Çünki Azərbaycan qanunvericiliyinə əsasən, əgər valyutadəyişmədə istənilən əskinas istifadə oluna bilirsə, xüsusi bir əskinasa rüsum qoymaq ancaq vətəndaşın razılığı əsasında ola bilər. Bu, vətəndaşla əldə olunmuş müqavilə və razılaşma əsasında baş verə bilər. Çünki bu, ümumi prinsiplərlə ziddiyət təşkil edir. Bu baxımdan təbii ki, maraqlı hüquqi presedent yaranıb. Hüquqşünaslar, vəkillər, yaxud bank sektoru ilə məşğul olan insanlar mövcud məsələ ilə bağlı Azərbaycan məhkəmələrində iddia da qaldıra bilər. Məhkəmənin hansı qərar verəcəyi maraqlı olardı. Hüquqi nüansların olduğunu anlayıram, ancaq ölkə qanunvericiliyini, AMB-nin siyasətini nəzərə alsaq, hər hansı bir əskinas növünə vergi və ya rüsum tətbiq etmək, fikrimcə, hüquq zidd addımdır".

Mərkəzi Bankın açıqlaması

Qeyd edək ki, Avropa Mərkəzi Bankı 500 avroluq əskinasların təkrar tədavülənə qadağa qoyub, lakin həmin pul nişanından istifadənin daha əvvəl olduğu kimi eynilə davam edəcəyini bəyan edib. Azərbaycan Mərkəzi Bankı da bundan sonra 500 avro nominallı pul nişanı ilə bağlı yaydığı açıqlamada bu növ əskinasların ölkə ərazisində dəyişdiriləcəyini qeyd edib.

Açıqlamada deyilir:

"Avropa Mərkəzi Bankı 04 may 2016-cı il tarixdə 500 avro nominallı əskinasın istehsalının dayandırılması və 2018-ci ilin sonlarından isə bu nominalın təkrar tədavülə buraxılmaması ilə bağlı qərar qəbul etmişdir.

Bununla əlaqədar, Avropa Mərkəzi Bankının 23 noyabr 2018-ci il tarixli pres-relizinə əsasən Almaniya (Bundesbank) və Avstriya Mərkəzi Bankları tərəfindən 26 aprel 2019-cu il tarixindən (həmin gün daxil olmaqla), Avrozonaya daxil olan bütün digər mərkəzi banklar tərəfindən isə 26 yanvar 2019-cu il tarixindən (həmin gün daxil olmaqla) etibarən 500 avroluq pul nişanının təkrar tədavülə buraxılmasının dayandırlacağı bildirilmişdir.

Buna baxmayaraq, həmin tarixlərdən sonra 500 avroluq pul nişanının tədavüldə qanuni pul vahidi kimi qalacağı, ödəniş və yığım vasitəsi kimi istifadəsinin davam edəcəyi qərara alınmışdır.

Eyni zamanda, 500 avroluq pul nişanının bütün kommersiya strukturularının (o cümlədən banklar, ixtisaslaşmış nağd pul təşkilatları, valyuta mübadiləsi büroları və s.) mədaxil və məxaric əməliyyatlarında qalmasına icazə verilmiş, bütün digər nominallı avro əskinaslar kimi onun da daima öz nominal dəyərini saxlayacağı və müddətsiz olaraq Avrosistemə daxil olan mərkəzi banklar tərəfindən dəyişdiriləcəyi qeyd olunmuşdur".

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az