Azərbaycanın "İsgəndər" açıqlaması Rusiyaya təzyiqdirmi?

Azərbaycanın

Azərbaycan işğaldan azad edilmiş Şuşaya Rusiya istehsalı olan və böyük dağıdıcı gücə malik "İsgəndər" raketlərinin atıldığını bildirir və ANAMA çümə günü bunun sübutu kimi raket qalıqlarının fotolarını yayıb.

Qurumun Operativ Qərargahının rəisi İdris İsmayılov BBC News Azərbaycancaya deyib ki, araşdırmalar bu raketin "İsgəndər M" olduğunu göstərir.

Buna qədər Ermənistanda Azərbaycana raket atılması ilə bağlı iddialar səslənsə də, rəsmi Bakı bunu təkzib edirdi.

Cümə günü Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyan "İsgəndər"lə bağlı sualı cavablandırmayıb, amma Kremlin sözçüsü Dmitri Peskov müharibə vaxtı Azərbaycana "İsgəndər" atılmaması ilə bağlı rəsmi Moskvanın əvvəlki mövqeyini təkrarlayıb.

Milli Məclisin üzvü Elman Məmmədov hesab edir ki, "İsgəndər" raketi dövlətlərarası münasibətlərdə aydınlaşdırılmasına ehtiyac olan "müammalı, şübhəli bir məsələdir".

Siyasi təhlilçi Şahin Cəfərliyə görə, Azərbaycan Rusiyanın Qarabağ siyasətindən narazı qaldığı üçün indi bu məsələni qabardır.

ANAMA: "İki raket gövdəsi və bir mühərrik tapılıb"

Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) raketlərin qalıqlarının Şuşada bir-birindən 780 metr ara ilə iki ərazidə tapdığını bəyan edib.

ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov BBC News Azərbaycancaya deyib ki, aşkar etdikləri iki raket gövdəsi və bir raket mühərrikidir.

"Hələ ki, iki raketin atıldığını deyə bilmirik, çünki bir mühərrik aşkar etmişik. Tapdığımız qalıqların üzərindəki kodlar isə onların "İsgəndər" raketi olduğunu təsdiq edir. Açıq internet resurslarında da yoxlamaqla bu kodun həmin raketlərin M versiyası olması təsdiqlənir. Araşdırmaların nəticələri aidiyyatı üzrə təhvil verilib," - İdris İsmayılov deyib.

"Dövlətlərarası münasibətlərdə müəmmalı məsələ"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Elman Məmmədov "İsgəndər" raketi ilə bağlı çoxlu suallar və müəmmaların olduğunu düşünür.

Onun sözlərinə görə, bu raketi Ermənistan atıbsa, onlara niyə verildiyi, hardan atıldığı, kim atıb kimi suallara cavab axtarılır.

Elman Məmmədov əlavə edib ki, bu, Rusiyanın başqa dövlətlərə satma ixtiyarı olmayan, öz arsenalında olan raket növüdür:

"İndi faktlar ortaya çıxır və məlum olur ki, bu, "İsgəndər" raketidir, istehsalçısı Rusiyadır, bunu da satmaq hüququ yoxdur. Sən Ermənistana başqa marka vermişdin, bəs, bu, haradan atılıb?"

Cənab Məmmədov hesab edir ki, bu dövlətlərarası münasibətlərdə aydınlaşdırılmasına ehtiyac olan "müammalı, şübhəli bir məsələdir".

Millət vəkili bir Azərbaycan vətəndaşı kimi Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətindən narazıdır. O hesab edir ki, onlar Qarabağda Azərbaycan tərəfindən cinayətkar elan edilən və axtarışa verilən şəxslərin sərbəst hərəkətini və fəaliyyətini təmin edirlər.

Elman Məmmədovun fikrincə, Rusiya müdafiə nazirinin müavininin Qarabağa səfəri, orda 1960 sayda hərbçi üçün lazımından çox hərbi şəhərcik yaradılması, ora daşınan yüklərin təyinatı "qaranlıq və şübhəli" məqamlardır.

