"Azərbaycanda ən çox qızıl əşya aşkar edən PROFESSOR..."- Alimlərdən ETİRAZ məktubu


Hörmətli oxucular! Miq.Az saytında  "QIZIL axtaranlar, yoxsa ARXEOLOQLAR? - Pir ətrafında QALMAQAL" adlı məqalədə adı hallandırılan bir neçə ziyalı alim redaksiyamıza zəng edərək, haqlarında səsləndirilən ittihamlara etirazlarını bildirdilər. Tarix üzrə fəlsəfə doktoru, Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli redaksiyamıza zəng edərək, özünün və Prof.Dr. Qafar Cəbiyevin haqqında yazılan ittihamların həqiqətə uyğun olmadığını bildirərək, onların da açıqlamasını yaymağımızı xahiş etdi. Jurnalistikanın təməl prinsiplərini, peşə borcumuzu əsas tutaraq tarix üzrə fəlsəfə doktoru, Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlillinin redaksiyamıza göndərdiyi etiraz məktubunun nöqtəsinə, vergülünə toxunmadan dərc edirik. Və beləliklə, fəlsəfə doktorunun Miq.Az-a ünvanladığı məktubu oxuyun: 
 

"Mənim haqqımda şər-böhtan yazıblar. Cavab vermək istəyirəm.

Birincisi, 2003-cü ildə ilk dəfə xəlvətilik sufi məktəbinin yaradıcısı Pir Ömərin Avaxıllı olduğunu təsbit etmişəm. O zaman 23 yaşım vardı. Milli Azərbaycan Tarixi Muzeyində işləyirdim. Yusif Müskürinin "Silsilətül-Uyun" əsərində Pir Ömərin nisbəsi əl-Avaxıli, əş-Şirvani yazılmışdı. Azərbaycanda bir Avaxıl kəndi vardı və orada bizim kəndimiz Gəgəlinin də inanc yeri olan Ömər Sultan ziyarətgahı yerləşirdi. Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları ilə Rəsədxanaya gedərkən Avaxıla getmək üçün də xahiş etdim. İlk dəfə onda qəti əmin oldum ki, Ömər Sultan ziyarətgahı Pir Ömərin dərgahıdır. Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları həmin hadisənin canlı şahidi olublar. Ondan sonra ilk dəfə bu haqda yazmışam, sadəcə axtarış eləsəniz, həmin məlumatlar internetdə qarşınıza çıxar.

İkincisi, 2006-cı ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə Pir Ömər xanəgahının dövlət qeydiyyatına alınması üçün məktub ünvanlamışam. Mənim məktubum nəticəsiz qaldığı üçün ikinci məktubu 2013-cü ildə çox hörmət etdiyim Millət vəkili Qənirə Paşayeva ünvanlayıb. Nazirlikdə bütün mədəni irs şöbəsinin əməkdaşları, Şamaxı abidə mühafizləri, elə eloğlum, numizmat Akif Quliyev də həmin məktublardan xəbərdardırlar. Onlar ilk məktuba mənfi, sonrakı məktuba müsbət yanaşıblar. İkinci məktuba müsbət yanaşmağın səbəblərindən biri Şamaxı Tarix-Diyarşünaslıq Muzeyini tərtib edərkən həmin xanəgah haqqında məlumatı da yerləşdirməyim, rayon əhalisində marağın yaranması olmuşdur. İnternetdə həmin kataloqu da, yazılarımı da tapıb oxuya bilərsiniz.

Üçüncüsü, TİKA-ya xanəgahla bağlı məktubu mən ünvanlamışam. O zamankı TİKA rəhbəri ilə görüşmüşəm. Xanəgahın öyrənilməsinin vacibliyini əsaslandırmışam. Xəlvətiliyin dünyada azsaylı araşdırıcılarından olan və Seyid Yəhya Şirvaninin bütün türk, ərəb və fars dillərində əsərlərini nəşr edən Mehmet Rıhtım ilə akademik əməkdaşlığımın olması yanlış anlaşılmasın deyə məni hərtərəfli araşdırıblar. Onlara da bəlli olub ki, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin və şəxsən mənim Fariz Xəlillinin adı çəkilən qaranlıq qüvvələrlə hər hansı münasibətim və əlaqəm olmayıb. Mən ondan sonra Türkiyə Cümhuriyyətinə dəfələrlə səfər etmişəm, Türkiyədə məruzələr etmişəm, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi türk tərəfdaşlarla konfranslar edib, edir. Məqsədimiz türk dünyası irsinin öyrənilməsi, qorunması və təbliğidir. Gizlin heç nəyim yoxdur, ictimaiyyətdə ən çox fəaliyyəti haqqında açıqlama yayan alimlərdən biri, məhz mənəm.

Dördüncüsü, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi yarandığı vaxtdan indiyə qədər tarixi-mədəni irsin araşdırılması istiqamətində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu ilə səmərəli əməkdaşlıq edib. Orta əsr Ağsu şəhər yerində aparılmış arxeoloji tədqiqatlar bunun bariz nümunəsidir. Ölkə Prezidenti Cənab İlham Əliyevin 22 oktyabr 2019-cu il sərəncamı ilə Orta əsr Ağsu şəhərinin qoruq elan edilməsi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin mədəni irsin öyrənilməsi sahəsindəki birgə fəaliyyətinə dövlət başçısı səviyyəsində verilən yüksək qiymətdir. Ölkə Prezidenti Cənab İlham Əliyevin həmin sərəncamından ruhlanan MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tarixi-mədəni irsimizin öyrənilməsi işinə gələcəkdə daha ciddi töhfələr vermək əzmindədir.

