"Deyin, Mehman müəllimdi!"-Aydın Canıyev yazır

- Deyin, Mehman müəllimdi!

Anamla oxuyub, anamın sinif yoldaşıdı. Anamla yaşıddı. Amma həm də anamdan yeddi yaş böyük atamla... sinif yoldaşı olub: atam sinifdə çox qalıb. Üstəlik də "sənə ürəyim qurban" dediyim kəndimin evlərinin üstü lığdamlı, sakinlərinin ürəyinin ən böyük arzusu qaloş olan, bir kitabın bir sinif üçün nəzərdə tutulan vaxtlarında bütün dərslərini "əla"yla oxuyub Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunan möhtəşəm oğludu!
Həm də kənddə ata yurdumuzun çəpərlərini kəndarası küçə ayırır!
Həm də...
Həm də...
Həm də...
Tələsmədən, gəlin mənimlə kəndimizə qonaq olun, tanıyın və dəyərləndirin! 
KƏNDƏ (və həm də keçmişə) EKSKURSİYA:
Altı-yeddi yaşım vardı və elə o altı-yeddi yaşda kəndimin ən ədalətli kişilərindən birinin adını eşitdim: çəpər qonşumuz Eynulla babanın! Eşitdiyim o ən ədalətli kişi həm də bizim kənddən deyildi! Hərəsi bir yerdən olan qonşularımız öz kəndlərini mənim yaddaşımda saxlaya, yaşada bilmədilər. Amma Eynulla baba - sovxozun uzun illər tərəvəz briqadiri işləyən kişi yaddaşımda üç amillə qaldı: həm türk dilində danışmağı, həm ədalətli olmağı (rüşvətin tüğyan etdiyi o dövrdə kimin oğru, kimin doğru olmağı bilinirdi), həm də Züvüc adlı kəndin varlığıyla. Və mənim o uşaq təfəkkürümdə ədalətli, halal, ailə tərbiyəsinin ideal düzəninə sahibliyə, elmə, təhsilə həvəsə, nümunəviliyə, zəhmətə-əməyə sığınmağa və sözübütöv olmağa bir mayak vardı: Eynulla Fərzullayev və Züvüc kəndi. Elə bilirdim ancaq Züvücdə dünyaya gələnlər, ancaq Züvücdə dünyaya gəlməklə insan əməyi-zəhməti sevər, elmə, təhsilə həvəsli olar, bütün qardaş-bacılar bir-birinə sığınar, hər işdə və hər sözdə bütöv olmaq olar! Hətta dədəm yalanımı tutanda hirsini soyutmaq üçün zarafatla deyərdim ki, züvüclü deyilik ki - yəni züvüclü deyiliksə, yalan danışmaq "lüksümüz" var!
Ağlımda elə qalmışdı uzun illər: adamlar evlərindən, kəndlərindən çıxıb getdikləri yerə evini, kəndini, rayonunu aparır! Çoxu da o biri qonşularımız kimi yaddaşlarda saxlaya bilmir, yaşada bilmir evini, kəndini, rayonunu qürbətdə - kəndə deyildiyi kimi eləcə deyirlər "filankəs "köç"dü". Amma...
Amma Züvüc kəndinin çox gözəl bir xüsusiyyətini bu yaxınlarda kəşf etdim: züvüclülər həm kəndlərini dünyaya daşıyırlar, yaşadırlar, həm də bu kəndin elə oğulları var ki, elə kənddə otura-otura adları bəs edir ki, kəndləri, kimlikləri bilinsin, tanınsın, sevilsin!
Hərəsinə aid bir misal deyəcəm: Eynulla babanın bir kəlmə xeyir-duası məni haralaracan ucaltdısa da, hətta mən nankor olsaydım belə, heç dilə gətirməsəydim də, bu gün Xəyyam Fərzullayevə - suda və quruda neft yataqlarında yanğınların söndürülməsi üzrə dünyanın 10 ən güclü mütəxəssisi ilə bir sırada olan mütəxəssis nəvəsinə görə o kəndin, o kişinin adı səslənəcəkdi!
Və... o kəndin adı istənilən halda dünyanın hər yerində çəkiləcəkdi: elmli, ədalətli, vicdanlı, zəhmətkeş, həm də müharibə dövründə şücaət göstərən qəhrəman övladlarına görə.
