Erməni əsgər öldü, yaralılar vardı axı... – Nə baş verir?

Erməni əsgər öldü, yaralılar vardı axı... – Nə baş verir?

Ötən gün erməni mediası və Müdafiə Nazirliyinin bir-birini təkzib edən açıqlaması barədə qeyd etmişdik.

Miq.Az xəbər verir ki, erməni Teleqram kanalları ötən gün 17:00-dan başlayaraq, sərhəddə bir əsgərin Azərbaycan Ordusunun açdığı atəş nəticəsində yaralandığı haqda məlumat yaymışdı. Ermənistan MN 18:24-də bu xəbəri təkzib etdi, atışma olmadığını bildirdi, 18:49-da isə fikrini dəyişdi, bildirdi ki, atışma var; 20:53-də isə atışma nəticəsində bir əsgərin öldüyünü bildirməklə bərabər, sərhəddə 18:10-dan 19:30-a qədər atışma olduğu haqda rəsmi məlumat tirajladı.

Ziddiyyət göz qabağındadır: 18:10-da atışma başlayıbsa, 18:24-də niyə təkzib edilirdi? Digər tərəfdən, 18:10-da atışma olubsa, erməni Teleqram kanalları 17:00-dan sonra sərhəddə yaralı olduğunu niyə yazırdılar?

Bu ziddiyyətləri artıran digər məqam atışma nəticəsində bir erməni hərbçinin öldüyü, çoxsaylı yaralı olduğu barədə Şişqaya kənd icmasının rəhbərinin erməni mediasına açıqlamasıdır. Maraqlıdır ki, bu məlumat da təkzib edilmədi.

Erməni mediası ötən gün axşam saatlarından mövzunu "bağladı”. Niyə? Əgər Azərbaycan Ordusunun açdığı atəş nəticəsində bir erməni hərbçi ölür, bir neçəsi yaralanırsa, ənənəvi olaraq Ermənistanın ombudsmanından tutmuş deputatlarına, siyasi-ictimai şəxslərinə qədər bu gün böyük kampaniya aparılacaqdı, həmçinin erməni parlament müxalifəti də bundan sui-istifadə edəcəkdi; erməni mediası ölənin şəklini yayıb, yas tutacaqdı...

Heç bir səs-soraq yoxdur, sanki bu hadisə olmayıb. Bu isə bir daha təsdiqləyir ki, Ermənistan əsgərləri postda bir-birinə qarşı silah işlədiblər və bu fakt bəlli olduqdan sonra məsələnin üzərindən sükutla keçməyi lazım biliblər.

Son günlər vaxtaşırı olaraq erməni hərbçiləri arasında bu cür qarşıdurmalar yaşanır. Cəmi 3 gün öncə, 20 noyabrda da sözügedən ərazidə, Göyçədə Gevorq Avetyan güllə yarasından ölmüşdü. Ermənistan Müdafiə Nazirliyi isə bunu "silahla ehtiyatsız davranma” kimi qələmə vermişdi.

Ötən gün onun qardaşı Qurgen Avetyan mediaya müsahibə verərək, qardaşının ölümü ilə bağlı Ermənistan MN-nin yalan məlumat yaydığını bildirdi. O dedi ki, 29 yaşlı qardaşı çox ağır şəkildə döyüldükdən sonra ac-susuz saxlanılıb. Meyitə baxış zamanı isə onun ürəyinə bir, qarnına 2 güllə vurulduğu, bədəninin müxtəlif hissələrinin isə döyülməkdən qançır olduğu aşkarlanmışdı.

Azərbaycanla sərhəddə yerləşən bu hərbi birlikdə 2 gün sonra baş verənlər isə təsdiqləyir ki, erməni əsgərlər arasında silahlı insident davam edir.(axar.az)

Miq.Az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az