“Bakıda taksilərin sayı İstanbuldakından çoxdur” – BNA rəhbəri

“Bakıda taksilərin sayı İstanbuldakından çoxdur” – BNA rəhbəri

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli paytaxtın sərnişindaşıma sahəsində həyata keçirilən son yeniliklər, özəl daşıyıcıların fəaliyyəti, qeyri-qanuni parklama və digər problemlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb. İctimai Televiziya vasitəsilə yayımlanan mətbuat konfransında KİV nümayəndələrinə müraciətlə Kərimli bildirib ki, bir neçə sahələr üzrə hökümətə təkliflər verilib, yaxın zamanda nəqliyyat sahəsində illərdir kök salmış problemlərin əksəriyyəti həllini tapacaq.


Kərimli qeyd edib ki, Bakı Nəqliyyat Agentliyi yaradılarkən 67 daşıyıcı fəaliyyət göstərib, hazırda onların sayı 41-ə enib. "Nazirlər Kabinetinin son iclasında prezident İlham Əliyev qeyd etdi ki, özəl sektor gözləntiləri doğrultmadı. Prezidentin iradından sonra Bakı Nəqliyyat Agentliyi bu sahədə önəmli addımlar atır”, – V.Kərimli söyləyib.

Prezidentin tapşırığı ilə yaxın vaxtlarda Bakıya 300 avtobus gətiriləcək. Kərimlinin dediyinə görə, bundan sonra il ərzində nümunəvi fəaliyyət göstərməyən, qanunsuzluqlara yol verən daşıyıcılardan marşrut xətti geri alınacaq.

Avtobuslar. Prezident nədən narazıdır

"Ötən ay sərnişin avtobuslarının iştirakı ilə bir neçə iri yol qəzası baş verib. Bəzi hallarda bu qəzaların səbəbkarı kimi məhz avtobus sürücüləri tanınıb. Özəl daşıma şirkətlərinin işə cəlb edilən sürücülərin peşəkarlığına az diqqət ayırmaları barədə xeyli danışılıb. Nazirlər Kabinetinin son iclasında bu məsələni dövlət başçısı İlham Əliyev də qaldırıb. Prezident qeyd edib ki, özəl şirkətlər gəlirlərlə maraqlanır, buna görə sürücülərin psixoloji, narkoloi vəziyyəti və peşəkarlığı üzərində lazimi səviyyədə nəzarət yoxdur. Bu səbəblər hamısı birlikdə Bakıda getdikcə daha çox avtobus qəzalarına gətirib çıxarır. Bu sahə müsbət nümunə kimi İlham Əliyev dövlət strukturunu-BakuBusu nümunə göstərib. Bakı Nəqliyyat Agentliyi pozuntulara yol verən özəl daşıma şirkətləri ilə necəmübarizə aparır? Dövlət şəhər sərnişindaşıma sahəsində iştirak payını daha da artıra bilərmi?”, – V.Kərimli virtualaz.org-un bu suallarını da cavablandırıb. Bildirib ki, marşrut xətti daşıyıcıdan alınandan sonra həmin əraziyə avtobus ayırmaq lazımdır ki, sərnişinlər küçədə qalmasınlar. "Ona görə də, cənab Prezident tərəfindən vəsait ayrıldı ki, avtobus alınsın. Biz hər il avtobusların sayını artıracağıq”, – baş direktor əlavə edib.

Prezidentin iradından sonra özəl daşıyıcılar tərəfindən də ölkəyə avtobuslar gətirilib. V.Kərimli yaxın günlərdə 3 nəfərin ölümü, xeyli sayda sərnişinin yaralanmasına səbəb olan 160 saylı marşrut xəttində işləyən avtobusların yenisi ilə əvəzlənəcəyini də qeyd edib: "160 saylı marşrut xətti də daxil olmaqla, müəyyən marşrutları geri alacağıq, daha muasir avtobuslar verəcəyik. Həmin avtobusları da özəl daşıyıcı gətirir. Amma Prezidentin iradından əvvəl bu addımlar atılmırdı, özəl daşıyıcılar fikirləşirdilər ki, heç kim onlara toxunmayacaq. Biz dövlətin bütün avtobus şəbəkəsinə sahib olması üçün ciddi işləyirik. Gələcəkdə ola bilər ki, yalnız 10-15 faiz xətt daşıyıcıda qalsın”.

