Azərbaycanlı veteranlar Rusiyadan pensiya ala bilərlər

Azərbaycanlı veteranlar Rusiyadan pensiya ala bilərlər

Rusiya Dövlət Duması azərbaycanlı Böyük Vətən Müharibəsi iştirakçılarına da pensiya verilməsini nəzərdə tutan qanunu müzakirəyə çıxarıb.

 Böyük Vətən Müharibəsinin bir neçə yüz azərbaycanlı veteranı ola bilsin, yaxın gələcəkdə Rusiyanın xüsusi pensiyasını alsın.

Sputnik Azərbaycan-ın məlumatına görə, hazırda Rusiya Dövlət Dumasında "Veteranlar haqqında" qanuna düzəlişlərə baxılır. Qanun ümumi qələbənin qazanılmasındakı xidmətlərinə görə, SSRİ-nin qanuni varisi olan Rusiya Federasiyasından digər ölkələrdə yaşayan BVM veteranlarına aylıq pensiyanın verilməsini nəzərdə tutur.

Bununla yanaşı, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbovun sözlərinə görə, hazırda Azərbaycanda 541 nəfər BVM iştirakçısı var. Bu rəqəmlər 2018-ci ilin may ayında aparılan məlumatların yenidən yoxlanması nəticəsində müəyyən edilib. 

Bu kateqoriyadan olan insanların sosial təminatı Azərbaycanın dövlət başçısının diqqət mərkəzindədir. Buna misal olaraq prezidentin imzaladığı son sənədləri qeyd edə bilərik.

2018-ci ilin 1 aprelinə olan məlumatlara görə, Azərbaycanda BVM veteranlarının orta aylıq pensiyası 388,05 manatdır. Buna paralel olaraq, müharibə iştirakçılarına hər ay AR prezidenti tərəfindən müavinət verilir.

Prezidentin müvafiq sərəncamına əsasən 2008-ci ilin 1 sentyabrından etibarən BVM əlillərinə Azərbaycan Prezidentinin təqaüdlərinin təyin olunmasına başlanılıb. O vaxtdan keçən dövr ərzində 1-ci qrup əlillərə verilən müavinət 90 manatdan 180 manata, ikinci qrup əlillərə verilən 70 manatdan 158 manata, üçüncü qrup əlillərə verilən isə 50 manatdan 121 manata qədər artırılıb.

2012-ci ildən etibarən onlara verilən prezident təqaüdünün məbləği bərabərləşdirilərək 121 manat olub. 

Bununla yanaşı hər il 9 may Qələbə Günü ərəfəsində BVM-nin bütün yaşayan iştirakçıları, müharibə illərində arxa cəbhədə çalışan zəhmətkeşlər və həlak olmuş döyüşçülərin dul qadınları medal və ordenlərlə mükafatlandırılır və onlara prezident İlham Əliyev tərəfindən birdəfəlik maddi yardım göstərilir.

Prezident İlham Əliyevin 20 aprel 2018-ci il tarixli Sərəncamına əsasən, ƏƏSMN 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarının və Sərəncamda nəzərdə tutulan digər müvafiq şəxslərin birdəfəlik maddi yardımlarla təmin edilməsi üçün maliyyələşdirmə işləri həyata keçirilib. Sərəncam ümumilikdə 10 962 nəfər şəxsə şamil olunub. Onlardan 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçıları olan 541 nəfərin hər birinə 1000 (min) manat məbləğində birdəfəlik maddi yardım ödənilib.

Qalan 10 421 nəfər isə İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarıdır. Onların da hər biri 500 (beş yüz) manat məbləğində birdəfəlik maddi yardımla təmin olunub.

Əlavə olaraq, BVM əlil və veteranlarının həyat şəraitinin yaxşılaşdırılması məqsədilə onlara 102 mənzilin və 1117 ədəd nəqliyyat vasitəsinin açarları təqdim edilib.

Rusiyada aparılan qanunverilik islahatlarına qayıdaraq bildirək ki, artıq bu ölkədə sözügedən təcrübə var. RF hazırda Baltik ölkələrində yaşayan və vahid sovet ordusunda xidmət keçən hərbi pensiyaçılara pensiya verir.

BVM veteranlarına gəlincə, Pensiya Fondunun məlumatına görə, hazırda Rusiyada onların sayı 100 mindən azdır. Ümumilikdə keçmiş SSRİ ölkələri ərazisində onların sayı 100-120 mindən artıq deyil. Hər keçən gün sözügedən müharibənin şahidlərinin sayı azalır.

Azərbaycanlı veteranlar nəyə ümid edə bilərlər? Rusiyada veteranların pensiyasının baza hissəsi 25-28 min Rusiya rublu təşkil edir. Əgər sözügegən qanun Dövlət Dumasında qəbul edilsə, bu pensiyaların ödənilməsi üçün illik 500 milyon dollara qədər vəsait tələb olunacaq.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az