SÖZARASI: Çox da qabağa getməyək, bir stəkan pürrəngi, üçyarpaq Lənkəran çayından dəmlənmiş çaydan qurtum alın və ləzzətlə qulaq asın:
Artıq haqqında dəfələrlə yazdığım atamı tanıyırsınız: kör-köntöy, bəzilərinin əli tapançada olduğu kimi, şilləsi cibində olan dədəmi.
Atamın gecə saat üçdə məni sinəsinə qoyub oxumaqları vardı: gözəl səslə həm imam Hüseyn haqqındakı mərsiyələri, həm o vaxtlar təzə-təzə oxumağa başlayan Teymur Mustafayevin, amma daha çox Xan Şuşinskinin ifasındakı "Sudan gələn sürməli qız"ı, həm də talış dilində xalq mahnılarını oxuyardı. Əlbəttə ki, kəndin bundan xəbəri yox idi. Kənddə Məmmədin daha çox sutkada 24 saat fəhləlik elədiyini bilirdilər, daha çox xanımını döyməyini bilirdilər. Və gecələrin birində saat 3-dəmi, 4-dəmi... Məmməd yenə:
Kinəle, kinəle, boy noz məkə,
Az bətı aşığim, bılbıl bə vılon,
Bılbıli çı boğon avarə məkə
ni mərsiyə ladında oxuyanda...
Eynulla baba əkin sahəsini yoxlamağa gedirmiş ki, görsün isti şitilliklərdə vəziyyət necədi: ilbizmi daraşıb, temperaturmu aşağı düşüb, şitilləri oğurluğa gələnmi olub!
Birotaqlı, lap yolun qırağındakı kürsüsüz, yerlə bir lığdamlı evimizdən ağlaşmaya oxşar səs gəldiyini eşidir. Elə bilir uşağa, yəni mənə nəsə olub, ya da anama. Bəlkə də "bu "nadan" yenə gəlini döyüb, ağlayır?" fikriylə ürəyi dözməyib, ayaq saxlayıb, görür ki, yox e, səs kəsilmir. Yavaşca həyətə girir, pəncərədən baxır. Sözü bir dəfə deyən, razılığını işıq və nur saçan təbəssümüylə, etirazını bir tünd baxışıyla bildirən Eynulla baba sonralar o səhnəni şövqlə ifadə edib: "Uşaq çox diqqətlə, gözlərini atasına zilləyərək qulaq asırdı".
Elə o səhnəyə şahidliyi sonradan mənə "zəmanət" verməyinə səbəb olmuşdu. Ona qədər isə 15 il var.
YERİ GƏLMİŞKƏN: Çayınızı soyutmayın.
Evimizdə həmişə savadlı və ilk növbədə əxlaqlı, nümunə insanların söhbəti gedib! Mən kəndimdən pis adam tanımıram - demirəm yoxdu, olmayıb, amma ata-anam mənə və qardaşıma onlardan danışmayıb! Biz kəndimizin savadlı insanlarının necə əziyyətlə oxumasından, hampa olmasından bilgiləri almışıq. Elə söhbətlərin biri isə mən yeddinci sinifdə oxuyanda olub. Ona görə ki, əməlli-başlı oxuyurdum, müəllimlərim, qonşularımız həm savadıma, həm davranışıma, həm də zəhmətkeşliyimə görə razılıq edirdilər, artıq evimizdə mənim hansı ixtisası seçib ali təhsil almağım barədə düşünməyi ata-anam özünə icazə vermişdi. İnanmağınız üçün... qonağı olduğunuz anamın südünə and içirəm, hansı ki, heyranlıqla, ən əziz, ən doğma adamları kimi sizə baxıb qürurlanır: elə bir ixtisas qalmadı sadalamayım, anam heç birini... doğru tələffüz edə bilmədi! Təkcə... "jurnalist" deyəndə "hə" dedi!
Onu da bilirsiniz niyə? Çünki məhz anamın və atamın sinif yoldaşı, qonşumuz, Eynulla babanın ilki Mehman Fərzullayev kəndimizə - ata-anasına, qohum-əqrəbaya, sinif yoldaşlarına o ixtisası tanıtmışdı, ölkədəki yeganə Universitetin tələbəsi olmuşdu, o eyforiyanı uzun müddət adamlar özlərinə səadət bilmişdi. Hamı bir-birini və bu ailəni təbrik etdikcə adını yaza bilməyən anamın qulağı, dili bu sözə-ixtiasa öyrəşmişdi!
