Cəmiyyətdə ictimai rəyi yaxşı nümunələr dəyişdirir - Şeyxülislamın valideynlərinin sadə qəbirləri - FOTOLAR

Cəmiyyətdə ictimai rəyi yaxşı nümunələr dəyişdirir - Şeyxülislamın valideynlərinin sadə qəbirləri - FOTOLAR

Bir neçə ildir ki, Azərbaycanda təmtəraqlı yas mərasimləri, bahalı qəbir daşları ilə bağlı mövzu müzakirə olunur. İctimai rəy min nemət düzülmüş luzumsuz yas menyularından, qəbristanlıqdakı bahalı məzar yerlərindən, dəfn qiymətlərindən şikayətlənir, ölçü götürülməsinin vacibliyini vurğulayırlar.

Məsələ ilə bağlı rəsmi qurumlar münasibət bildirib, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) öz tövsiyələrini açıqlayıb. İllər əvvəl QMİ Bakıda nümunəvi qəbristanlıq salınması barədə qərar da qəbul etmişdi.  Orada qəbir daşlarının islam dininə uyğun hazırlanması təklifi də var idi.

Bu istiqamətdəki müzakirələr hələ də səngimir, davam etməkdədir...

Bu günlərdə qəbristanlıqların statusu ilə bağlı Milli Məclisdə keçirilmiş müzakirələrdə bu mövzu yenidən gündəmə gətirildiyindən, rezonans doğurdu.

Cəmiyyətdə ictimai rəyi çox vaxt kağız üzərində yazılmış qərarlar yox, yaxşı nümunələr dəyişdirir. İctimaiyyət bir çox hallarda belə nümunələri vəzifəli şəxslərdən, ya da nüfuzlu şəxslərdən gözləyir. Məsələn, hansısa yüksək çinli məmurun, ya da nüfuzlu şəxsin öz valideynlərinə bahalı mərmər və ya qranitdən yonulmuş dəbdəbəli məzar daşı əvəzinə, sadə başdaşı qoydurması Azərbaycan cəmiyyəti üçün ibrət ola bilər.

Bəs qəbir daşlarının islam dininə uyğun sadə formada hazırlanması təklifini irəli sürən, yas mərasimlərini təmtəraqdan uzaq keçirməyi tövsiyə edən əsas dini təşkilatın - Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə özü bunu edibmi? Məsələn, onun valideynlərinin məzarı hansı şəkildədir? 

Modern.az-ın əməkdaşı bununla bağlı kiçik araşdırma aparmağa çalışıb. 

Məlum olub ki, Şeyxülislam Allahşükür Paşazadənin əzizlərinə - ata-anasına qoyduğu təmtəraqdan uzaq, sadə başdaşları doğrudan da fərqlənir... 

Qafqaz Müsəlmanları İdarəsindən öyrəndik ki, Allahşükür Paşazadənin valideynləri – mərhum  Hümmət kişi və Kafiyə xanım Lənkəranın Cil kəndindəki qəbristanlıqda dəfn olunub. Onların məzarları üzərində isə çox sadə başdaşları ucalır. 
Deyilənə görə, anım günlərində Şeyxi bu qəbir daşları qarşısında mərhumların ruhlarına dua oxuduğunu, kövrəldiyini görmək də olar.  

Şeyxülislamın bu nümunəsi fani dünya həyatında təmtəraq axtaran insanlar üçün bir mesaj sayıla bilər: yəni ən bahalı daşlar belə, insan xatirəsini əvəz edə bilməz. 

Hər insana dünyadan köçmüş əzizlərinin xatirəsi çox əziz olur. Doğrudan da ata-anasını itirmiş adamlara valideynlərinin son mənzili onları ovudacaq kövrək bir təsəlli yeridir. Amma bu məsələdə ifrata varmaq, təmtəraqlı məzar düzəltdirmək, dəbdəbəli başdaşları qoydurmaq heç bir halda təqdir oluna bilməz...

Ölməz Səməd Vurğun "soyuq məzara da zinətdir insan”, - deyə yazmışdı. Şair dolayısı ilə bildirmişdi ki, məzara zinət verən bahalı mərmər deyil, insanın yadda qalan xeyirxah əməlləri və dünya həyatında qazandığı yaxşı addır. İnsan həmişə bahalı daş parçası ilə yox, dünya həyatında qazandığı izzət və hörmətlə xatırlanır.

İslam dinində ölülərin dəfni çox sadədir. Onların cisminin torpağa verilməsi vacib sayılır, əzizini itirmiş adama təsəlli verilməsi bəyənilir. Ruhu isə Allah dərgahında öz hesabını gözləyir. Məzarın bahalı, yaxud ucuz olması mərhum üçün heç nəyi dəyişmir. Onu dünya ilə bağlayan məzarı dirilər üçün xatirədən başqa bir şey deyil. Ancaq dünya həyatında idarəetmədə qərar verəcək gücdə olanların, tanınan, nüfuzlu şəxslərin belə addımları insanların  təmtəraq istəyində olan qərarlarına mühüm təsir edəcək məsələdir.    

Odur ki, ölkədə belə nümunələrin çox olması vacibdir.



Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az