Bərdədə bədbəxt hadisə baş verib- Tərtər çayının yatağında

Bərdədə bədbəxt hadisə baş verib- Tərtər çayının yatağında

İki yeniyetmə gənc park bulvar ərazisində göldə boğularaq ölüb.

Hadisə iyulun 3-də  gündüz saatlarında baş verib.  Bərdə rayon Türkmən kənd sakinləri 2004-cü il təvəllüdlü Tahirov Sahib və 2002-ci il təvəllüdlü  Hacıyev  Təhmasib günorta saatlarından sonra yoxa çıxıblar. Axşam saatlarınadək gözləyən valideynlər yaxın qohumlarının  köməyi ilə axtarışlara başlayıblar. Gecədən səhərədək aparılan axtarışlar heç bir fayda verməyib. 

Nəhayət İyulun 4-də səhər vaxtı Bərdədə Tərtər çayının yatağında yaradılmış, park bulvar ərazisindəki  süni gölün sahilində yeniyetmələrdən birinə məxsus ayaqqabı aşkar ediblər. Bu ehtimal sayəsində həmin yerdə suyun altında axtarış aparmaq qərarına gəliblər.  FHN-nin Suda Xilas Etmə brqadasına xəbər verilsə də, onlar gələnə qədər bir nəfər balıqçı suyun dibinə bir neçə dəfə enməklə gənclərin meyidini tapıb.
Polis və prokurorluq orqanları əməkdaşları meyidləri ailələrinə təhvil veriblər.

Gənclərin birinin, yəni Təhmasibin anası  Kifayət Hacıyevanın "meyidləri sudan çıxaran zaman, üçüncü adam olub, oğlumu suya itələyib, qaçıb” deməsi və kənardan ananı telefona çəkməklə sosial şəbəkələrdə birinin  paylaşılması durumu çətinləşdirib. Hüquq- Mühafizə orqanlarında sui-qəsd ehtimalının ola biləcəyinə görə meyidləri yenidən Məhkəmə Tibbi Ekspertizanın Bərdə rayon  şöbəsinə gətiriblər. Bərdə rayonunun  Prokuroru Fəxrəddin Əliyev və Bərdə rayon Polis Şöbəsinin rəisi İlqar Məmmədov birgə morqa baş çəkərək meyidlərə baxıblar.

Prokurorun  qəsdin olub olmamasını dəqiqləşdirmək üçün meyidlərin yarılmasına görə göstəriş verməsi gərgin anların yaşanmasına səbəb olub. Mərhum gənc-yeniyetmələrin qohumları  Məhkəmə Tibbi Ekspertizanın həkim mütəxəsislərinə işlərini icra eləməyə imkan verməyiblər.  Bərdə rayon Polis Şöbəsinin Cinayət axtarış və Post patrul xidmətinin əməkdaşları ölənlərin yaxınlarına güc tətbiq eləmək istəsələr də qarşı tərəfin inadkarlığından döndərə bilmədiklərindən prokurorla yenidən görüşməyi məsləhət biliblər. Mərhumun anasının prokurora xahişindən sonra meyidlərin yarılması dayandırılıb.

Onu da qeyd edək ki, Məhkəmə Tibbi Ekspertizanın Bərdə rayon şöbəsinə məxsus morqunda soyuducu sistemin işləmədiyinə görə ölənlərin qohumları meyidlərinin kəskin istilərin qarşısında ağırlaşmaya meylli ola biləcəyinə görə  nigarançılıq keçirməli olublar. 

Əsas ehtimala görə gənclərin biri gölün kənarında olarkən ehtiyyatsızlıqdan ayagı sürüşərək gölə düşüb. Boğulan yoldaşını xilas etmək istəyən digər gənc də suya atılıb. Nəticədə ikisi də suda boğularaq ölüb. 
Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az