Hər adamın qisməti deyil nümunə olmaq! Mehman Fərzullayev ilk övlad olaraq da (açmasını verəcəm), şagird olaraq da, tələbə olaraq da, sənət sahibi olaraq da o kənd üçün NÜMUNƏ olub. Həm də təkcə o kənd üçün yox!
O ərəfələrdə Mehman müəllimin adı tez-tez çəkilirdi: mən artıq 8-ci sinifdə oxuyurdum və atamın-anamın sinif yoldaşı hələ indi... evlənirdi!
Mənim atamın-anamın sinif yoldaşı həm də "İşıq" nəşriyyatında yüksək səlahiyyətli vəzifədə idi.
Kəndimizə həm də onda hamının sevimlisi Heydər Əliyevin əziz qardaşı, rəssam Hüseyn Əliyevi görmək qismət olmuşdu - Mehman Fərzullayevə görə.
İndi Sizə danışdıqlarımı eşitmədiyindən sakitcə qırağa çəkilib oturan atam onda məni toylara getməyə qoymurdu, kənddə klubda kinoya baxmağa qoymurdu, saçımı əl maşını ilə keçəl qırxırdı şəxsən ayda bir dəfə. Amma həmin gecə... həm də "Neftçi" Donetskin "Şaxtyor"u ilə oynayırdı, ucaboy olsa da, "alçaq" Staruxin keçəl başıyla qapımıza qol vurandan sonra, bütün qadağalara baxmayaraq, durub getdim toya: Bəy - Mehman müəllim ona uzanan nəmərləri götürmürdü, başından atırdı! Bu... kəndimizdə ilk dəfə idi!
Sonra... 30 yaşlı Mehman müəllim kəndimizin ən gözəl qızı olan 17 yaşlı xanımını da götürdü qayıtdı Bakıya: yadımda sarı-qızılı rəngdə olan nöqtəli kostyumu, nəmər götürməməsi və üzündəki nurlu təbəssümlə qalaraq!
FASİLƏ: Yorulmadınız? Həə, onda Rəisə xanımın bişirdiyi küküdən, ləvəngi-balıqdan, tərədən, turşu badımcandan, qazmaqlı plovdan nuş edin, ardına yeməkdən sonra davam edərik!
... 1985-ci ildə jurnalistika fakültəsinə qəbul olundum - artıq eyforiya, "gör ha" heyrəti yox idi: etiraf edirəm, mən Mehman müəllim kimi əziyyətlə yox, "rahat" qəbul olunmuşdum! Kəndimizdə Abbasobalılar məhəlləsinin Rzayevlərindən, Quluobalılar məhəlləsinin Axundovlarından, Səfərovlarından, Kərəmobalılar məhəlləsinin Qurbanovlarından, Abbasovlarından, Həmidobalılar məhəlləsinin Səmədovlarından, Bayramovlarından bir diviziya ali təhsilli vardı!
Universitet ləzzətini Mehman Fərzullayev yaşatmışdı, Oğul Kərimov qaşını brilyantla bəzəmişdi Oqtay Qurbanovla. İndi iddialar oydu ki, ali məktəbə qəbul norma olmalıdı! İndi tələb daha böyük idi və yenə də bu tələbin müəyyənləşdirilməsinin səbəbkarı Mehman Fərzullayev olmuşdu: diplomu alıb kəndə palçığa qayıtmaq yox, tribunaya çıxmalı! Nümunə: Mehman Fərzullayev! Tələbin növbətisi: hər oxuyan biri digərini də buna səfərbər etməli - özü də təkcə bacı-qardaşı yox, həm də kəndlilərini! Nümunə: yenə də Mehman Fərzullayev!
Birinci kursda Cahangir Məmmədli bizi "Kommunist" (indiki "Azərbaycan") nəşriyyatına apardı. "Qəzet buraxılışı və texnikası" fənnindən dərs deyən rəhmətlik Əliş müəllim Nəbili bizi çap və yığım sexinə aparıb klişe, şpon, reqlet, şirft dəstlərini göstərəsiydi, alınmamışdı, odur ki, Cahangir müəllim Məmmədli kiminləsə danışıb bizi sinkoqrafiya sexinə aparası olmuşdu.