"Azərbaycan Rusiyanın Qarabağ siyasətindən narazıdır"

Siyasi məsələlər üzrə şərhçi Şahin Cəfərli əmindir ki, Azərbaycan Rusiyanın Qarabağ siyasətindən narazıdır və raketin atıldığını sübut edən faktları ictimailəşdirməsi də təsadüfi deyil.

"Artıq Azərbaycan rəhbərliyi Rusiyanın Qarabağdakı davranışlarından və orada yeritdiyi siyasətdən, xüsusən də Dağlıq Qarabağda meydana gələn son hadisələr, məsələn, rus dilinin orada ikinci dil kimi qəbul olunması və Rusiyanın buna şərait yaratmasından narazıdır. Aydındır ki, oradakı Rusiya hərbi komandanlığı buna şərait yaratmasaydı, onlar orada nəinki qərar qəbul etmək, heç yığışa da bilməzdilər. Biz görürük ki, separatçı rejimin qurumları, özlərini hökümət və parlament elan edən qurumlar orada rahat fəaliyyət göstərir. Rusiya buna şərait yaradır və bu, əlbətdə ki, Azərbaycanın xoşuna gələ bilməz," - Şahin Cəfərli deyib.

Onun fikrincə, Rusiya müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakovun Qarabağa səfəri Azərbaycanla razılaşdırılmayıb. O bildirib ki, belə olmasaydı, Azərbaycan bu səfər barədə rəsmi məlumat yayardı.

"Səfər zamanı da orada hərbi şəhərciklərin açılışı olub və belə məlum olub ki, orada bundan sonra da inşa olunacaq hərbi şəhərciklər əslində orada Rusiya sülhməramlılarının sayına mütənasib deyil. Yəni, Rusiya sülhməramlılarının ehtiyacından daha arıq hərbi şəhərciklər yaradılır. Bu da istər-istəməz belə şübhələrə əsas verir ki, Rusiya çox güman ki, yaxın gələcəkdə ordakı hərbi heyətinin sayını artırmağı düşünür,"- Şahin Cəfərli bildirib.

Təhlilçi Rusiya müdafiə nazirinin müavinin Qarabağa səfəri, "İsgəndər" raketlərinin qalıqlarının tapılması və Putinin İlham Əliyevə sonuncu zəngi arasında əlaqə görür var və bunu iki tərəf arasında problemli məsələlərin artmasına işarə kimi qiymətləndirir.

Azərbaycan Rusiya müdafiə nazirinin müavininin Qarabağa səfərini şərh etməyib.

Yalnız Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov MDB ölkələrinin Xarici İşlər Nazirlərinin Şurasının cümə günü keçirilən iclasında Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirdiyini açıqlayıb.

İlham Əliyevdən təkzib

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Ermənistanın baş nazirinin "İsgəndər" raket kompleksinin istifadəsi barədə dediklərinin onda sual doğurduğunu demişdi.

"Biz "İsgəndər" raketlərinin buraxılmasını görməmişik. Buna görə də bu bəyanat dünən bir daha səslənəndə, biz bir daha maraqlandıq. Amma yox. Biz bunu görməmişik. Mən deyərdim ki, bu, sadəcə, növbəti ağ yalandır. Belə yalanlar çox olub," - İlham Əliyev mətbuat konfransında deyib.

Prezident o zaman sual etmişdi ki, o raket haraya buraxılıb?

"Görünür, nələrsə dəyişib"

Siyasi təhlilçi Şahin Cəfərli hesab edir ki, Azərbaycan Prezidentinin 26 fevral açıqlaması Rusiya ilə münasibətləri isti saxlamaq niyyətindən irəli gəlib: "Ancaq indi belə görünür ki, nələrsə dəyişib".

