Ekspert: “Bu, faktiki olaraq kredit adı altında oğurlanmış pullardır...”

Ekspert: “Bu, faktiki olaraq kredit adı altında oğurlanmış pullardır...”

2019-cu ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə prezident İlham Əliyevin toxunduğu məsələlərdən biri də bank kreditləri oldu. 

Ölkə başçısı istehlak kreditlərinin yenə üstünlük təşkil etməsindən narahatlıq ifadə etməklə yanaşı, bir sıra başqa məqamlar haqda da danışdı: 
"Banklara 2 milyard manat resurs verilib və yenə də kreditləşmədə istehlak kreditləri üstünlük təşkil edir. Bu da çox təhlükəli tendensiya ola bilər. Ona görə biz elə etməliyik ki, bank sektoru daha çox real sektoru dəstəkləsin. Ona görə biznes kreditlərinin verilməsində baxın, hansı mexanizm olmalıdır ki, banklar da bunda maraqlı olsunlar. Həm də ki, Mərkəzi Bank da buna nəzarət etsin. Yoxsa, biz bunu başlı-başına buraxa bilmərik. Əlbəttə, bəzi banklar üçün istehlak kreditləri daha da asandır, daha əlverişlidir. Ancaq ölkə iqtisadiyyatı üçün biznes kreditləri üstünlük təşkil edir. Ona görə İqtisadiyyat Nazirliyi ilə birlikdə bu məsələləri müzakirə edin. İndi İqtisadiyyat Nazirliyinin, Sahibkarlara Kömək Fondunun xətti ilə təqribən 170 milyon manat güzəştli kreditlər nəzərdə tutulur. Uçot dərəcəsi düşdükdə artıq özəl banklar tərəfindən verilən kreditlərin də faiz dərəcəsi güzəştli kreditlərin səviyyəsinə yaxınlaşacaqdır. Ona görə burada uzlaşma olmalıdır. Bank sektoru böyük bir alətdir, yəni iqtisadiyyatın real sektoruna dəstək verməlidir. Bank sektorundan heç bir sürpriz olmamalıdır. Bu il onların fəaliyyətinə, kreditlərin verilməsinə çox güclü nəzarət olmalıdır. O cümlədən şübhəli kreditlərin verilməsi ilə bağlı mexanizm olmalıdır ki, biz artıq hadisə baş verəndən sonra yox, bəri başdan bunun qarşısını ala bilək. Bank sektorunun məsuliyyəti də artıbdır, çünki biz bütün əmanətlərin sığortalanmasını davam etdirmişik. Bu da dünya miqyasında nadir hadisələrdən biridir. Biz bunu bir neçə il bundan əvvəl ona görə etdik ki, etimadı artıraq. Hazırda bank sektoruna etimad hesab edirəm ki, yüksək səviyyədədir. Manatın məzənnəsi 3 ildən çoxdur ki, sabitdir, iqtisadiyyat möhkəmlənir, tədiyə balansının saldosu 6 milyard dollardır. Yəni, heç bir təhlükə yoxdur. Ona görə əmanətlərin dövlət tərəfindən tam sığortalanması çox böyük addımdır və bu, bank sektorunun məsuliyyətini artırır. Nəzarət elə olmalıdır ki, sürpriz olmasın və Mərkəzi Banka verilmiş yeni səlahiyyətlər hesab edirəm ki, bu məsələnin həllinə köməklik göstərə bilər”.