Tanıdım: O idi! Mənim sevimli Mehman müəllimim: üzündəki nurlu təbəssümlə! Tanışlıq vermədim. Hətta biz sexdən çıxıb dərsə qayıdanda yolboyu Cahangir müəllim ağızdolusu tərifləyəndə belə!
Çıxdım getdim əsgərliyə!
GƏZİNTİ: Bəli, mənim əziz oxucularım - evimizin əziz qonaqları, indi də bir az həyətdə gəzişək, həm ağaclara baxın, ürəyiniz istəyən yapon əzgilindən, payız heyvasından, gözünüzə dəyən hər nədən əlinizi atın dərin, qoparın, ruhunuz dincəlsin, həm də sizə göstərim ki, bu həyətdən dünya necə gözəl görünür: Talış dağlarının bir-birini əvəzləyən dumanlı başlarından, buludlu-qaşqabaqlı üzlərindən, eləcə də əzəmətini nə buludun, nə də dumanın ala bilmədiyi ucalığından nəşələnin. Panoramın ehtişamı söhbətin mabədinə stimul olsun: buranın övladlarının mərdliyi, qüruru, cəsurluğu nədəndir sualına cavabınız olsun... həm də!
... İkinci kursda dərslərə davam edirdim. Qardaşım da qəbul olunmuşdu. Fəhlə atanın, evdar qadının iki uşaq oxutması təbii ki, çətin idi. Kasıbçılıq, xaosa yuvarlanan ölkədə qıtlıq və siyasi gərginlik daha ciddi düşünməyə vadar edirdi. Tələbə yoldaşlarımdan gecə növbətçisi işləyənlərə demişdim ki, imkan olsa, mənə xəbər edin. Bir yandan da mitinqlər başlamışdı. Hər gün mitinqlərə getdiyim bir dönəmdə fakültədə müəllimlər dedilər ki, Mehman müəllim səni axtarır. Təbii ki, mitinqlərə getməkdə davam elədim: həm bilmirdim Mehman müəllim harda işləyir, həm də bilmirdim evi hardadı! Həm də inanmırdım ki, Mehman müəllim fakültəyə dalımca gələcək. Üstündən bir həftə sonra Mehman müəllimi fakültədə gördüm ilk dərsin əvvəlində!!! Çox mehribanlıqla, mənə tanış və doğma olan nurlu təbəssümlə:
- Mənim balam, sənə demədilər axtarmışam səni?
Kim haçansa həqiqətən utandığından qızarıbsa, tər götürübsə onu, o bilər, o təsəvvür edər mənim halımı. Mən bu axtarışdan özüm üçün iki nəticə çıxartdım: hansı vəzifədə olmasından asılı olmayaraq, müəlliminə heç vaxt ən xırda işi belə buyurmursan, səni nə qədər çox istəsələr, yüksək tutsalar belə. İş sahibi, çörək yiyəsi etdiyin adama heç vaxt özünün "çörəkverən, xilaskar" obrazını sərki etmirsən. Çünki Mehman müəllim fakültəyə gəlmədən də onu tanıyan müəllimlərdən xahiş edə bilərdi ki, dərsdən onu çıxarın göndərin mənim yanıma! Mehman müəllim fakültəyə "müəllimlərimi ziyarətə gəlmişəm" deyərək onların hal-əhvalını soruşub, sözarası məni aramışdı - bunu da öz vaxtından ayıraraq, öhdəsində olan digər işləri yola verərək o vaxtı qazanıb gəlmişdi! Üstəlik də mən bu axtarışı cavabsız buraxanda, incimədən, özünə "man" bilmədən bir də gəlmişdi, məni yaxalayanda isə, heç bir acıq, hirs nümayiş etdirmədən, mənə "sənin üçün əlləşirəm" sərkisi yapmadan! 
Mehman müəllim əlavə etdi:
- Sabah gedəcəksən "Kommunist" qəzetinin redaksiyasına. Məsul katib var, Şakir Yaqubov. Yaxınlaşacaqsan, ərizə yazacaqsan, gələrsən nəşriyyata.
Dekabrın 12-si idi 1988-ci ilin!
Mən "Kommunist" qəzetinə getdim səhərisi. İlk baxışdan ötkəm, acıdil təsiri bağışlayan Şakir Yaqubov otaqda mənə işimin nədənini izah etdi: "Dərsdən çıxırsan, gəlirsən, teletaypdan "depeşe"ləri gətirirsən. 70 manat alırsan! Yəni heç bir əziyyəti yoxdu: "şunu gətir, şunu apar!""