"Prezidentin bu məsələdə Paşinyanı təkzib etməsi Rusiyaya doğru bir reverans idi. Azərbaycan Prezidenti Ermənistan tərəfinə yox, Rusiyaya dəstək verdi. Bu da ondan irəli gəlir ki, xüsusən də rus sülhməramlı qüvvələrin Qarabağa gəlişindən sonra Azərbyacan Rusiya ilə münasibətlərə çox önəm verir. Bu münasibətlərdə hər hansı problemin yaranmamasına çalışır, çünki iki tərəfli əlaqələrdə problemlərin olması Qarabağda yeni risklərin çıxması ilə müşayiət oluna bilər. Azərbaycan üçün belə bir təhlükə var," - cənab Cəfərli deyib.

Onun sözlərinə görə, "İsgəndər" raketlərinin qalıqlarının tapılaraq ictimailəşdirməklə Azərbaycan Rusiyaya öz narazılığını çatdırmaq istəyir.

Şərhçi hesab edir ki, Azərbaycan höküməti bu yolla Rusiyaya açıq mesaj ünvanlamaq ehtiyacı hiss edib.

"İsgəndər M" raketlərinin ixracı qadağandır"

Hərbi məsələlər üzrə təhlilçi Ədalət Verdiyev bildirir ki, Şuşada qalıqları tapılan raketlərin üzərində aşkarlanmış "9M723" kodu "İsgəndər"in M, yəni modernləşdirilmiş varinatı olduğunu göstərir.

Şərhçi BBC News Azərbaycancaya deyib ki, "İsgəndərM" raketlərinin ixracı beynəlxalq müqavilə ilə qadağan olunub.

"O müqavilə ABŞ və SSRİ arasında 1987-ci ildə imzalanıb və orta və yaxın mənzilli raketlərin ləğv edilməsinə dair sazişdir. Rusiya həmin sazişi 2019-cu ildə tərk edib. Həmin müqavilə dolayısı ilə bu kimi raketlərin nəinki satılmasını, hətta ləğvini nəzərdə tuturdu. Rusiya bu sazişin tələblərini də yerinə yetirməyib. Burada raketlərin tək Ermənistana ötürülməsi deyil, həm də ABŞ qarşısında öhdəliklərini yerinə yetirməməsi barəsində fakt ortaya çıxır. Mütləqdir ki, buna Pentaqonun (ABŞ Müdafiə Nazirliyi -red.) bir reaksiyası olacaq," - Ədalət Verdiyev deyib.

Hərbi məsələlər üzrə təhlilçi vurğulayıb ki, həmin raketlərin E versiyası Ermənistana verilib, amma M versiyası barədə heç bir mənbədə, o cümlədən BMT-nin silahlar
reystrində heç bir məlumat yoxdur. "Dolayısı ilə bu silahların Ermənistana verilməsi qaranlıq yollarla həyata keçirilib. Bu məsələdə şəffaflıq olmayıb. Adətən belə fəaliyyətlər beynəlxalq sanksiyalarla nəticələnir," - o deyib.

Ədalət Verdiyev hesab edir ki, "Skud" və "İsgəndər" eyni sinfə aid olduğundan, müharibə vaxtı erməni hərbi qüvvələrinin atdığı raketləri müəyyənləşdirmək mümkün olmayıb.

"Görünür, vaxtında raket atılanda onun hansı olduğunu identifikasiya edə bilməyiblər. Belə olsaydı, Prezidentə məruzə edərdilər ki, raket atılıb, amma yerini müəyyən edə bilmirik".

"İsgəndər" raketlərinin M versiyası nüvə başlığı daşıya bildiyini və Rusiyanın əsas təhdid silahlarından biri olduğunu deyən Ədalət Verdiyev əlavə edib ki, "İsgəndər" böyük komanda məntəqələri, aerodromlar, aviabazalar, rabitə qovşaqlarının zərərsizləşdirilməsi üçün nəzərdə tutulur.

Onun fikrincə, Şuşada Azərbaycanın heç bir hərbi məntəqəsi olmayan vaxtda "İskender"dən istifadə edilməsi Ermənistanın qorxu yaratmaq istəyi ilə izah oluna bilər.

