Bu faktı xüsusilə qeyd etmək istəyirəm - Prezident

Bu faktı xüsusilə qeyd etmək istəyirəm - Prezident

Ölkəmizdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü keçirilmişdir və Azərbaycan bu təşkilata sədrliyi öz üzərinə götürmüşdür. Eyni zamanda, ölkəmizdə Qoşulmama Hərəkatının Zirvə Görüşü keçirilmişdir.

Bunu Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bildirib.

"Bu Zirvə Görüşü çərçivəsində 120 üzv ölkənin yekdil qərarı ilə Azərbaycan BMT-dən sonra bu ikinci böyük beynəlxalq təsisata sədrliyi öz üzərinə götürmüşdür. Bu faktı xüsusilə qeyd etmək istəyirəm. Çünki Qoşulmama Hərəkatında birləşən bəzi ölkələr, belə demək mümkündürsə, bir-biri ilə yola getmirlər, ölkələr arasında münaqişələr, ixtilaflar var. Buna baxmayaraq, bütün ölkələr Azərbaycanın namizədliyini dəstəklədi. Bu, bir daha onu göstərir ki, beynəlxalq arenada bizə olan hörmət və etimad yüksək səviyyədədir.

Dünya dini liderlərinin II Zirvə Görüşü ölkəmizdə keçirilmişdir. Azərbaycana 70 ölkənin dini liderləri gəlmiş, bizim reallıqlarımızla tanış olmuş və ölkəmizdə dinlərarası, mədəniyyətlərarası istiqamətdə görülmüş işlərə yüksək qiymət vermişlər.

Azərbaycanda UNESKO-nun Dünya İrs Komitəsinin sessiyası keçirilmişdir. Bu da dünya miqyasında çox mötəbər tədbirdir. Bu sessiya çərçivəsində Şəki Xan Sarayı, Şəkinin mərkəzi hissəsi UNESKO-nun Dünya İrs Siyahısına daxil edilmişdir. Hesab edirəm ki, bu, çox böyük hadisədir. Çünki bu günə qədər Qobustan və İçərişəhər, Şirvanşahlar sarayı bu mötəbər siyahıya daxil edilmişdir. Hesab edirəm ki, Şəki Xan Sarayının bu siyahıda olması həm ədalətlidir, həm də bizim növbəti böyük uğurumuzdur", - Prezident söyləyib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az