Ərizəni yazsam da, ürəyimdə deyirdim: "hə, bu saat, siz dediniz, mən də işlədim kuryer!"
Otaqdan çıxanda arxamdan kəmərimə keçirdiyim dəftərlər düşdü - oturanda sürüşmüşdü yuxarı: komik bir vəziyyət!
Getmədim. Ayın 16-sı Mehman müəllim yenə fakültədə peyda oldu:
- Mənim balam, Rəisə qışın qarında, soyuğunda, yağışında 100 dəstə keşniş, 100 dəstə turp, 100 dəstə də soğan yuyur, bağlayır, səhər saat 5-də durur ağır şələylə gedir bazara, satır, 3 manat alır, onu yığıb göndərir sənə, bundan utanmırsan, amma tərtəmiz yerdə, gərəkəndə isti, gərəkəndə sərin otaqdan heç bir əziyyət çəkmədən, heç bir ağırlığı olmayan kağızı gətirməyə utanırsan?
Dekabr ayının 17-dən mən "Kommunist"in kuryeri idim!
13 gün sonra - 1989-cu ilin yanvarın ilk iş günündən oxucu ("çtets" deyirdilər), maaşım isə 120 manat.
Həmin ilin iyun ayında artıq buraxıcı işləyirdim, maaşım 180 manat. Üstəlik də... hər növbə ərzində dörd səhifələyicinin-metronpajın, iki yığıcının-linotipistin, dörd korrektorun, iki oxucunun və kuryerin işini əlaqələndirmək və qəzeti çapa aparmaq məsuliyyəti...nin zövqü! 
... Həm də 50 manat təqaüd alırdım.
Həm də işimi tez öyrəndiyimdən və məni öz yerinə təyin elətdirib Moskvaya Fərhad Ağamalıyevlə "Panorama Azerbaydjana" qəzetini buraxmağa (SSRİ ilə birgəlikdə Azərbaycan adına Moskvada çıxan ilk qəzet) gedən Mehman müəllim növbə həmkarım Feyzi Fərəcullayevə əmanət etmişdi. O da məni özünün işlədiyi "Ədəbiyyat" və "Azərbaycan pioneri" qəzetinə əvəzçilik üzrə məzuniyyətə çıxanların yerinə cəlb etmişdi: bir gündə dörd yerdə maaş cədvəlinə qol çəkirdim!
Bu maddi tərəfi - ikinci kursun ikinci semestri və 600 manat! Hər ay olmasa da, iki-üç aydan bir həmkarların sədri Ruslan Rəfizadənin güzəştli qiymətə təşkil elədiyi defisit və brend geyim, ərzaq məhsulları! Nəzərə alaq ki, ölkə talonla yaşayırdı!
Mənəvi tərəfi: ölkənin ən nəhəng imzaları ilə həftə ərzində görüşmək, onların yazılarını xidməti borc olaraq oxumaq səadəti!
Ən ziqiymətlisini yazıram: ölkənin böyük hərflə və əminliklə bütün zamanlar üçün "1 nömrəli qəzetçisi - məsul katibi" sayılan Şakir Yaqubovla hər gün saatlarla bir yerdə olmaq!
Qəzeti necə səhifələməyinə, hansı materialı harada və necə yerləşdirməsinə, şrift siyasətinin incəliklərini sərgiləməsinə, səhifəyə qoyulanda qəflətən gərəkən redaktəni etməsinə - bəzən məsləhətləşərək, bəzən də öz ixtiyarında olaraq həmkarların, eləcə də baş redaktorun və hətta... "Azərtac" materiallarının...
Şakir Yaqubovun yanında olmaq, əlinin altında işləmək ali təhsili əvəz edirdi! Daha jurnalistika fakültəsinə getməyə ehtiyac qalmırdı! Necə ki, getmədim də (getməməyin bir ayrı səbəbi də vardı: Raifə Həsənova. Mehman Fərzullayevin gərgin səyləri və ən sonda Hidayət Elvüsalın müdaxiləsi nəticəsində "təhlükə" sovuşdu)! Sağ olsun Universitet müəllimlərim, nəzərə aldılar!
Mehman müəllim mənə dayı düşür! Həm də "dayılıq" etməsi mənə Azərbaycan jurnalistikasını hədiyyə etdi!