Baş direktor əlavə edib ki, Bakı Nəqliyyat Agentliyinin planlaşdırdığı strategiya var. "2010 avtobus fəaliyyətdədir ki, onların da bir çoxu təkrarlanan marşrutlardır. Bu isə şəhərin əlavə yüklənməsi və havanın şirklənməsinə səbəb olur. Ölkə rəhbərliyinin əsas tapşırıqlarından biri də avtobusların sıxılmış təbii qazla işləməsi ilə bağlıdır. Biz qanun layihəsi təqdim etmişik ki, 2020-ci ildən etibarən ictimai nəqliyyat sıxılmış təbii qazla işləsin, yaxud elektrikli nəqliyyat vasitələri olsun. Gələn il gətiriləcək 300 avtobus da sıxılmış təbii qazla işləyəcək”.

Baş direktor sərnişin nəqliyyatında sürücü probleminə də toxunub. Deyib ki, Bakıda 2041 avtobus fəaliyyət göstərir. "Sürücü səhər saat 6:00-da avtobusu xəttə çıxmaq üçün saat 4, yaxud 5-də qaraja gəlməlidir, tibbi müayinədən keçməlidir, avtobusu mexanikdən təhvil almalıdır. Yalnız müvafiq sənədləri olandan sonra 6:00-da xəttə çıxmalıdır. BakuBas-da hər gün proseslər belə icra olunur. Sürücünün 8-9 saatdan artıq işləyək hüququ yoxdur. Hesablamalar apararkən məlum olur ki, təxminən 5 minə yaxın sürücü lazımdır. Amma özəl daşıyıcılarda sürücü sayı buna uyğun deyil”,-. V.Kərimli qeyd edib. Onun sözlərinə görə, özəl daşıyıcıları BNA-nın təlim mərkəzində qeydiyyatda olan sürücüləri işə götürməyə məcbur etmək olmaz, bunun üçün qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir:"Məqsədimiz odur ki, bütün avtobus şəbəkəsi dövlətin nəzarətinə keçsin, sürücü də maaşını alsın, sərnişini 30 qəpik olaraq yox, insan kimi görsün. Yəni plan üçün çalışmasınlar, maaş alsınlar. Bakı Nəqliyyat Agentliyi ümumilikdə daşıyıcılara, qarajlara, avtobuslar, həm də taksilərə dair tələblər hazırlayıb, bu tələblər təsdiq ediləndən sonra sürücü əvvəlki kimi istədiyini edə bilməyəcək”.

Tıxacları avtomobillər deyil, insanlar yaradır

V.Kərimli söyləyib ki, hazırda paytaxtda əsas problemlərdən biri taxaclardır: "Tıxaclar dünyanın bütün paytaxt şəhərlərində var. Biz tıxacların süni yollarla yaradılmasının qarşısını almaq istiqamətində işləyirik. Bəzi yerlərdə qeyri-qanuni parklamalar, hansısa tikint şirkətinin icazəsiz inşaat işləri aparması, yaxud da bina tikintisi zamanı yola çıxışın hesablanmaması süni tıxaclara səbəb olur”.

Bu günlərdə qeyri-qanuni parklamaya dair inzibati xətaların icrası Bakı Nəqliyyat Agentliyinə tapşırılıb. Artıq bir neçə gündür BNA inzibati xətaların tətbiqinə başlayıb. Kərimlinin dediyinə görə, ilkin olaraq bunu planşetlər vasitəsilə icra edirlər, icazə verilmədiyi yerlərdə dayanma-durma qaydalarının tələblərinə riayyət etməyən sürücülərə cərimələr tətbiq olunur. Amma yeni ildən kameralardan istifadə olunacaq, çünki kameralar vasitəsilə proses daha şəffaf həyata keçiriləcək, statistika daha dəqiq aparılacaq.

