“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı estafeti Ağstafa rayonuna ötürüb

“Bölgələrdən Bölgələrə”  Yaradıcılıq Festivalı estafeti Ağstafa rayonuna ötürüb

"Bölgələrdən Bölgələrə”  Yaradıcılıq Festivalının növbəti dayanacağı Ağstafa rayonuna olub.     

 Respublikamızın 16 regional mədəniyyət idarəsini əhatə edən rayon və şəhərlərin iştirakı ilə  "Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Ağstafa rayonu Heydər Əliyev adına parkda Gənclər Mərkəzinin qarşısında baş tutub.

Festivalda Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri,  mədəniyyət işçiləri, eyni zamanda Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev də iştirak edib.

Ağstafa Regional Mədəniyyət İdarəsi festivalın sərgi hissəsində digər rayonlara ozan sənətinin sayılıb-seçilən simli çalğı aləti olan sazın növlərini, toxuculuq və oyma sənətinə aid olan çoxlu sayda əl işlərini, eyni zamanda digər sənətkarlıq nümunələrini nümayiş ediblər.

Bundan başqa,  konsert proqramı hissəsində isə  Tovuz rayon Aşıq Əsəd Rzayev adına Uşaq Musiqi Məktəbinin şagirdlərindən ibarət "Misri” aşıqlar ansamblı və Ağstafa  rayon Uşaq Musiqi Məktəbinin "Günəş” kvartet qrupu və müəllimlərdən ibarət ansamblı uğurla çıxış ediblər. Daha sonra tədbir digər regional idarələrin özfəaliyyət dərnəklərinin, mədəniyyət işçilərinin çıxışları ilə davam edib.
 
"Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda  ikinci dəfədir ki, "Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı baş tutur. Bu festival  iki ay davam edəcək.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az