"Düşmənin 40 nəfər XÜSUSİ TƏYİNATLISInı məhv etdik"- Qazi baş leytenant


2014 cü ilin qızmar avqust ayı...

Milli Ordumuz hər zamanki kimi Vətənin keşiyində idi.
Cəbhənin Ağdam istiqamətində mühəndis istehkamçılarımız ön xəttin möhkəmləndirilməsini, minalanmış ərazinin təmir və bərpası üzrə döyüş tapşırığını icra edirdilər. Ermənistan ordusunun xüsusi təyinatlı dəstələri əvvəlcədən planlaşdırılmış şəkildə ön xəttə yaxın ərazidə xüsusi maskalanma üsulundan istifadə edərək gözdən itmişdilər. Ordumuza məxsus avtomobil istehkamçılarımızı ərazidən götürüb yenicə yol alırdı ki, hər zamankı kimi hiyləgər düşmənin açıq hücumuna məruz qaldılar. Avtomobildə olan 5 silahsız əsgərimiz xüsusi amansızlıqla qətlə yetirildilər. 

Əsgər Məmmədov Səftər Əlihüseyn oğlu
Əsgər Rəhimov Əli Fətulla oğlu
Əsgər Coşqunov Mustafa Əhmədcan oğlu
Əsgər Abdulov Hüseyn Etibar oğlu
Əsgər İbrahimov Elnur Məhiyəddin oğlu

Müdafiə Naziri cənab General Polkovnik Zakir Həsənovun tapşırığı ilə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin 2 qrupu avqustun 1-də Ağdam – Tərtər cəbhəsinə göndərildi.
13 nəfərlik qrupun Komandiri Mayor İmanov Samid digər qrupun rəhbəri Kapitan Orucov Mühid (Müavini Leytenant Mənəfov Səməndər) idi.

Şəhid Əliyev Pərvin Səlahəddin oğlu 

Ağdam istiqamətindən bir qrup, Tərtər istiqamətindən isə Samidin qrupu düşmən xüsusi təyinatlılarını axtarmaq üçün döyüş tapşırığına başladılar. Həmin döyüşlərdə iştirak etmiş Baş Leytenant Mənəfov Səməndər döyüşü belə xatırlayır: "Biz avqust ayının 1-i  gecə qrup komandirimiz Orucov Mühidin başçılığı altında 13 nəfərlə Ağdam rayonunda düşmənin dərinliklərinə sızmağa başladıq. Xeyli getdikdən sonra xüsusi cihazla ərazi kəşfi apardım, bu zaman sol istiqamətimizdə 6 ədəd təpə gördüm. Dərhal onların quruluşca eyni olması məni şübhələndirdi və onların təpə yox, düşmən çadırı olmasını müəyyən etdim. Onlar əsgərlərimizi şəhid edən Ermənistan xüsusi təyinatlı qüvvələrinin döyüşçüləri idilər. 

Düşmənin bizi pusquya salmaq niyyətini dərhal anladım və  "düşmən sağda" deyərək qrupa xəbər verdim, elə bu an sol cinahdan atəş açıldı. Atəş nəticəsində qrupumuzdan Gizir Əliyev Pərvin Səlahəddin oğlu, Kiçik gizir Hüseynov Rahil Əfsər oğlu, Kiçik gizir Əhmədov Elçin Rasim oğlu Şəhid oldular, şiddətli döyüş başladı.

 Şəhid Əhmədov Elçin Rasim oğlu

Biz sola atəş açaraq düşməni susdurmaq istəsək də sayca onların çox olması çətinlik yaradırdı və bizi sağ cinahda yerləşən erməni postundan atəşə tuturdular. Bu zaman qumbara atanla sağ cinahdakı düşməni məhv etdim. Mühid qışqıraraq RPQ istədi. Gizirimizin çiynindəki RPQ ni çıxarıb Orucov Mühidə verdim, Mühid orada qeyri adi üsulla ayaqlarını açıb əyilərək erməni xüsusi təyinatlılarına məxsus çadırı vurdu, çadır silah sursatla dolu olduğu üçün güclü partlayış oldu. Biz daha da ruhlandıq, sağ cinahla irəliləyib düşməni mühasirəyə salıb məhv etməyə başladıq. Gizirimiz Eldar ağır yaralar alaraq sürünərək döyüşürdü. Onun sursatı bitdiyindən Şəhidlərmizin silahından istifadə edirdi. 1 saatdan çox çəkən döyüş bitdikdən sonra ortada 40 erməni xüsusi təyinatlısının leşi qalmışdı...bu an Mayor Samid İmanovun qrupu bizim yanımıza çatdılar. Şəhidlərimizi çıxarmaq istəyərkən ermənilər bizə hücum etdilər, Samidgil həmin erməniləri məhv etdilər. Biz şəhid və yaralılarımızı götürüb geri döndük. 13 nəfərlik qrupumuzla 40 nəfər erməni xüsusi təyinatlısını məhv etdik. 

   Şəhid Hüseynov Rahil Əfsər oğlu

Biz əsgər qardaşlarımızın qisasını almışdıq. Amma qrupuzun şəhidləri oldu. Hüseynov Rahili alnından öpdüm, onun kəlmeyi şəhadəti deməsi hər an qulaqlarımda səslənir... 

Döyüşlərdən sonra Silahlı Qüvvələrin Ali Baş Komandanı şəxsən özü Ağdam rayonuna gələrək bizim əlimizi sıxdı, hər birimzlə qürur duyduğunu vurğuladı və saat hədiyyə etdi.

  Şəhid mayor İmanov Samid

2014 - cü ilin Avqust döyüşlərində iştirak etmiş hər iki qrupun Komandirləri Mayor İmanov Samid və Kapitan Orucov Mühid 2016 cı ilin aprel döyüşləri zamanı Talış kəndi istiqamətindəki döyüşlərdə qəhrəmancasına döyüşərək Şəhid oldular. 

Baş Leytenant Mənəfov Səməndər
 
Baş Leytenant Mənəfov Səməndər Talış dəndi istiqamətində gedən döyüşlərdə ayaqlarını itirərək Qazi oldu.


 Şəhid  Kapitan Orucov Mühid

Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2016 cı il 365 saylı qərarına əsasən Mayor İmanov Samid Azərbaycanın Milli Qəhrəmanı adına, Kapitan Orucov Mühid Vətən Uğrunda ordeni ilə təltif edilmişdir.

Məliksoy Elmar


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az