BİR AİLƏDƏ İKİ PƏHLƏVAN-Erməni rəqibini 10: 0 MƏĞLUB edən lənkəranlı idmançı

BİR AİLƏDƏ İKİ PƏHLƏVAN-Erməni rəqibini 10: 0 MƏĞLUB edən lənkəranlı idmançı
 
Həsənlilər ailəsində iki pəhləvan, iki qardaş var: Xasay və Ürfan qardaşları. Bu gün onlardan biri- alman, rus, gürcü, erməni, fin rəqiblərinə aman verməyən Avropa üçüncüsü, olimpiya festivalı qızıl medalçısı Xasay Həsənli haqqında məlumat vermək istəyirəm. 
   
 O zaman Lənkəranda təbii qaz verilmirdi, evlər dədə-baba adətilə odun peçi ilə qızdırılırdı. Bir gün yenə evə bir maşın odun alınmış və həyətə tökülmüşdü. Üç yaşlı Xasay həyətdə oynayırmış. Anası həyətə düşəndə nə görsə yaxşıdır? Bütün odunlar daşınaraqsəliqə ilə bir tərəfə düzülüb. Bu qədər odunu təkbaşına yığan balaca Xasaya nənəsi Zərifə anam dedi:

 -Nənəsi qurban, balam pəhləvan olacaq!

Həsənli Xasay Faiq oğlu 12 yanvar 2002-ci ildə Lənkəran şəhərinin  Böyük Bazar məhəlləsində  dünyaya göz açmışdır. Ailənin maddi imkanı olmadığından körpə xəstəxanada deyil, evdə anadan olmuşdur.  Atası Faiq ali təhsilli mühəndis-texnoloq olsa da, peşəsinə uyğun iş tapmamış, dülgərliklə ailəsini dolandırmışdır. Maddi cəhətdən kasıb olmasına baxmayaraq, tərbiyə cəhətdən çox varlı olan bu insan üç övlad böyüdüb boya-başa  çatdırıb. 
 
Xasay 2008-ci ildə şəhər 5 saylı orta məktəbin birinci sinfinə daxil olaraq, Lənkəranın tanınmış pedaqoqu Həyat müəllimənin sinfində təhsil alıb. 2011-ci ildə maddi sıxıntı üzündən Faiq paytaxta köçərək, bir müddət sonra ailəsini də Bakıya aparıb. NZS adlanan ərazidə bir otaqlı şəraitsiz evdə kirayə qalan Faiq ruhdan düşməyərək, övladlarına yüksək səviyyədə təhsil və tərbiyyə vermişdir. Böyük övladı Zərifə BDU-nun sosiologiya fakültəsinin  4-cü kurs tələbəsidir, əlaçı təqaüdü alır. Oğlanları Xasay və Ürfan isə idman sahəsi üzrə öz sözlərini deməkdədirlər. 

2012-ci ildə Faiq təsadüfən güləş müəllimi olan bir dostu ilə rastlaşır. Müəllim uşaqlara baxıb deyir:

 -Bu oğlanları sabah gətir mənim yanıma, güləşə yazdıraq.

Beləliklə, Xasay və Ürfanın idman karyerası başlayır. Onu da qeyd edim ki,  Bakıya gələnə qədər bu uşaqları bibiləri Maral xanım saxlamış,  ailə qurmadığından bütün sevgisini bu uşaqlara həsr etmişdir. 
   
Əvvəlcə kiçik yaşlılar, sonra yeniyetmələr arasında həm Bakı, həm respublika birinciliyini qazanan Xasay Həsənli müxtəlif dövrlərdə Rusiya, Gürcüstan, İranda keçirilən yarışların qalibi olmuşdur. Ən yadda qalan qələbəsi ötən il İranda erməni rəqibinə aman vermədən 10: 0 təmiz qələbə qazanması oldu. Pəhləvanımızın qazandığı başqa bir böyük uğur bu ilin may ayında İtaliyanın Faenza  şəhərində keçirilmiş yeniyetmələrin Avropa çempionatında qazandığı qələbə olmuşdur.
  
Nəhayət, növbəti  böyük qələbə: Avropa gənclərinin olimpiya festivalında çempion olan Xasay Azərbaycan bayrağını göylərə qaldırmış, Azərbaycan himni məhz onun şərəfinə səsləndirilmişdir. Festivalın bağlanış mərasimində Xasay Həsənli fəxrlə olimpiya bayrağını daşımışdır.
     
 29 iyul-5 avqust tarixində Bolqarıstanda güləş üzrə yeniyetmələrin dünya çempionatı keçiriləcək. Xasay Azərbaycanı Yunan-Roma güləşi üzrə təmsil edəcək. Onun görüşü avqustun 3-də baş tutacaq. Komandamıza və Xasay Həsənliyə bu çempionatda uğurlar arzulayaq, qoy çempionlarımız Azərbaycanın idman şərəfini layiqincə təmsil edərək Vətənə qayıtsınlar!
   
 Sonda qeyd etmək istəyirəm ki, Xasay mənsub olduğu ailə ilə birlikdə  yenə o birotaqlı balaca mənzildə kirayə yaşayır. İnanırıq ki, idmançıları yüksək səviyyəli hədiyyə ilə qiymətləndirən prezidentimiz və vitse-prezidentimiz öz qayğı və diqqətini bu güləşçidən də əsirgəməyəcək.



 
Ceyran Həsənova  
"İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi
 

 





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az