"Düzünə...sürgünə rahatdı yollar!"- Paşa Talıblıdan yeni şeirlər


Müasir poeziyamızın ciddi ismlərindən olan, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Paşa Talıblı vaxtaşırı şeirləri ilə mətbuat səhifələrində görünməkdədir. Bu aktivlik hələ keçən əsrin 80-ci illərindən özünü onun şəxsində göstərir. 
Sizlərlə görüşə gələn şeirləri "Uzaqlardan gələn məktublar silsiləsi" də adlandırmaq olar. Çünki müəllif hal-hazırda qürbətdə- Rusiyanın Volqoqrad şəhərində yazıb-yaradır.


Yüzə-yüz...

Hamı necə mən də elə;
deyilən qədər söz mənəm.
..haranın tənhalığı çox,
bax, orda yüzə-yüz mənəm!

Yüzə-yüz mənimdi çoxluq!
...rənglər, etüdlər kimindir?
Hamınınkı özünündür,
qalan ümidlər kimindir?

Hamı necə mən də elə...
Lap dünənki gün kimiydim!
Eh...dünənki gün də keçdi...
Kim biləcək mən kimiydim!


Söz demişkən...

..göy üzüdü, ulduzlardı, 
uzaq-yaxın kölgələrdi!
...adətən belə olurdu-
çör-çöp sonra sel gələrdi.

Söz əhliyik...söz demişkən,
deməyə söz çoxdu desəm.
Amma təzə xəbər bilmə,
təzə heç nə yoxdu desəm!

Bu şer mətndə hardadı?
...ülgü-ülgü, xıncı-xıncı!
...oxunanda birincidi,
yazılanda axırıncı.


Dərvişmisal...

Həzin-həzin həzzə hazırlaşırdıq,
dərvişmisal təğyir-libas olurduq.
Bizi xilas edən gözəllik idi...
Baxıb gözəlliyə xilas olurduq.

Qalırsan hüznün də hüsnünə heyran...
Kim onu görmürdü- xalis kor odu!
...bizi xilas edən gözəllik idi,
bizi xilas edən xilaskar odu!

Bizi xilas edən gözəllik idi...
Gözəllik...üstəgəl yenə gözəllik!
...yeyin-yüyrək bəxti elə böldülər,
mənə baxmaq düşdü sənə gözəllik!


Deyirlər göydən gəlmişik...

...qanamaq- qanadın ahı,
əsmək- rüzgarın qisası!
Bir yerdə hər şey həyatdı,
həyatdı hər şey...qısası!

Uzun-uzadı danışdım...
Uzunda da bir kəsə var!
...harda təklik azalmırsa
orda çoxluqdan nəsə var!

Mən də belə düşünürəm...
Deməsəm kəm qalmış olar!
Deyirlər, göydən gəlmişik...
Görəsən, kim qalmış olar?

Çiçəklər necə haqlıydı...

Dönmədim həqiqət yolçuluğundan...
Yolçu yolda gərək, yolunda gərək.
...sərkərdə çiçəklər necə haqlıydı;
qızıldan qolbağı qolunda gərək!

Araz qırağının qırışlarıyla
alnından Ay doğsa aylı yollarla...
...dönmədim həqiqət yolçuluğundan,
nə işim nabələd ayrı yollarla!

Çox sındım...minvalla sınıq körpüyəm!
Çox dedim: keçməyə qəhətdi yollar?
Nə işim nabələd əyri yollarla...
Düzünə...sürgünə rahatdı yollar!

Ehtiyacım bitməz yolum bitməsə...
...qızıl ha satmıram sələmlə- yetə!
...dönmədim həqiqət yolçuluğundan!
Məni yolda görsən salamla...yetər!

Paşa Talıblı


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az