"Bakıda parklama problemi çox kəskindir. Xüsusilə şəhərin mərkəzində park yerlərinin çatızmazlığı hiss olunur. Ötən illərdə Bakıda bir neçə iri dayanacaq tikilib, lakin onlar əksər hallarda boş qalır. Buna ən parlaq misal kimi bir neçə ay bundan əvvəl Füzuli küçəsində xüsusi hərəkət zolağında qanunsuz parklama yerinin yaradılmasında göstərmək olar. Halbuki küçənin o biri tərəfində iri yeraltı dayanacaq mövcuddur. Bakı Nəqliyyat Agentliyi Bakıda qanunsuz dayanacaqlarla necə mübarizə aparır və bakılıların avtomobillərini park etmək üçün yer axtararaq xeyli vaxt itirməsinin qarşısını almaq məqsədilə hansı tədbirlər görür?” – V.Kərimli virtualaz.org-un bu sualını da cavablandırıb. Onun sözlərinə görə, Füzuli küçəsində avtobus zolağını keçərək park yerləri təşkil edilmişdi: "Bu yerin hansı qurum tərəfindən təşkil edildiyinə dair hazırda məlumatımız yoxdur. Lakin parklamaya dair səlahiyyətlər ölkə rəhbərliyi tərəfindən Bakı Nəqliyyat Agentliyinə həvalə ediləndən sonra biz dərhal orada nişanları sökdürdük, dayanmanı qadağan etdik”.

Yeraltı dayanacaqlara gəldikdə isə, BNA sədri deyib ki, onların yaradılması dövlət büdcəsinin vəsaiti hesabına başa gəlib, dövlət büdcəsindən xərclənmiş vəsait də onların fəaliyyəti ilə geri qaytarılmalıdır. "Ümumi qiymət siyasəti ilə bağlı hökumətə təkliflər göndərmişik, dəstəklənəndən sonra fəaliyyətə başlayacağıq. Yeraltı dayanacaq olan ərazilərdə dayanma-durmanı qadağan etmişik. Xarici ölkələrdə də vətəndaş istədiyi yerdə, məsələn, ticarət mərkəzinin, mağazanın, yaxud da hansısa obyektin qarşısında dayana bilmir. Amma bizdə istəyirik ki, məktəbin qarşısına kimi gedək, mağazanın qarşısında dayanaq. Artıq bunlar olmayacaq, təsdiq edilmiş yerlər olacaq. Qadağan edilmiş ərazilərdə parklamanın cəzası da fərqli olacaq, təxliyə xidməti həyata keçiriləcək, biz artıq onun prosedurunu hazırlayırıq”, – V.Kərimli söyləyib.

Qeyd edək ki, ilin əvvəlində Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri tərəfindən YOL 1, YOL 2, YOL 3 və digər bir neçə layihənin hazırlanması ilə bağlı məlumat verilmişdi. Həmin layihələr Bakının ən çox yüklənmiş və mürəkkəb yollarının optimal tənzimlənməsini nəzərdə tuturdu. Vüsal Kərimli həmin layihələrin icrası ilə bağlı virtualaz.org-un sualını cavablandırarkən bildirib ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxtda tıxacların azaldılması üzrə təxminən 40-dan çox layihə tətbiq edilir: "YOL 1 layihəsi çox vacib layihədir.YOL 1 Tbilisi prospektinin layihəsidir, Tbilisi prospektindən İzmir prospektinə qədər yol kəsişmələri və geri dönmələri tamamilə analiz edilib”.

Kərimlinin sözlərinə görə, hazırda müvafiq qurumlar tərəfindən oradakı bəzi kommunikasiya xəttlərinin köçürülməsi məsələsi hesablanır. "BNA məsələni araşdırıb, həllini təklif edən qurumdur. Onun inşaat və texniki tərəfi müvafiq qurumlar tərəfindən həyata keçirilir. Biz cavab gözləyirik, onlar dəqiqləşdirəndən sonra artıq bu layihəyə başlanılacaq. Necə ki, 3-cü mikrorayon dairəsi adlandırılan yerdə işlər yekunlaşmaq üzrədir. Ondan sonra paralel olaraq 4-cü mikrorayon dairəsi layihəsinə başlayırıq, çünki Memar Əcəmi, 4-cü mikrorayon dairəsi, "Şamaxinka” adlandırılan ərazi, Tbilisi prospekti – bunlar bir-birinə bağlı layihələrdir. Küçələrin daim bir-birinə təsirini hesablanandan sonra layihə tədimedilməlidir”. –Vüsal Kərimli belə deyib.

