Dilqəm Əsgərovun oğlu Prezidentə müraciət etdi - Eldar Həsənova görə

Dilqəm Əsgərovun oğlu Prezidentə müraciət etdi - Eldar Həsənova görə

Erməni əsirliyində olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Eldar Həsənova görə Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Miq.Az müraciətin mətnini təqdim edir:

"Hörmətli cənab Prezident!

Bu müraciətimdə məqsədim qəlbimin necə ağır möhnət içində olduğunu bildirməkdir. 6 ildir ki, girovluqda qalmış atam Dilqəm Əsgərova qovuşmaq həsrəti ilə yaşayırıq, bu ayrılıq uzandıqca bizim qəlbimiz daha da kövrəlir, bir daha onu görməyin bizə nəsib olub-olmayacağını bilmirik. Qeyd edirəm ki, girovluqda olan atamın və soydaşımız Şahbaz Quliyevin tezliklə azad edilməsi və ailə üzvlərinə qovuşması üçün Azərbaycan xalqının layiqli övladı Eldar Həsənov daim mübarizə aparmış, bizlərə hər an diqqət göstərmişdir. Eldar Həsənov beynəlxalq ictimaiyyəti Ermənistana ciddi təzyiq göstərməyə çağırmış, onların azad edilməsini hər an diqqət mərkəzində saxlamışdır.

Bu gün belə vətənpərvər, həmişə Azərbaycan dövlətçiliyinin keşiyində dayanmış Eldar Həsənovun həbs edilməsi məni olduqca sarsıdıb. Həmişə xeyirxah əmməlləri ilə insanlara yardım edən, onlara dəsdək olan Eldar Həsənovun bu gün barmaqlıqlar arxasında qalması atamın girovluq taleyini mənə xatırladır. Mən istəmirəm ki, belə bir vətən övladı doğma Azərbaycanın girovuna çevrilsin, onun övladları, doğmaları biz çəkən həsrəti, acını çəksin. Belə bir haqsızlığa əminəm ki, hörmətli Prezidentimiz qətiyyen yol verməyəcəkdir.

Hörmətli Prezident!

Sizdən artıq dərəcədə xahiş edirəm, Eldar Həsənovun həmişə girovlarla onların ailələrinin taleyi ilə maraqlandığını, onlara mənəvi dəsdək olduğunu, habelə hazırda onun ağır xəstə olduğunu nəzərə alıb, barəsində olan həbs qəti imkan tədbirinin ləğv edilməsinə köməklik göstərəsiniz.

Hörmətli Prezident!

Mən əminəm ki, Eldar Həsənovun Azərbaycan dövlətinə 40 ildən artıq sədaqətlə xidmət etdiyini, habelə onun oktyabr ayında 65 yaşının tamam olacağını nəzərə alıb, onun istintaq ərəfəsində, ən azı, ev dustaqlığına buraxılmasına yardım göstərəcəksiniz”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az