Ərdoğan öləndən sonra - Etiraf edəcəklər ki...

Ərdoğan öləndən sonra - Etiraf edəcəklər ki...
 Nazir Əhmədli
 
"Hərbçilərin kefi qalxanda, hökumətləri devirib baş nazirləri asırdılar"

XX əsrin 30-cu illəri Avropada və bütün dünyada diktatura rejimlərinin yarandığı və sürətlə yayıldığı dövr idi. Faşizm həmin diktatura rejiminin bir forması olaraq əvvəlcə İtaliyada, sonra Almaniyada, İspaniyada hakimiyyət sükanını əlində topladı. Türkiyədə faşizm olmasa da, orada da qatı diktatura var idi-heç bir müxalif fikrə yer yox idi, təkpartiyalı sistem idi, mətbuat azadlığı yox idi. Atatürk demokratiya görüntüsü yaratmaq üçün öz yaxın adamlarına tapşırıq verdi ki, bir partiya yaratsınlar. Qısa bir müddətdə bu partiyanın hədsiz gücləndiyini gördükdə onu qapatdı və bir daha ölənəcən belə iş tutmadı. Türkiyəni sovetləşdirmək xülyasında olan yerli kommunistləri başda partiyanın sədri Mustafa Sübhü olmaqla bir gəmiyə yığıb dənizdə batırdı və s. Bütün bunlara baxmayaraq, Böyük Britaniyanın Baş naziri Atatürkün ölümündən sonra onun Türkiyə üçün etdiklərini etiraf edərək dedi: "Tarixdə nadir olaraq dahi şəxsiyyətlər yetişir. Çox təəssüf ki, XX əsrdə həmin nadir şəxsiyyət türklərə qismət oldu"

Çox təəssüf ki, XXI əsrin arxada qoyduğumuz 17 ili də Avropada irqçiliyin, faşizmin baş qaldırdığı, milyon nəfərlərlə ölçülən insan köçləri, dağıntılar və s. ilə yadda qalacaq, amma 1 əsr əvvəlkindən daha iri miqyasda.

İndi Türkiyədə çoxpartiyalı sistem var, seçkilər azad və ədalətli keçirilir, hətta dəfələrlə məğlub olan CHP də seçkinin nəticələrini şübhə altına ala bilmir. Ölkədə 500 dən artıq TV, 2 mindən artıq qəzet var, CHP-nin öz kanalı, MHP-nin öz kanalı, xeyli dəstəkçi qəzetləri var. Əvvəl yalnız insan hüququ deyəndə qadınların mini yubka geyməsi, siqaret çəkməsi, qumarxanaların mövcudluğu, aşkar fəaliyyət göstərən fahişəxanaların olmasını nəzərdə tuturdularsa, Ərdoğanın islahatları ilə qadınların türban yasağı qaldırıldı. Hərçənd mən də ö cür görüntüləri bəyənməsəm də hesab edirəm ki, əgər insan hüququndan danışırıqsa, onların da bu cür hüququnu tanımalıyıq.

İlk dəfə Ərdoğan ölkədəki kürd varlığını siyasi cəhətdən tanıdı, öz dilində danışmaq və kürd kimliyinin inkarı, qadağasını götürdü. Tez-tez tətbiq edilən partiya bağlamaq praktikasını aradan götürdü və s.

Əvvəllər hər 10 ildən bir, hərbçilərin kefi qalxanda, hökumətləri devirib Baş nazirləri asırdılar, xalq iradəsinin nəticəsi olan iqtidarları düşürüb xalq iradəsinə və indiyə kimi Atatürkdən həvəslə gətirilən sitata "Əgəmənlik qeydsiz-şərtsiz millətindir" şüarına tüpürürdülər və diktator sayılmırdılar. "Əsgəri vəsayət" deyilən bu halı çox çətinliklə aradan qaldıran Ərdoğan Qərb dünyası, CHP və onun dostu HDP, hətta Azərbaycanın bəzi alimi-biəməlləri tərəfindən diktator elan edilib. Halbuki, o öz Prezidentlik dövründə səlahiyyətlərini aşmayıb, Türkiyə Konstitusiyasına uyğun şəkildə Bakanlar Kurulunu toplayır və çiynini yenə daşın altına verir. Halbuki, A.Gül də daxil olmaqla, Türkiyə prezidentləri bu vəzifədə ancaq istirahət edir və vaxtlarını öldürmək üçün müxtəlif əyləncələr fikirləşib tapırdılar, məsələn A.Gül xanımını da yanına götürüb Afrikaya turneyə çıxmış və şir şəkilləri çəkməklə məşğul idi.
Ərdoğanın Türkiyə iqtisadiyyatını, ölkənin infrastrukturunu haralardan haralara gətirdiyini sadalasaq çox yazmalıyıq.

Bir sözlə, mən əminəm ki, indi Ərdoğanı diktator adlandıran Qərb dövlətlərinin başçılarından hansısa Ərdoğan öləndən və ya hakimiyyətdən gedəndən sonra etiraf edib deyəcək: "Çox təəssüf ki, XXI əsrin dahisi də Türk Millətinin payına düşdü."

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az