Biz nəyi Bayram edirik?

Biz nəyi Bayram edirik?
Nazir Əhmədli

Əziz dostlar, qarşıdan gələn Bayramınızı təbrik edir, Sizlərə cansağlığı, firavanlıq, ruzi-bərəkət, xoşbəxtlik arzulayıram!!!
Və bu Bayramın mahiyyəti haqqında sizinlə bəzi fikirlərimi bölüşmək istəyirəm.
İstəyirəm biləsiniz ki, bu bahar bayramı deyil. Dini bayram da deyil. Yadımdadır ki, 1990-cı illərdə 3 il dalbadal bu bayramın mahiyyəti ilə bağlı izahat vermək üçün Allahşükür Paşazadəyə müraciət etdilər. Birinci dəfə dedi ki, bu bayramın dinlə əlaqəsi yoxdur və milli bayramdır. 1 ildən sonra dedi ki, bu dini bayramdır, 3-cü il yenə dedi ki, bu dini bayram deyil, milli bayramdır.
Şiələrin belə bir bəsit uydurması var ki, (mən özüm də şiəyəm) guya İmam Əli xəlifə seçilən gün Novruz adlı bir müsəlman o qədər sevinib, şadyanalıq edib ki, deyiblər bu gün Novruzun bayramıdır və həmin gündən də indiyə qədər bu cür gəlib çıxıb. Bu gülməli və bəsit bir uydurmadır. Ən azı ona görə ki, bu bayramın islamla heç bir əlaqəsi yoxdur və islamdan ən azı 2500 il qabaq qədim İranda yaranıb.

Farsca nou-təzə, ruz-gün deməkdir, yəni "yeni gün". Yəni "yeni ilin ilk günü". Başqa sözlə, xristianların yeni ili yanvarın 1-də başladığı kimi, hicri-şəmsi təqvimi ilə yaşayan ölkələrdə martın 21-i (bəzən 22-si) yeni ilin ilk günüdür. Bu ölkələr, o cümlədən biz də öz Yeni ilimizi, əsil yeni ilimizi bayram edirik. İranda martın 21-dən başlayan yeni ilin ilk ayı Ordubehişt ayıdır. 1945-ci il Cənubi Azərbaycanda Pişəvərinin rəhbərliyi ilə baş verən inqilab Azər ayının 21-nə düşmüşdü. Azər ayı İranda 9-cu aydır. Ona görə həmin inqilaba "21 azər hərəkatı" da deyirlər. Bu təqvim Qafqaz müsəlmanları üçün o qədər doğmalaşmışdır ki, onu ilin ən əsas və yeganə bayramı sanmış, buradakı Novruz sözünü ixtisar edərək onu sadəcə "Bayram" kimi tanımış, Bayramdan başlayan ayı Bayram ayı adlandırmışlar. Bu ay əhəmiyyətinə görə o qədər yüksək qiymətləndirilmişdir ki, hətta Ustad Ələsgər gözəl qıza müraciət edərkən "Camalın göyçəkdir Bayram ayından" deyir. 

Bəs qədim iranlılar bu günü təsadüfənmi martın 21-nə salmışlar? Qətiyyən yox. Müasir astronomiyanın məlumatına görə həmin gün geçə ilə gündüz bərabərləşir, gündüzlər uzanmağa, gecələr qısalmağa başlayır, Yer kürəsinin bizim də yaşadığımız Şimal yarımkürəsində yaz-bahar fəsli başlayır, təbiət oyanır, canlı aləm dirçəlir, yəni həyat yeni keyfiyyət mərhələsinə keçir. Bu günü yeni ilin başlanğıcı kimi seçən qədim İranda Astronomiya elminin nə qədər yüksək inkişaf etdiyini görməmək mümkün deyil. Hazırda istifadə edilən astronomik təqvimin müəllifi də məşhur şair Ömər Xəyyam hesab olunur. Onun dövründən keçən 900 il ərzində bu təqvimdə cəmi 6 dəfə düzəliş edilmişdir.

Hətta müasir dünya miqyaslı xristian alimlər də Yeni il üçün qədim iranlıların təyin etdikləri günün çox doğru olduğunu etiraf edirlər.
Qeyd edim ki, bu yeni ili iranlılar 4 min il bundan əvvəl tətbiq etmişlər. Düzdür, Yeni ilin başlanması baharın başlanması ilə üst-üstə düşsə də, ona "Bahar bayramı" demək yanlışdır. Bu ona oxşayır ki, xristanların yeni ilini "Qış bayramı" və ya "yanvar bayramı" adlandırasan. Yoxsa biz niyə hansısa fəslin gəlməsini xüsusi bayram kimi qeyd etməliydik ki? Bəyəm digər fəsillər az əhəmiyyətlidir? Hər birinin öz yeri, öz gözəlliyi var.
Maraqlananlar üçün deyim ki, cənub yarımkürəsində martın 21-də payız başlayır, bahar isə sentyabrın 21-də başlayır. Bizim yaşadığımız Şimal yarımkürəsinin tam tərsidir.
Bir daha Bayramınız mübarək!!!

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az