...Bir azdan DÖYÜŞ BAŞLAYACAQ!-Qazilər rəqs edərkən düşündüklərim

...Bir azdan DÖYÜŞ BAŞLAYACAQ!-Qazilər rəqs edərkən düşündüklərim

Aydın Canıyev

Hər şey bu ilk hərfdən o yanda qaldı. Bu yanda isə mənim jurnalistliyimin son marşıdı!

... Düz 30 il hər növ (araq, viski, rom, çaxır, tekila, rakı, "samoqon", "çaça", konyak, şampanski, pivə) spirtli içkini hər növ adamla (qardaş, yeznə, quda, sinif, tələbə, əsgərlik yoldaşı, bar qadını, sevgili, hər millətdən olan təsadüfi müsahib) içəsən, amma və lakin bircə dəfə də... Qarabağ qazisi ilə bu şərəfə nail olmayasan!?

Əslində mən rəsmi dövlət qəzetini hərbi vətənpərvərlik şöbəsinin redaktoru olanda o Qarabağ döyüşçülərinin evlərinə də getmişəm, səngərlərində də onlarla görüşmüşəm, fəqət... onlarla bir tikə çörək yeməyə vaxt olmayıb: Ya dərdlərini dinləyib qayıtmışam, ya qəhrəmanlıqlarından danışıblar yazmışam...

Ancaq dünən Qarabağ qazisi, döyüşdə ayağının itirmiş Akif Abbasovun 65 illiyində iştirak etmək mənə nəsib oldu! Və mən ilk dəqiqələrdən anladım ki, 30 yaşımdan ölümə hazır olsam da niyə Allah məni öldürməyib! Məhz bu məclisdə olmaq üçün - deyilə bilər ki, bundan sonra da görüşə bilərsən! Eyy, özünü yığışdır, belə düşünməyi qətiyyən yaxın burxma! Məndə hardandı o dözüm???
Mən zatən də o məclisdə öldüm - özüm özümü doyunca ağladım!


... Badələr tələm-tələsik süzüldükcə, ard-arda içildikcə, nəfəsim kəsilirdi, tezcənə də Qılınc və Qələm Qazisi, həm tələbəlik yoldaşım, həm də həmkarım Xaqani Rzaquliyevə qayıtdım ki, dədə, bu nə partapart içməkdi? Qayıtdı ki, ayə, Allah evini tikməsin, restoranda müdirlə, tələbə iş yoldaşlarınla, ya da kəndçilərinlə oturub keflə içmirsən e, bunlar hamısı döyüşçülərdi, vərdiş ediblər tezbazar içməyə, hamını beynində bu var ki, bir azdan döyüş başlayacaq!
... İçimə 30 ildə fərqinə varmadığım laqeydliyimizin iki damla göz yaşı axdı!
Sonra bir sel başladı ki!!!
Ayağını təxminən 35 yaşında itirmiş Kərbəlayi Akif Abbasov 30 il çəliklərə dirsəklənsə də rəqs etməyi unutmamışdı: "Nəvələri onun çəliklərə dayaqlanaraq ayaqda duran babalarının əllərinin trayektoriyasına süzürdülər.
Dostları, döyüşçü dostları da!"


Mə mən düşünürdüm: "Qazilər rəqs edəndə onların bu torpaq uğrunda savaşda itirdikləri demirəm, qurban verdikləri... əlləri, ayaqları, böyrəkləri, ciyərləri, gözləri, dlləri, saçları hər dəfə, hər dəfə bir daha və yenidən güllələnir!"

Hər dəfə onlar rəqs edərkən bir daha yaralanırlar! Amma onların qurban gedən əllərindən, ayaqlarından, gözlərindən, dillərindən saçlarından yararlananlar bizik! Bizlərik! Nə dəxli var ki, biz hakimiyyətdə deyilik!
Biri elə mən - 30 il hərbi vətənpərvərlik mövzusunda yazan biri olaraq belə duyğusal yazını ilk dəfədi yazıram, mən Səlim Müslümovdan, Sahil Babayevdən, Səfər Əbiyevdən, Zakir Həsənovdan niyə inciməliyəm və niyə ittiham eləməliyəm ki?