Qeyd edək ki, ölkə başçısı bundan əvvəl keçirdiyi iqtisadi müşavirədə də banklar və problemli kreditlər haqda, istehlak kreditlərinin çoxalması ilə bağlı tənqidi fikirlər səsləndirmişdi. Həmin müşavirədə bir sıra tapşırıqlar verilsə də, ötən dövr ərzində hələ ki, hansısa mühüm tədbirlərin görülməsi müşahidə olunmadı. Düzdür, Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildi və səlahiyyətləri Mərkəzi Banka verildi. Bu baxımdan müəyyən bir müddət təhvil-təslim işlərinin getdiyini nəzərə alsaq, Mərkəzi Bankın sahə ilə bağlı hər hansı ciddi addımlar atmağa vaxtının çox olmadığını deyə bilərik. Lakin bank sektoru ölkə iqtisadiyyatının şah damarı hesab edilir və bu sektorda ciddi problemlərin olması təbii ki, yolverilməzdir. Bu baxımdan, ölkə başçısının çıxışında əksini tapan narazılıqları haqlı saymaq lazımdır. Bəs çıxış yolları nələrdir?

"Mən illərdir problemli kreditlər haqqında danışanda deyirəm ki, bu kreditlərin əksəriyyəti süni problemli kreditlərdir”. Bunu məsələni Qaynarinfo-ya şərh edərkən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib:


"Yəni bank sahiblərinin və bank rəhbərlərinin öz şirkətlərinə, tanışlarına və ya rüşvət müqabilində verilən, qısa desək getsin-gəlməsin prinsipi ilə verilən kreditlərdir. Banklar ağlayanda ki, problemli kreditlərimiz çoxdur, bunlar adi insanlara və sahibkarlara verilən kreditlər deyil, faktiki olaraq kredit adı altında oğurlanmış pullardır. Müflisləşmiş bankların sənədlərinə baxanda da bu aydın görünür. Ümumən kredit portfelinin 57 faizi girovsuz verilib. Bu, adi kreditlər deyil, ən azı 1 milyondan başlayır. 3 milyon, 5 milyon, hətta 15 milyonluq kredit verilib girovsuz-filansız. Aydındır ki, bu, oğurlanan pullardır. Hesab edirəm ki, dövlət başçısı da məhz belə kreditləri nəzərdə tutur. Çünki faktiki bank sistemimizi çökdürən həmin kreditlərdir”. 

Bu, vaxtilə niyə baş vermişdi və nə etmək olar ki, bunun qarşısı alınsın? Nələrə nəzarət etmək lazımdır? 

Eksertin sözlərinə görə, nəzarət tədbirləri qanunvericilikdə nəzərdə tutulur: 

"Bank nəzarəti ümumiyyətlə niyə lazımdır? Niyə iqtisadiyyatın digər sahələrində belə nəzarət yoxdur? Ona görə ki, banklar öz pulları ilə yox, başqalarından cəlb etdikləri pullarla risk edirlər, kredit verirlər. O pulları mənimsəmək istəyi banklarda güclüdür. "Banklar haqqında” qanunda nəzarət etmək bank nəzarəti orqanının birbaşa vəzifəsidir. Əvvəllər bu səlahiyyət Mərkəzi Bankda idi, sonra keçdi Maliyyə Bazarlarına Nəzarət Palatasına, indi yenə qayıdıb Mərkəzi Banka. Mərkəzi Bank qanunla işləsə, nəzarət edə bilər. Necə ki, başqa ölkələrdə belədir. Sadəcə, indi sual doğuran odur ki, bizim Mərkəzi Bank bunu edə biləcək ya yox? Mən hesab edirəm ki, bankın mövcud rəhbərliyi bunu edə bilməyəcək. Edə bilən idisə, vaxtında edərdi. Elman Rüstəmov 1995-ci ildən Mərkəzi Bankın rəhbəridir, bu, 25 il deməkdir. O, nəzarət sistemini bu illər ərzində qura bilməyibsə, problemlər elə onun dövründə başlayıbsa, bank sistemi dağılıbsa, təbii ki, o və onun komandası bunu edə bilməyəcək. Amma necə ki, bu gün iqtisadi sahənin digər nazirliklərinə, qurumlarına gənc, müasir düşüncəli kadrlar gətirilir və sistemi dəyişir, eləcə də Mərkəzi Banka yeni rəhbər lazımdır. Əgər qurumun rəhbəri dəyişsə, bu prosesə nəzarət sistemini qurmaq olar”.

Miq.Az 




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az