Taksi özəl sahə olaraq qalacaq

Baş direktor əlavə edib ki, avtobusların nizamlanması, küçələrdə piyada səkilərinin yenidən bərpası istiqamətində iş gedir.

"İctimai nəqliyyatda praktiki olaraq tənzimlənməsi qeyri-mümkün olan sahələrdən biri də özəl daşıma – taksidir. Hazırda xeyli sayda taksi şirkəti fəaliyyət göstərir, lakin onların xidmət keyfiyyəti çox vaxt lazımi səviyyədə olmur. Dövlət bu sahəni tənzimləməyi planlaşdırırmı?” – virtualaz.org-un sualını cavablandıran Kərimli deyib ki, taksi dövlət tərəfindən tənzimlənən, lakin sahibkarlıq subyekti olan fəaliyyət növüdür, beynəlxalq təcrübədə də bu belədir. "Mən taksi fəaliyyəti göstərən dövlət şirkətinin olmasının tərəfdarı deyiləm. Bu rəqabət bazarında bir az problemlər yarada bilər. Lakin taksi fəaliyyətinə dövlət nəzarət etməlidir, biz bu sahədə artıq işlərə başlamışıq, bu işlər mərhələli şəkildə tətbiq olunacaq. Yaxın günlərdə bununla bağlı hökumətə təkliflər göndərəcəyik”, – Kərimli məlumat verib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 22-25 min arası taksi fəaliyyət göstərir. Halbuki, İstanbul kimi böyük şəhərdə cəmi 18 min taksi fəaliyyətdədir. "Hesablamalara görə, Bakıda 8500 taksiyə ehtiyac var."Taksilərlə bağlı tələblər təsdiqlənəndən sonra bu məsələyə baxılacaq. Hava limanının taksi konsepsiyası ayrıca hazırlanır. Çünki hava limanı ölkənin qapısıdır, turistlərin, ölkəyə gələnlərin aldadılmasının qarşısı alınacaq. Eyni zamanda, taksilərin təmizliyi, sürücülərin etik davranışı və digər bu kimi problemlər tənzimlənəcək”, – BNA rəhbəri deyib. O əlavə edib ki, ictimai nəqliyyatın sırf qınaq üzərində qurulması planlaşdırılır, çünki bu işdə vətəndaşın məmnunluğu hər şeydən vacibdir.

İctimai nəqliyyatda güzəştli gediş barədə

Tələbələrin ictimai nəqliyyatdan güzəştli şərtlərlə istifadə edə bilməsi təklifinə münasibət bildirən idarə heyətinin sədri bildirib ki, avtobuslar tamamilə kart sisteminə keçəndən sonra bu məsələyə baxıla bilər. Bunun üçün müəyyən addımlar atılır, həm tələbə kartları, həm sosial kartların tətbiqi mümkündür.

V.Kərimli park yerlərinin, eləcə də yeraltı dayanacaqların qiymət məsələsinə də toxunub. Onun dediyinə görə, hazırda Bakının zonalara uyğun bölünməsi məsələsinə baxılır, çünki şəhər mərkəzindəki qiymətlərlə şəhər ətrafındakı qiymətlər eyni ola bilməz. Bununla bağlı müvafiq qurumlara müraciət ediləcək: "Nəinki park yerləri, eləcə də yeraltı dayanacaqlarda da qiymətlərin müəyyən əsaslarla qiymətləndirilməsi məsələsinə baxılır. Zonalara bölünəndən sonra qiymət məsələsinə baxılacaq”.(virtualaz.org)



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az