Etiraf edirəm: "Bu məclisə məni dəvət edən Xaqaninin verdiyi şərəfdən çox, vicdanımın əzabı məni də ağlatdı, loru dillə desək anamı da!"
Məni yazılarıma görə məclisə dəvət edən Xaqani təqdim edəndən sonra gördüklərim məni utandırdıqca çıxış yolu arayırdım bu döyüşüb qolunu qıçını, gözünü, əlini, əsəbini itirən igid oğulların qarşısında - mən jurnalist kimi bu vətənin dşmənləri ilə döyüşüb sağlamlığımı, ailəmi, uşaqlarımı, azadlığımı itirsəm də anlyırdım ki, onların itirdikləri ilə müqayisədə bu çox azdır. Sağ olsun Xaqani, son statusumu döyüşçü dostlara danışdı. Bir az özümə gəldim. Ermənistandakı patirotluğumu və partizanlığımı eynilə təkrarladım!
İnanırsınızmı, bu vətən üçün sözlə ifadə edilməyəcək qurbanlar verən oğullar məni necə əzizlədilər?
Təzədən varımdan yox oldum - mən kobud, dəlixay, sayıla bilərəm, amma heç bir halda vicdansız olmamışam. Öz ölkəsinin vətəndaşlarına soydaşlarına bu qədər sayğılı və diqqətli, dəyər verən oğulların xoş münasibəti məni təzədən onlara içdən səcdəyə apardı!
Ax biz əclaflar!
Çox yazmıram, yaza bilməyəcəm, sadəcə deyirəm: "Tez-tez Qarabağ qaziləri ilə bir məclisdə olun, xüsusilə də əlillərlə, onlarla yeyin-için və əmin olun ki "Vətən bir an da yaddan çıxmır" nə deməkdi, onları tez-tez rəqsə dəvət edin, görün qurban gedən əllər ayaqlar, gözlər, dillər, əsəblərlə necə rəqs edir, rəqs edə-edə necə təzədən paramparça olur.
Görün, görün!!! Görmədikcə özünüzün nə boyda kişi olduğunuzdan xəbəriniz olmaz!

MƏCLİSƏ SÖZARDI: AVMVİB sədri Füzuli Rzaquliyevə bir yazar və vətəndaş olaraq təşəkkürüm və minnətdarlığım sonsuzdur! Həm Vətən uğrunda vuruşduğu üçün, həm də vətən uğrunda vuruşanların uğrunda vuruşduğu üçün! Çünki öhdəsində körpə uşaqlar ola-ola, eyni zamanda qardaşı döyüşdə iştirak etdiyi halda, yenə də müharibənin qaynar nöqtəsindən çəkilməmiş, şərəf və ləyaqətlə doğulduğu torpaq uğrunda vuruşmuşdur. Bu gün də özünü unudaraq, bu torpaq uğrunda vuruşan veteranların sosial-iqtisadi, məişət problemlərinin həllində can qoyur.
Kərbəlayi Akifin 65 illik yubileyi də onun dostlarla birgə dosta hədiyyəsiydi - döyüş mükafatı olaraq!
Azərbaycan Ordusunun yaradılmasında və təşəkkül tapmasında müstəsna xidmətləi olan Füzuli Rzaquliyev əsgərlərin sidq-ürəkdən "Koroğlu" deyib çağırdığı cəsur komadirlərimizdən olub!
Böyüklüyündən əskik olmayasan, "Koroğlu" - Füzuli Rzaquliyev!
Böyüklüyünüzdən, ucalığınızdan Azərbaycanımız da böyük, uca olsun, əziz veteranlar!
Ad günün mübarək, Kərbəlayi!

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az