Doğmalıq

Doğmalıq
Əli Şirin Şükürlü
 
tanıdız məni...
 
doğmalıq – həm də tanımaqdı bir-birini.
yüyürməkdi, sarılmaqdı bir-birinə.
 
yüyürə bilmirsən, evim,  
yüyürə bilmirsən, bir parça torpaq,
yüyürə bilmirsiz, ağaclar.
yüyürə bilmirsiz – bilirəm.
 
yüyürüb gəlmişəm də; sarılın boynuma
nənəm kimi, anam kimi, atam kimi.
sarılın boynuma, gəlmişəm təngnəfəs.
 
qocalmısız bir az da, ağaclar.
bəs hanı, dostunuz alma ağacları,
hara üz tutub nar ağacları;
bilmədim soruşdum, bağışlayın,
darıxırsız, deyəsən.
 
köhnəlmisən bir az da, evim;
hanı nənəm, hanı anam, hanı atam.
heç ziyarət edirlərmi səni; bağışla,
yadına saldım,
qüssələndirdim deyəsən səni.
 
kədərlisiz, ağaclar; məyus, başı aşağı.
qüssəli dayanmısan, evim, -
xiffət çəkənə oxşayırsan.
qüssəli dayanmısan, elim,
mənəm də, gəlmişəm, tanımadız ki.
mənəm də - doğmanız,
Səyədulla müəllimin oğlu.
 
tanıdız axı...
 
bir az dəyişmişəm, azca saçım ağarıb – nolsun.
baxışlarım doğmadı ki. bir az həsrət çöküb, bir az da
kədəri artıb sadəcə - nolsun.
 
tanıdız.
bir az dəyişmişəm, bir az da qoca uşaq.
elə həmən uşaq, bir az ərköyün.
yüyürüb gəlmişəm sevinc içində,
bir az da kədərli – nolsun.  
 
yüyürüb gəlmişəm, bir parça torpaq,
yüyürüb gəlmişəm, qüssəli evim,
yüyürüb gəlmişəm, məyus ağaclar,
 
yüyürüb gəlmişəm, obam, elim,
yüyürüb gəlmişəm, sarılın boynuma
sarılın
nənəm kimi, anam kimi, atam kimi,
sarılın, nolur.          
 
 ... – 21.04.2014

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az