Dünya Meteorologiya Təşkilatı: son dörd il dünyada ən isti dövr olub

Dünya Meteorologiya Təşkilatı: son dörd il dünyada ən isti dövr olub
Dünya Meteorologiya Təşkilatının (DMT) hesabatında qeyd olunur ki, son dörd il dünyada ən isti dövr olub.

Miq.az AZƏRTAC-a istinadən bildirir ki, onlardan ən isti keçəni isə 2018-ci ildir. Belə ki, son 10 ayda planetimizdə orta temperatur 1900-cü illə müqayisədə 1 dərəcə artıb. Hesabatda bildirilir ki, son 22 ilin 20-si qlobal miqyasda ən isti illər olub. Təşkilatın qənaətinə görə, əgər bu atım tempi davam edərsə, 2100-cü ildə Yer üzündə hərarət təxminən 3-5 dərəcə yüksələ bilər.
DMT-nin hesabatında daha sonra vurğulanır ki, 2019-cu ildə qlobal istiləşmə prosesinin davam edəcəyi gözlənilir. Təşkilatın baş katibi Petteri Taalas deyib: "Atmosferə zərərli qazların buraxılması artan templə davam edir və bu tendensiyanın davam edəcəyi təqdirdə əsrin sonuna doğru orta temperatur göstəricilərinin 3-5 dərəcə yüksəlməsini müşahidə edə bilərik. Biz bu problemi anlayan nəsil olduq, amma yeni nəsil konkret tədbirlər görmək məcburiyyətindədir".
DMT baş katibinin müavini Yelena Manayenkova isə əlavə edib ki, bu rəqəmlər həyəcan təbili almaq üçün yetərlidir. O əlavə edib: "Rəqəmlərdə istiləşməyə doğru hər bir kiçik dəyişiklik insanların səhhəti, ərzaq və içməli su təminatı, heyvanların nəslinin kəsilməsi və əkin sahələrinin azalması baxımından yeni təhlükələr deməkdir".
Hesabatda 2018-ci ildə iqlim dəyişiklikləri ilə bağlı fəlakətlərin xülasəsi də verilib. Hindistanın Kerala ştatında 5 milyon, Yaponiyada isə yüzlərlə insan sel və daşqınlardan zərər çəkib. Avropanın böyük bir hissəsində, o cümlədən Britaniyada və Skandinaviya ölkələrində meşə yanğınları baş verib. İyul və avqust aylarında Arktik Qövsdə rekord dərəcədə yüksək temperatur qeydə alınıb. Helsinkidə isə ard-arda 25 gün havanın hərarəti 25 dərəcədən yuxarı olub. Noyabrda ABŞ-ın Kaliforniya ştatında baş vermiş və onlarla insanın ölümünə səbəb olmuş meşə yanğınları da qlobal istiləşmənin nəticəsidir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az