Elinadan ZƏİF cəmiyyət-Teymur ZAHİDOĞLU gözüqıpıq cəmiyyətdən min dəfə güclü Elinadan YAZIR...

Elinadan ZƏİF cəmiyyət-Teymur ZAHİDOĞLU gözüqıpıq cəmiyyətdən min dəfə güclü Elinadan YAZIR...

Elina... Bu adı biz yalnız və yalnız sıraya düzdüyümüz sətirlərin qəhramanı edə bildik. Əslində isə, Elina dövrümüzün qəhrəmanıdır... 
Elina özünün və özü kimi yeni düşüncəyə malik olanların hamısının əvəzindən bu cəmiyyətin çirkinliklərinə üsyan etdi...  intihar etdi.. 
Elina Təhsil Sistemindəki iyrənciliklərə, şərəfsizliklərə, əclaflıqlara milyonlarla başqa məktəbli kimi boyun əyməkdən imtina etdi... intihar etdi... 
Elina qarşılıqlı insan sevgisi, ehtiramı, hörməti qalmayan bu cəmiyyətin yaşam tərzinə tüpürməkdən imtina etmədi... intihar etdi... 
Elina onu sevməyən, sevməyi bacarmayan pedaqoqların, müəllimlərin müəllim şərəfini daşımadığına uyğunlaşıb oxumaqdan imtina etdi... intihar etdi... 
Elina balaca bir məktəbdə, hələ cəmiyyətin bütün çirkinliklərinə tam bulaşmayan, hələ məsum hesab edilənlərin olduğu bir məkanda insan balasının bir-birinə canavar kimi baxdığını dərk edincə, o məkanda qalmaqdan imtina etdi... intihar etdi... 
Elina bu cəmiyyətə anlatdı ki, hamının balası Elina kimi tapdanır... küncə sıxışdırılır... ayaqlanır... Amma o, hamıdan fərqli olaraq, tapdalanmaqdan, əzilməkdən imtina etdi... intihar etdi... 
Elina köhnənin qalıqlarına, düşüncələri pas atmış pedaqoqlara anlatdı ki, onların heç kimə gərək olmayan düşüncələrini yeni nəsilə yedirtmək, həzm etdirmək bundan sonra heç də asan olmayacaq... 
Elina Təhsil Nazirliyinin gözünə dik baxıb isbat elədi ki, bu qurum daha heç kimə gərək deyil bu halıyla... 
Elina İcra Hakimiyyətlərinə isbat elədi ki, onlar insanları mütiləşdirə bilərlər. Amma hamını yox... 
Elina bu cəmiyyətə isbat elədi ki, tapdana-tapdana yaşamaqdansa, azad olmaq üçün ölümü seçənlər belə,  həm də tapdananların özləri tərəfindən hörmətlə anılır...
Elina valideynlərə isbat elədi ki, onların övladları oxuyan məktəblərdə daha məktəblik qalmayıb... 
Elina həmyaşıdlarına isbat elədi ki, heç onları da sevmir müəllimləri... 
Elina müəllimlərə isbat elədi ki, onlar sevməyi bacarmırlar, şagirdlərini sevməyi bacarmayan müəllimlə Təpəgözün fərqi yoxdur... 
Elina məmur cildindəki "Təpəgöz"lərə isbat elədi ki, onlar həmişə istədikləri adamları yeyə bilməyəcəklər... 
Elina "təpəgözlərin" yemək istədiyi adamlara isbat elədi ki, ölüm qorxulu deyil... 
Elina ölümü tək seçməklə isbat elədi ki, hamınız azadlığınız üçün, ruhunuzu, mənliyinizi məngənələrdən xilas etmək üçün ölümü seçsəniz, amma intihar yox, vuruşub ölmək yolunu seçsəniz, bu gün əlinizi-qolunuzu buxovlayan ədalətsizlikləri, mənliyinizi əsir alan şərəfsizlikləri, sizi kölə yapan şərəfsizləri, haqqınızı özünüzdən əvvəl yeyən "təpəgözləri" yenəcəksiniz... məhv edəcəksiniz... xilas edəcəksiniz özünüzü də... övladlarınızı da... 
Elina öz aləmində Janna D'Ark idi... 
Elina öz əxlaqında Spartak idi... 
Elina öz ruhunda Babək idi...
Elina öz düşüncəsində Çe Gevara idi... 
Elina öz mənliyində Elina idi... 
Bu gözüqıpıq cəmiyyətdən min dəfə güclü Elina... 
Elina bu cəmiyyətə güzgü tutmaqda hamıdan qat qat üstün oldu. 
Elina sübut elədi ki,  bu cəmiyyətin təhsil ocaqları manqurtlaşdırılır...
Elina sübut elədi ki, bu cəmiyyətin müəllimi canavarlaşdırılır...
Elina sübut elədi ki, bu cəmiyyətin məmuru harındır, qaniçəndir... 
Elina sübut elədi ki, bu cəmiyyətin həkimi acgödəndir... 
Elina sübut elədi ki, bu cəmiyyətin asayiş qoruyanı qorxaqdır... 
Elina sübut elədi ki, bu cəmiyyətin ədalət carçısı pulgirdir... 
Elina sübut elədi ki, bu cəmiyyətin qanun keşikçisi tərəfkeşdir... 
Elina sübut elədi ki, bu cəmiyyətin çox sahəsi mafiyalaşıb... 
Elina sübut elədi ki, bu cəmiyyətin heç bir üzvünü heç kim qorumaq istəmir... 
Elina sübut elədi ki, bu cəmiyyətin uşaqları xoşbəxt deyil...
Elina sübut elədi ki, bu cəmiyyətin analarının göz yaşı başqa anaların ürəyini dağlamır...
Elina sübut elədi ki, bu cəmiyyətin ataları hamısı təkdir, heç kim heç kimin dərdinin ağırlığına çiyin yetirmir... 
Elina sübut elədi ki, bu cəmiyyətin hamısını tapdannmaq, sındırılmaq, haqqı yeyilmək, əzilmək gözləyir... 
Elina sübut elədi ki, bizim sabahımız yoxdur. Çünki biz öz sabahımızı sabahlara açılan pəncərələrdən atılıb intihar etməyə vadar edirik...

Teymur ZAHİDOĞLU
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az