Beşincisi, Avaxılda uzun müddətdir, kəşfiyyat qazıntısı aparılmasının təşkilini arzulamışam və bunun üçün son günlərdə imkanım yaranıb. MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi olaraq aidiyyəti üzrə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutuna müraciət eləmişəm. Qazıntını həmişə birlikdə işlədiyim, müəllimim Prof.Dr. Qafar Cəbiyevin aparmasını xahiş etmişəm. Şamaxı ekspedisiyasının rəisi Dr. Akif Quliyev olsa da, numizmat olduğu üçün keyfiyyətsiz və kobud qazıntı apardığını bilirəm, şahidi olmuşam. Çünki, 2010-cu ildə mənim doğma kəndim Gəgəlidə yerləşən Nərgizavada arxeoloji qazıntı aparsa da hələ materiallar Milli Azərbaycan Tarixi Muzeyinin fondunda qapalı qutularda saxlanılır. Yazmaq və qazmaq təcrübəsi zəif olan bir numizmatla bir sufi məktəbinin banisinin xanəgahını öyrənmək əlbəttə axmaqlıqdır. Prof.Dr. Qafar Cəbiyevin 20 gün adı çəkilən Dəmirçi kəndində Gəgəli yaylağı nekropolunda apardığı qazıntı və hesabatı ilə Dr. Akif Quliyevin həmin abidədə 3 il apardığı qazıntı və hesabatı müqayisə etmək hər şeyi deyir. Prof.Dr. Qafar Cəbiyev 2017-ci ilin may ayında Dəmirçidə qazıntıda olarkən ondan əvvəl ərazidə heç kimin qazıntı aparmadığını təsbit etmiş və aktlaşdırmışdır. Həmin akt da foto kimi əlavə olunur. Dəmirçi Arxeologiya Muzeyi hazırlanarkən elə Avaxılda, elə Pir Ömər xanəgahından qəbir daşlarının nümayiş adı ilə aparılması mədəni irsə və elmə necə qeyri-ciddi yanaşdığını göstərir. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu rəhbərliyi Prof.Dr. Qafar Cəbiyevə kəşfiyyat qazıntısı aparmaqla bağlı vəkalətnamə vermişdir. Aidiyyatı üzrə işlər başlanmışdır. Arxeoloqların Azərbaycanı regionlara parçalayıb mənəmlik etməsi anlaşılmazdır. Şahidiyəm ki, arxeoloq Prof.Dr. Qafar Cəbiyev uzun müddət Ağsu-İsmayıllı ekspedisiyasının rəisi olmasına baxmayaraq numizmat Dr. Akif Quliyevin Ağsu və İsmayıllıda araşdırmalar aparmasına hər hansı qeyri-etik hərəkət kimi baxmamışdır.

Altıncısı, elədir. Azərbaycanda ən çox qızıl əşya aşkar edən alimlərdən biri məhz Prof.Dr. Qafar Cəbiyevdir. Çünki gizlətmir, vicdanlı alimdir. Mən də ona məhz elə vicdanlı alim olmasına görə hörmət edirəm. Milli Azərbaycan Tarixi Muzeyi Prof.Dr. Qafar Cəbiyevin təhvil verdiyi qızıl əşyaların siyahısını elə Muzeydən də soruşa bilərsiniz. Belə vicdanlı bir alimə şər-böhtan atılması yumşaq desək alçaqlıqdır, alçaq adamların işidir.

Yeddincisi, numizmat Dr. Akif Quliyev Şamaxıya və şamaxılılara hörmət etməyən adamdır. Məhz onun hörmətsizliyinin nəticəsidir ki, Şamaxı şəhəri arxeoloji baxımdan öyrənilməyib və korrupsiya bataqlığında batan Şamaxı arxeoloji ekspedisiyası bundan sonra da numizmat Dr. Akif Quliyevlə belə qalacaqdır. Şirvanşah I Xəlilullahın sikkələrini üzərində tarix ərəb dilində sözlə yazıldığı üçün oxuya bilməyən, Ağsu sikkələrində təkrar zərbi göstərən sözləri "Lahıc" kimi yanlış oxuyan və çaşqınlıq yaradan, Şahxəndan türbəsində qəbir kitabəsinin dövrünə görə rəqəmlə yazılmadığını ayırd edə bilməyən numizmat Dr. Akif Quliyevə yetişmiş alim kimi yanaşanlara da sadəcə gülüb keçmək doğru olacaqdır.

Səkkizincisi, mən müəlliməm. Qoruqda işləməklə yanaşı, rəhbərliyimin icazəsi ilə ADPU Şamaxı filialında tarix və arxeologiya dərslərini tədris edirəm. Buna akademik olaraq həm mənim, həm də tələbələrimin ehtiyacı var.
 
Doqquzuncusu, mənə iftira atanları sufilərin etdiyi kimi Uca ALLAHa həvalə edirəm.


Fariz Xəlilli 
Tarix üzrə fəlsəfə doktoru, 
Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri
 




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az