Deputatdan nazirin çıxışına irad: “Başqa ölkələrdəki maaşlara baxmaq lazımdır”

Deputatdan nazirin çıxışına irad: “Başqa ölkələrdəki maaşlara baxmaq lazımdır”

Xəbər verdiyimiz kimi, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ötən gün keçirilən iclasında "2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi olub.
Maliyyə naziri Samir Şərifov çıxışı zamanı bildirib ki, "Bu gün dünya miqyasında qazın qiymətinə baxsaq, görərik ki, bizdə qiymət heç nədir”.
Nazirin bu fikirləri cəmiyyətdə birmənalı qarşılanmayıb, geniş müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Bakupost.az -a millət vəkili Elman Məmmədov açıqlama verib.
O, bildirib ki, insanların S. Şərifovun fikrinə narazılığı əsassız deyil:
"Azərbaycan qaz idxal edən yox, qaz ixrac edən dövlətdir. İlk növbədə bu şərt nəzərə alınmalıdır.
İkincisi, digər ölkələrlə qiymətlər müqayisə ediləndə həmin ölkələrin maaşları, pensiyaları nəzərə alınmalı, ona uyğun müqayisə aparılmalıdır. Burada Avropa ölkələrində qazın qiymətinin yüksək olması nəzərdə tutulub. Bəli, Avropa ölkələrində qazın, enerji daşıyıcılarının qiyməti çox yüksəkdir. Axı Avropa dövlətləri qaz istehsal etmir...
Biz qaz istehsal edən dövlətlərdə qazın əhaliyə satış qiyməti ilə müqayisə aparmalıyıq.
Məsələn, İran, Ərəbistan yarımadası, Orta Asiya, Türkmənistan, Qazaxıstan kimi ölkələrdə qazın qiyməti və əhalinin maaşı, pensiyasına baxıb bu cür müqayisə edilməlidir. Əgər avropalı 2000-3000 avro pensiya, 5000-6000 avro və daha yüksək maaş alırsa, o yüksək enerjinin, qazın qiymətini ödəyə bilir”.
E. Məmmədov qeyd edib ki, ölkəmizdə qazın və elektrik enerjisinin qiymətinin ödənilməsi çətinlik yaradır:
"Bizdə 300-400 manat pensiya, yaxud 500-600 manat maaş ilə qazın, elektrik enerjisinin və başqa yanacaq növlərinin qiymətinin ödənilməsi çətinlik yaradır. Digər tərəfdən, ərzaq məhsullarının qiyməti dünyada baş verən hadisələrə görə durmadan artır. Ona görə də bunları nəzərə almalıyıq. Hörmətli S. Şərifovun bu fikrinə cəmiyyətdə narazılıq yaranıbsa, bu narazılıq əsassız deyil. Mənim dediyim fikirlər də cəmiyyətdə sadə insanlar arasında müzakirə olunur.
Təbii ki, bütün sahələrdə olan qiymət artımlarının əleyhinəyəm. Dövlət süni bahalaşma yaradanları, vaxtaşırı Tarif Şurasının yersiz hərəkətlərinin, eyni zamanda ticarət obyektlərində, bazarlarda, müxtəlif marketlərdə durmadan qiymət artımlarının qarşısını almaq üçün ciddi tədbirlər görməlidir”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az