Mehman müəllim bu mənada da nümunədi: heç nəyə görə də "sağ ol" deməmək əclaflığını etmiş olsaydım, məni bağışlamaq olardı, amma Şakir Yaqubovun sərəncamına göndərməyinə görə minnətdarlığı rəsmiləşdirməmək nəinki mənə, yeddi arxa dönənimə belə ayıb sayılardı! Əvvəldə yazdığım kimi, Eynulla babanın xeyir-duasını yanlışa yozardı!
Mehman müəllim təkcə məni doğru yola, doğru ünvana yönəltməyib! Mən onun tribuna üçün hazırladığı ilk deyiləm: mənə qədər o kəndin daha neçə uşağına hami olub, ta nazirliyin 14-cü mərtəbəsində iş sahibi etməyəcən!
Mehman müəllim hamı üçün doğru yolun, doğru ünvanın mayakı olub!
Birotaqlı evində bütün bacı-qardaşlarını qanadı altına alıb, oxudub, təhsil verib, sənət öyrədib pərvazlandırıb!
İlk növbədə isə vurğuyla demək istəyirəm: mənim tay-tuşlarım cibinə pul yığanda, mən Azərbaycanı qarış-qarış gəzib ürəyimə dərd yığmışam!
İllər boyu gözəlim Azərbaycanda şahid olduğuma görə deyirəm: Yoxdur Azərbaycanın elə bir rayonu ki, o rayonda Mehman müəllim ən azı ik-üç nəfərə yardımçı olmamış olsun: kiminin işinə, kiminin təhsilinə, kiminin səhhətinə, kiminin ehtiyacına görə!
Yoxdur Azərbaycanda elə bir səlahiyyətli vəzifə sahibi ki, Mehman müəllimin yaxşılığı keçməsin - birinin xahişini, birinin kitabını, birinin yazısını, birinin haqqını yerbəyer etməmiş olsun!
Yoxdur Azərbaycanda elə bir adam ki, Mehman Fərzullayevi tanısın, ilkin təəssüratı hətta nifrət olsa da belə, sonda ona "Ağsaqqal" deməsin!
Yoxdur!!!

Və siz elə bilirsiniz Mehman müəllim hardasa böyük vəzifələrdə işləməklə bunu qazanıb?
Elə olsaydı, bu yazı yazılmazdı!
Mehman Fərzullayev bu ölkədə nəşriyyat-poliqrafiya işini beynəlxalq miqyasda bilən iki-üç peşəkardan biridir: mənim dəqiq bildiyim odur ki, bir neçə sahədə, bir neçə nazirlikdə nəşriyyat-poliqrafiya terminalını qurub, yaradıb, arsenalını təmin edib... gəlir gətirən anda... kənarlaşdırılıb işindən! Dəfələrlə!!!
Bu onun 30 yaşında da belə olub - bəhanə evliyiyi gətirilib!
Bu onun 40 yaşında da belə olub: bəhanə ixtisası gətirilib!
Bu onun 50 yaşında da belə olub: bəhanəsiz!
Xeyirxahı olduğu ən sadiqi mənəmsə... 30 ildən sonra təşəkkür əvəzi yazıram bu yazını - mənə ayıb olsun! Özü də təkcə mən deyiləm belə "nankor". Amma "aşağı yeri" olmasa da, yuxarı, üstün olanı odu ki: Mehman müəllim həm də bu xüsusisyyətiylə gözəl insandı - təmənnasızdı!
30 ildə bir dəfə də eşitmədim kiməsə və yaxud da kiminsə yanında desin ki, Aydını mən istiqamətləndirdim, calaşdırdım, Azərbaycan jurnalistikasının qaymaqlarıyla bir araya gətirdim, adımı, əlimi üstündən çəkmədim (eləcə də başqaları haqqında da deməyib, deməz də!), amma və lakin... məclislərində olanlar Onun dilindən çatdırıblar (nə qədər həqiqət olduğunu özündən soruşacam):
- Aydın mənim üçün kəndimdir!
