"Elmar Vəliyevi güllədən əvvəl qızdırma vurmuşdu"-Şahin Nəcəfov yazır

Şahin Nəcəfov


"Dövlətin gücü ədalətindədir. Dövlət ədalətli olmalıdır ki,  insanlar qəzəbinə, yox dövlətin ədalətinə sığınsınlar."

Rəhmətlik Dədəm deyərdi ki, "Pul, vəzifə yaxşıdır, amma qızdırması olmaya". Elmar Vəliyevi güllədən əvvəl qızdırma vurmuşdu. Vəzifəli şəxsin hökmü olar, hikkəsi olmaz. Özünü bilən kişiyə pul, vəzifə-şöhrət, hörmət, rəhmət gətirər. 

Real TV-nin bildirdiyinə görə Elmar Vəliyev açıqlama verib ki, "heç kim narahat olmasın, salamatçılıqdır". Rəhmətliyin oğlu, hələ də anlamır ki, camaat onun sağ qalmağından narahatdır. Rəhbər işçi üçün də ən böyük faciə budur.

Dünyada ən alçaq sifət və Allah qatında ən böyük günah dövlətin sənə verdiyi gücdən istifadə edib başqalarının həyatını cəhənnəmə çevirməkdir. Etməyin. Analoqu olmayan yol, körpü, bayraq dirəyi tikmək 21-ci əsr vətəndaş cəmiyyəti üçün böyük hadisə deyil. Ona qalsa Misir Fironlarının neçə min il əvvəl tikdirdikləri piramidaların bu gündə analoqu yoxdur. Amma bu gün hər kəs bilir ki bu abidə Quldarlıq dövrünə aiddir və 100 minlərlə qulun faciəsi hesabına inşa edilib.

Dövlətin təməli zorbalıq yox, ədalət olmalıdır. Şeyx Ədabalı Osman Qaziyə nəsihətində deyirdi ki "İnsanı yaşadın ki, dövlət yaşasın"

 Ən yaramaz cəmiyyət odur ki, ləyaqətlə, kişi kimi yaşamaq üçün səndən xüsusi qəhrəmanlıq tələb olunsun. Hər kəs qəhrəman olmağa borclu deyil. Amma hər kəsin ləyaqətlə yaşamaq haqqı var. Dövlət də bunun üçündür. Dövlətin ən birinci vəzifəsi odur ki, hər bir vətəndaşa ləyaqətli yaşamaq imkanı yaratsın. Heç bir hadisəyə görə məsuliyyəti olmayıb səlahiyyəti çox çox böyük olan bu qədər səlahiyyət sahibinin at oynatdığı məmləkətdə ləyaqətlə yaşamaq şansı nə qədərdir ki ?

Bu ölkədə bilən varmı ki, ümumiyyətlə bu icra başçılarının vəzifəsi və səlahiyyətinin sərhədi hara qədərdi? Zavodu yox, fabriki yox, kolxozu yox, sovxozu yox. Allah eşqinə 75 rayon- 75 icra başçısı bu millətə lazımdırmı? Hökümət fəxrlə deyir ki, regionların sosial -iqtisadi inkişafına 74 milyarda yaxın vəsait xərclənib. Amma hökümət nə dərddir ki, regionların büdcədə yeri 4 faizdən yuxarı qalxmır. Əhalinin 4 milyona yaxını Bakı, Abşeron, Sumqayıtda cəmləşib. Regionlar günü gündən boşalır. Artıq fərd olaraq yox ey kəndlərin tami Rusiya və digər qonşu ölkələrə köç edir. İş adamları regionlarda heç bir iş görmək istəmir. Bunun bircə səbəbi var. Rayon icra başçıları regionun inkişafına imkan vermir. Rayon icra başçılarını idarə etdikləri rayona mənəvi olaraq heçnə bağlamır. İşlədikləri rayonun nə ağsaqqalını sayırlar, nə o rayonun yetişdirdiyi ziyalısına hörmət edirlər. 

Bir neçə gün bundan əvvəl Yardımlının icra başcısı Azərbaycanın böyük ziyalısı, xalq şairi Sabir Rüstəmxanlını öz təhsil aldığı məktəbdə görüşünə imkan vermədiyi, nə boyda hörmətsizlik çıxardığını yəqin ki  Prezident  aparatında da hər kəs bildi. Nəticəsi nə oldu? Halbuki Yardımlı rayon icra başçısı Sabir Rüstəmxanlını rayonun girəcəyində qarşılamağı özünə şərəf bilməliydi. Belə olan halda siz fikirləşin ki, sadə insanlar və ya əyalət səviyyəli ziyalılar bu qəsbkar icra başçıları üçün kim olurlar? Hüdudsuz səlahiyyətdən, analoqsuz yaltaqların  mədhiyələrindən və limitsiz korrupsiyadan  bu kiçik padşahlar inanın ki artıq  insan mənşəli olduğunu unudublar. Bunlara desən ki, vallah sizi də bir ana doğub bir kişi əkib, sizinlə biz bir adamıq, eyni millətik, ikimizdə insanıq, bəlkə də bunu özlərinə təhqir kimi qəbul edərlər. Bunlara elə gəlir ki,  bunlar UNO planetidirlər, səmavi mənşəlidirlər, göydən zənbildə düşüblər .

Rəhmətlik Dədəm deyərdi ki, o şəxsdən ehtiyyatlı ol ki, "nə utanacaq sifəti var, nə də qorxacaq yeri "qırxbaşlı əjdaha kimi yolunu kəsən bu harın məmurlarla bədbəxt millət necə baş edə bilər? Bir məmurda ki . nə həya var, nə ədəb var, nə tərbiyə. Nə Dövlətdən qorxur, nə də Allahdan. Zatən ayağının altına daş qoyan dövlətdir, Allah da başına daş salmır. Yazıq millət, bədbəxt millət .

Rayon icra hakimiyyətlərinin rayondakı səlahiyyəti bəlkə də İlham Əliyevin ölkədəki səlahiyyətindən çoxdur ki, az deyil . Bir faciə yüz nəsihəti əvəz edər deyiblər atalarımız. Gəlin ümid edək ki, Prezidentin hər müşavirədə səsləndirdiyi "sonuncu xəbərdarlıqlarından " dərs alamayan bir çox yolunu azmış vəzifə sahibləri Gəncə hadisəsindən hər halda bir nəticə çıxaracaqlar.

 Allah Elmar Vəliyevə can sağlıgı versin. Versin ki, xəstəxanada  boş vaxtları olanda düşünsün ki, Gəncədə neçə adamın evini yixib, neçə insanların mülkünü viran edib, hikkəsi səbəbinə neçə adamın ürəyi dayanıb, neçə insanın yurdundan, yuvasından didərgin düşməsinə səbəb olub? Neçə insanı təhqir edib, qürurunu sındırıb. Və sonda düşünün kimiydin? Kim oldun? Nə olacaqsan ?

Bu hadisəyə görə nə sevinməyə ehtiyac var, nə də fitnə cıxarmağa ehtiyac. Dövlətimiz, cəmiyyətimiz və məmurlarımız bu hadisəni bir xəbərdarlıq zəngi kimi qəbul etməlidir. Səlahiyyətin də bir sərhədi olduğu kimi məzlumluğun və səbrin də bir sərhədi var. Dövlətin gücü ədalətindədir. Dövlət ədalətli olmalıdır ki, insanlar qəzəbinə yox dövlətin ədalətinə sığınsınlar .

 Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az