Erməni “qırlaya-qırlaya" gəlir...

Erməni “qırlaya-qırlaya

Qondarma Dağlıq Qarabağ rejiminin mətbuat katibi David Babayan mətbuata müsahibə verib. 

Müsahibənin çox hissəsi İran – ABŞ arasında gərginliyə həsr olunub. Müxbirin sualını cavablandıran Babayan: ”Bəli, İran bizə qardaş ölkədir, bizi bir-birimizə həm əsrlər boyu əlaqələrimiz, həm də  böyük erməni icmasının mövcudluğu bağlayır, eyni zamanda regional sabitliyin qorunmasında İranın rolu böyükdür”. 

David Babayanın söylədikləri tam bir həqiqətdir və etiraz etmək fikrində deyilik. Amma, müsahibədə başqa məqam diqqətimizi çəkib. Jurnalistin Babayana verdiyi sual da, cavab da bizim üçün sıradan bir məsələ olmamalıdır. Müxbir: " bir-birini əvəz edən Artsax hakimiyyəti nə üçün İran ilə həmsərhəd olan Arazboyu ərazilərdə məskunlaşmanı daha sıx şəkildə aparmayıb, bu həm Ermənistanın, həm də dost İranın təhlükəsizliyi üçün vacib geosiyasi amilə çevrilə bilər”. 

Göründüyü kimi ermənilərin işğal yerlərində məskunlaşması bizim siyasətin marağında olmasa da, ermənilər məskunlaşmanın sürətindən narazıdırlar və səlahiyyətli şəxsləri sual atəşinə tutub cəmiyyət üçün cavab istəyirlər ki, niyə Arazboyu məskunlaşma ləng aparılır. Hələ indiyədək bir jurnalistimiz ölkənin səlahiyyətli şəxslərinə sual ünvanlamayıb ki, Azərbaycan niyə məskunlaşmanın qarşısını ala bilmir? Daha doğrusu səlahiyyətlilər heç vaxt imkan yaratmayıblar ki, hətta tam və qismən nəzarət altında olan media mənsubları belə bu sualla müraciət edə bilsinlər. Bunun bir səbəbi var: Azərbaycan Qarabağ münaqişəsi ilə aparılan danışıqlarda bu məsələni heç vaxt qabartmayıb, Azərbaycanın Qarabağ siyasəti bütövlükdə necə uğursuzdursa, məskunlaşma ilə bağlı problem də bu siyasətin tərkib hissəsi olaraq uğursuzdur, rəsmiləri maraqlandırmayıb, maraqlandırası da deyil! 26 ildir belədir, belə də davam edir. Məskunlaşma ilə bağlı diplomatiyanın vasitəçi dövlətlərin nümayəndələri qarşısında heç bir təsiredici mexanizmi irəli sürə bilməməsi, Müdafiə nazirliyinin də məskunlaşma yerlərinə zərbə endirməməsi göstərir ki, Azərbaycan məskunlaşma ilə "astaca, elə-belə” razıdır. Təbii, o yerlərin əsl sahibi olan qarabağlılar razı deyil, amma kimdi onların səsini eşidən və ya vecinə alan. Həm də bu səs o qədər zəifdir ki, sükuta bərabər sayıla bilər. Sükutu isə razılıq əlaməti hesab edən başbilənlər üçün bu bir rahatlıqdır, həm də bu reallıqdır, buna qarşı əks mövqe qoymaq istəyən rəsmilər çıxsın qabağa, desin ki, belə deyil.
 
Babayanın bu suala cavabı da tam həqiqəti əks etdirir və diqqət etsəniz bu işdə düşmən üçün yaranan problemin Azərbaycanla heç bir əlaqəsi olmadığını görərsiniz:

"Bu heç də doğru deyil, çünki Arazboyu  bəzi seqmentlər olduqca sıx məskunlaşdırılıb, bəzi yerlərdə isə ümumiyyətlə məskunlaşma aparılmayıb. Yığcam bir toplumun yaşadığı Mincivan şəhəri və ətraf kəndlər var. Qalanı sırf iqtisadi çətinliklərlə bağlıdır. Burada heç bir geosiyasi problem yoxdur, deyirlər, guya məskunlaşma qəsdən dayandırılır. Əksinə, son illərdə Arazboyunu məskunlaşdırmaq üçün  bir proqram hazırlanmış və həyata keçirilməkdədir. Bir yerdə uğurlu olur, bir yerdə yox. Düzdür, demoqrafiya mənasında hələ işləmək lazımdır, ancaq Araksavanda yaşayış məntəqələri və sair var. Vaxt lazımdır, ancaq resursları israf etməmək üçün həqiqətən hədəflər, təsdiqlənmiş proqramlar həyata keçirilməlidir. Yalnız Artsax təkbaşına  bu cür proqramları həyata keçirmək iqtidarında deyil”.
 
Gördüyünüz kimi erməni yeri gələndə problemdən danışıb, amma bu problemi onlara biz yaratmamışıq. Biz lal müşahidəçilərik. Düşmənin torpaqlarımızda qurub-yaratmağının Azərbaycan məmurunun heç birinin vecinə deyil. Azərbaycan siyasətçiləri ağzına su alıb oturub. Azərbaycanın yazıçısı, şairi ( bu adamlara heç cür ziyalı demək mümkün deyil), bütün yaradıcı heyəti üçün Qarabağdan danışmaq günah etmək kimi bir şey olub. Bütün dünyada ən azad zümrə sayıla biləcək bilim adamları-akademiklər isə Azərbaycanda ən gözəgörünməzlərə çevriliblər. Hələ gənclik. Qınamıram onları, hər biri imkan olan kimi ilk işinin bu ölkəni tərk edəcəyi olduğunu deyir. Bədbəxt millət, hara gedirsən bu yolla? Son, Qasım məsələsi də göstərdi ki, millətin az olmayan bir kəsiminin gözü ayrı yolda-sərhədlərdən o tərəfdədir və hər an göz dikdiyiniz və sürətlə məskunlaşdığınız Abşeronu satmağa hazırdırlar.  
Hazırda guya ölkədə siyasi proseslərin gur vaxtı hesab olunur-parlamentə təyinat, pardon, seçki prosesi başlayıb. Nədir bu namizədlərin şüarları? Qarabağmı? Namizədlərdən biri dedi ki, nə Qarabağ, camaat fərdi problemlərini həll etmək barədə sual verir, küçəyə asfalt çəkdirib-çəkdirməməyi soruşur. Ona görə də, hansı namizədi dindirirsən, küçəyə asfalt çəkdirmək vədlərindən danışırlar. Parlament asfalt zavod deyil, sizlər də oranın müdürü, cənab müstəqbəl parlamanlar. 

Asfalt dedim, yadıma Ermənistandan Qarabağa üçüncü magistral xəttin-asfaltın çəkilməsi düşdü. Necə deyərlər, erməni "qırlaya-qırlaya gəlir”, elə deyin onlara, vəd verdiyiniz küçələri də qırlasınlar.
 
İlham İsmayıl



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az