Bilirsiniz, bu əzizimdən, doğmamdan, dayımdan belə artıq dayım deyə biləcəyim əvəzsiz insanı nə qədər çıxılmaz vəziyyətdə saxlamışam? Bilirsiniz, nə qədər bu mömin, alicənab, xeyirxah, nümunə insanı pərt halda saxlamışam? Əslində də belə "konstitusiyasız" olmağımdan yana öz adımı Onun adıyla yanaşı çəkməyi özüm də özümə rəva görməmişəm. Ki, ən yaxşı halda, yaxşı deyil! Dəfələrlə olub ki, hətta məni tanıdıqlarına görə, adamları incidiblər! 
Halbuki... himini qoyduğu yolla gedib mənzil başına - tribunaya çıxmağa heç bir enerjiyə, gücə ehtiyac yox idi! Sadəcə, yerimək lazım idi o relslərin üstündə: rejimin formasından, hakimiyyətin təmsilçilərindən, zamanın mahyyətindən asılı olmayaraq!!!
Hacı Mehmanın istiqamətləndirdiyi yol... elə özünün getdiyi Allah yolu qədər rahat idi, saf idi, təmiz idi, doğru idi, düzgün idi!
Məhz Hacı Mehmanın getdiyi yolla üç qızı oxudub gəlin köçürmək, bir oğlu oxudub Azərbaycanın ən şərəfli övladları statusuna qaldırmaq olar!
Bu həyatda necə xoşbəxt olmaq olar sualının cavabıdı Hacı Mehman Fərzullayevin varlığı!
Daha bir nümunəsini deyimmi?
Növbəti dəfə - 60 yaşında Hacı Mehman işsiz saxlanılır: halbuki yaratdığı, qurduğu sistemin barını-bəhrəsini dadmalıydı! Kim olsaydı, aləmi qatardı bir-birinə, amma Mehman müəllim... düz 1 il 2 ay oruc tutdu! Fasiləsiz!
Bir nümunə də deyim, dəqiq heyrətlənəcəksiniz:
Ən müxtəlif ünvanlarda, ən müxtəlif insanlarla görüşünə, danışığına şahid olmuşam. Getdiyi yerlərdə, danışdığı adamlarla özünü həmişə belə təqdim edib:
- Deyin ki, Mehman müəllimdi!
Bircə dəfə də işinin adını çəkməyib - halbuki nəşriyyat direktoru da olub, idarə rəisi də, diplomatik xidmətdə təmsil olunduğu dönəm də!
Bəli, əziz insan, bəli, bizə Universitet şərəfi yaşadan fəxrimiz, bəli, bizim kəndimiz üçün də, ölkəmiz üçün də bir çox ilklərin müəllifi, bəli, yubilyar hamimiz, xeyirxahımız, möminimiz Hacı Mehman Fərzullayev, mən etimadı doğrutlmayanlardan oldum! Mən ən azından Mehman Fərzullayev yolu getməliykən, Mehman Fərzullayev varkən, mənim hamim, xeyirxahım olduğu halda, daha möhtəşəm olmalıykən... ola bilmədim!
Amma təvazökarlıqdan uzaq olsa da, deyirəm: bircə bunu bacardım, Hacı, yerişini yeriyə bilməsəm də, dediyini deməyi:
- Deyin ki, Aydın Canıyevdi...
elə bu yazını yazan da!
FİNAL: Həə... ömrümün işıqları, gözümün nuru, üzümün təbəssümü, qəlbimin fərəhi olan əziz oxucularım, kəndimizin şərəfi və şərəfli qonaqları, bizdə həm də belə "qonaqlıqların" qəşəng adı var: "şəvnışt".
"Gecə söhbəti"mizi - Hacı Mehman Fərzullayevin 70 illik yubileyinə həsr olunan gecəni - "şəvnışt"i elə el adətiylə tamamlayaq: şorlanmış qəşəng yanıqırmızı armud, əzgil, şalğam turşusu çərəzi əvəz edir! Yazımın nə kəm-kəsiri oldusa dadında, desertlərlə tamamlayın!!
Halal xoşunuz!
SON SÖZ ƏVƏZİ: Həyatda elə insanlar var ki, onlarda mənsub olduqları bölgənin bütün koloriti əks olunur!
Hacı Mehman Fərzullayev həyatınızda gəlib-getmiş Lənkəran sakinlərinin ən unudulmazlarından biridir! Buna adıma əmin olduğunuz kimi inanın!
ZAMANIN DİQTƏSİ: Bu dünyanın mehmanı olmayın, bu dünyada Mehman olun! Fərzullayev kimi!

 
Aydın Canıyev
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az