Ermənistanda Azərbaycana "İsgəndər" atılması barədə nə deyiblər?

Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin keçmiş Prezidenti Serj Sarkisyanın "İsgəndər" Rusiya raket kompleksinin 44 günlük Qarabağ müharibəsi zamanı istifadə edilmədiyinə dair eyhamına cavabında raketin atıldığını deyib.

"Bu eyham mənə ünvanlanmış ola bilər, lakin mən düşünürəm ki, rədd edilmiş [Serj Sarkisyan nəzərdə tutulur] gərək bir çox sualların cavabına bələd olsun və cavabları ona məlum olan sual verməsin. Qoy soruşsun ki, niyə "İsgəndər"-dən buraxılan raket partlamayıb? Yaxud niyə, məsələn, 10 faizi partlayıb?", - Nikol Paşinyan deyib.

Ermənistanın Baş nazirinin "İsgəndər"lə bağlı bəyanatı Rusiyada qəzəb oyatmış, Paşinyana verilmiş yanlış məlumat kimi qiymətləndirilmişdi. Bundan sonra rəsmi Yerevan da Rusiyanın bu açıqlamasını dəstəkləyən mövqe göstərmişdi.

Qarabağ müharibəsi zamanı "İsgəndər" kompleksinin istifadə olunması barədəsə ilk dəfə Ermənistan Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi Movses Hakobyan danışmışdı.

O, ötən ilin noyabrında jurnalistlərlə görüşü zaman müharibənin son günləri "İsgəndər"- lərdən istifadə edildiyini bildirmişdi. Sabiq prezident Sarkisyan isə son müsahibəsində raketlərin Şuşaya yönəldildiyini demişdi.

Paşinyanın "İsgəndər"lə bağlı əvvəlcə dediyi, sonra təkzib olunan sözləri istisna edilməklə, bu günədək Ermənistanın siyasi və hərbi rəhbərliyi bu raket kompleksindən istifadə edildiyi haqqında məlumatları heç vaxt təsdiqləməyib. Elə cümə günü də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan Şuşa şəhərinə "İsgəndər" atılması barədə sualları cavablandırmayıb. O, "bu, məxfi məlumatdır" deməklə kifayətlənib.

Rusiyada "İsgəndər" reaksiyaları

Rusiya Müdafiə Nazirliyi Paşinyanın iddialarını "rədd edib" və bildirib ki, Qarabağ müharibəsində "İsgəndər" ballistik raketlərindən istifadə edilməyib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycanın Şuşaya "İsgəndər" atılmasından bir gün sonra bununla bağlı Rusiya Müdafiə Nazirliyinin Prezident Putinə məruzə edib-etməməsindən xəbərdar olmadığını bildirib.

"Bu [raketlərdən istifadə olunmaması] təsdiqlənib," - TASS Dmitri Peskovun sözlərini iqtibas edib.

Peskov deyib ki, Azərbaycan tərəfinin aşkar etdiyi raket qalıqlarının yolla orada peyda olmasından Kreml "xəbərsizdir".

"İsgəndər" raketi nədir?

Bu raketləri keçmiş SSRİ və hazırda onun varisi olan Rusiyanın silah sənayesinin qüruru sayılan silahlardan biridir.

Raket kompleksi hazırda dünya üzrə yalnız Rusiya və Ermənistanın silahlanmasında istifadə olunur.

"İskender" raketlərinin E (export), F (fuqas), K (kaset) və M (modern) kimi versiyaları mövcuddur.

Bu raketlər 500 kiloqram ağırlığında partlayıcı maddə daşımaq gücünə malikdir.

Ölçüləri 7 metrdən uzun, diametri 92 santimetr olan raket çox yüksək uçuş sürətinə malikdir.

"İsgəndər" raketlərinin nüvə başlığı daşımaq imkanına malik olduğu bildirilir./bbc.com/

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az