Əliyevin Münhendə Paşinyana müharibə mesajı... - General

Əliyevin Münhendə Paşinyana müharibə mesajı... - General

Siyasi gündəmin prioritet mövzusu fevralın 15-i Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən debatdır. Bu müzakirələr tam olaraq Azərbaycan Prezidentinin açıq üstünlüyü ilə baş tutdu.

N.Paşinyanın debat zamanı tarixi faktları təhrif etməsi, ingilis dilində normal danışa bilməməsi, həmçinin əsassız siyasi təhlili onu çıxılmaz və gülünc vəziyyətə saldı. Bunu beynəlxalq qurumların təmsilçiləri ilə yanaşı, Ermənistanın tarixçi və jurnalistləri də etiraf edirlər.

Hazırda Azərbaycan cəmiyyəti Münhen debatını geniş müzakirə edir. Bəs debat Azərbaycan Ordusunun əsgər və zabitləri arasında necə qarşılanıb?

Miq.Az xəbər verir ki, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Report-a açıqlamasında Münhen debatını yüksək qiymətləndirib:

"Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində xeyli sayda görüşlər keçirdi. Dövlət başçısı eyni zamanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı debatda çox yüksək səviyyədə çıxış etdi. Doğrusu, əvvəldən bilirdim ki, Ermənistanın baş naziri Nikol Paşinyan çıxışlarında suallara faktiki cavab verə bilməyəcək. İşğalçı ölkə ordusunun acınacaqlı durumu, təminatının və təchizatının çox aşağı səviyyədə olması Paşinyana imkan vermir ki, iradəli və əsaslı çıxış etsin.

Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov:

"İşğalçı ölkə ordusunun acınacaqlı durumu, təminatının və təchizatının çox aşağı səviyyədə olması Paşinyana imkan vermir ki, iradəli və əsaslı çıxış etsin".

Hər birimiz fəxrlə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına qulaq asdıq, debatın tərcüməsini oxuduq. İlham Əliyevin qətiyyətli danışığı, sözsüz ki, düşmənə müharibə mesajını verirdi”.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov açıqlamasında debatın işğal olunmuş torpaqların bir daha kimə aid olduğunu sübuta yetirdiyini deyib: "Beynəlxalq qurumların, siyasi ekspertlərin, tarixçilərin iştirak etdiyi debatda Azərbaycan Prezidentinin çıxışı ilk növbədə onun yüksək insani dəyərlərə malik olduğunu göstərdi. Cənab prezident çox dəqiq, tarixi faktlarla Paşinyana göstərdi ki, bu torpaqlar Azərbaycanındır və nəyin bahasına olursa olsun, gec-tez ərazi bütövlüyümüzü bərpa edəcəyik.

Prezident həm tarixə nəzər salaraq, həm də beynəlxalq qurumların qətnamələrini əsas gətirərək bir daha göstərdi ki, Ermənistan işğalçıdır.

Prezident İlham Əliyev peşəkar siyasətçi və təcrübəli dövlət başçısı kimi qarşı tərəfin – Nikol Paşinyanın üzərində böyük üstünlük qazandı. Paşinyan bütün debat boyu siyasi cəhətdən savadsız bəhanələr gətirirdi, fikirlərini əsaslandıra bilmirdi. Buna cəhd edəndə də hansısa uydurma məlumatlara istinad edərək populist çıxış edirdi”.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov:

"Azərbaycan əsgərinin, zabitinin ruh yüksəkliyinə səbəb olan bundan böyük başqa bir faktor yoxdur".

Ehtiyatda olan polkovnik bildirib ki, Münhen debatı nəticəsində beynəlxalq qurumlar tərəflər arasındakı fərqi və kimin haqlı olduğunu görə bildi.

Onun fikrincə, Prezident çıxışı ilə Azərbaycanın mövqeyini ortaya qoymaqla yanaşı, Silahlı Qüvvələrin Ali Baş Komandanı olaraq bütün orduya əmr də verdi: "Bu əmr ondan ibarətdir ki, ordu hər vaxt torpaqlarımızı azad etməyə hazır olmalıdır!

Dialoqun nəticəsi onu göstərdi ki, Silahlı Qüvvələrimizdə xidmət edən heyət, əsgərdən tutmuş birinci şəxsə kimi bir söz deyir: Biz əmr gözləyirik! Azərbaycan Silahlı Qüvvələri torpaqları işğalçılardan azad etmək üçün hər an əmr ala bilər.

Mənə elə gəlir ki, Azərbaycan əsgərinin, zabitinin ruh yüksəkliyinə səbəb olan bundan böyük başqa bir faktor yoxdur.

Ali Baş Komandan bəyan etdi ki, biz öz torpaqlarımızı azad edəcəyik. Azərbaycan Ordusu da hər vaxt döyüşə hazır olması, öz fəaliyyəti nəticələri, beynəlxalq səviyyədə keçirilən hərbi yarışlarda iştirakı və təlimlərlə döyüşə hazır olduğunu təsdiqləyir”.

Miq.Az














İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az